Havanın temperaturu qiymətlərə təsir etdi

havanin-temperaturu-qiymetlere-tesir-etdi
Oxunma sayı: 638

Soyuq hava şəraiti davam etdiyindən şaxta həyatın bütün sahələrinə təsirini göstərməkdədir. Bəziləri hava şəraitindən sui-istifadə edərək, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətini süni şəkildə bahalaşdırmağa çalışır. Şiddətli şaxtaların kənd təsərrüfatı məhsullarının qiymətinə təsirinə isə rəsmi qaydada nəzarət edən yoxdur.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, qarlı-şaxtalı havada meyvə-tərəvəzin Bakıya daşınmasında problemlər yaranır. Rayonlardan gətirilən məhsulların daşınmasındakı problem isə həmin malların qıtlığına səbəb ola bilər: “Bu cür şaxtalı havada əksər məhsulların, adi göyərtinin belə, paytaxta gətirilməsi çətinlik yaratdığından qiymət artımına səbəb olur. Mal-qoyun əti şəhər kənarındakı təsərrüfatlarda tükənmək üzrədir. Bir neçə gündür ki, rayonlardan şəhərə diri mal gətirilmir. Bu da öz növbəsində ətlə bağlı problemə zəmin yaradır. Hazırda heyvandarlıqda vəziyyət gərginləşib. Qoyunçuluqda çalışan fermerlər qış üçün o qədər də ot ehtiyatı görməyib, çünki onlar bu il qışın belə sərt keçəcəyini gözləmirdi. Onların da ciddi problemi yaranıb. Hava şəraiti mal-heyvan arasında ölüm hallarını artırıb və bu amil də bazara təsir edib”.

Ekspert bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin guya, qarın dənli bitkilərə xeyri olduğu barədə açıqlamasında məntiq yoxdur. Çünki bu il də keyfiyyəti aşağı olan toxumlardan istifadə olunub və yaxşı nəticə gözləməyə dəyməz.

azadliq.info