Havası alınmış nazirlik

havasi-alinmis-nazirlik
Oxunma sayı: 3421

Raminə Eyvazqızı

Düşmənimiz hər zaman kimi yox etməyi əla bilib. Rəhmətlik  Dövlət katibi, akademik Tofiq İsmayılov erməni –rus fitnəsinin qurbanı olmasaydı(1991, noyabr Qarakənd faciəsi), indi bəlkə də külək enerjisindən istifadə məsələsini çözmüşdük. T.İsmayılov ömrünün çox hissəsində alternativ enerji-külək, günəş enerjisindən istifadə barədə düşünmüşdü, həyata keçirəcəkdi də arzularını. Təəssüf… 

Bu gün akademikin ölkəsində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət agentliyi fəaliyyət göstərsə də, hələlik struktur rəhbəri Akim Bədəlovun “enerjili” işindən başqa hər cür pis xəbərini eşitmişik. Güya təbiətdən enerji alan zavodumuz da var. Yeyib-içib enerji yığan kişilər ancaq özü üçün enerjini toplayır, daha da azğınlaşsın, talasın deyə. Dünyanın çoxdan istifadə etdiyi alternativ enerji haqqında çox danışmaq olar. Hesablamalara görə, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə, 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. 

Nə isə. Kaş ki, küləkdən də insanlardan sui-istifadə edildiyi qədər edilərdi.

Etiraf edək ki, təbiətlə heç cür sövdələşə bilmirik, onunla rəftarı belə bilmirik. Əsrlərdir, dilimizdə “9 iqlimimiz var” fəxredici cümlə ilə gəzirik, vallah təbiətimizi belə tanımırıq. Hələ də küləkli, yağışlı havadan qorxa-qorxa bir-birimizə şaiyə dolu mesajlar göndərməklə məzələnirik. Ölüm qorxusundan başqa hissi yaşamırıq. Uşaqlarımıza çox pis nümunə oluruq. Mağara adamları belə bizdən güclü idi. Gücümüz, yağış yağası olsa, axşamdan bir etibarlı ayaqqabı seçməyə, ya da külək olanda dünənki kimi eyvana tez-tez çıxıb küləyin sürətini yoxlamağa çatır. Birdən başımıza nə isə düşər, amandır, evimizin bir hissəsi qopar. Külək də yağış kimi söyüş ünvanına çevrilib.

İndi isə gəlim əsas məsələyə. Bir neçə gündür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeroloji Bürosunun hava dəyişkənliyi barədə xəbərlərini eşidirik. Yenə dünən şiddətli külək anonsları verildi. Son vaxtlar proqnozların doğruluğuna çox sevinirəm, aldanmırıq, ən azı havaya görə işimizi bilirik. Nazirliyin hava məlumatı daha çox dənizdə işləyənlər üçün vacib sayılmalı idi, çünki küləkli Xəzər bizi çox ağladıb. Hər halda bu vacib məsələnin yayılması qənaətbəxs idi. Axşama doğru Təhsil Nazirliyinin valideynlərə yönəlik  xəbərdarlığı isə hamıda çaşbaşlıq yaratdı. Nə xəbərdir? Nazirlik nə əcəb məktəblilər üçün belə narahatlıq keçirir? Suallar çoxdur. Haqqımız da var. İlboyu şikayət, sorğulara əziyyət çəkib cavab verməyən, uzadan dövlət orqanının “qayğıkeşliyi” lap qəhərləndirdi bizi. Axı bizim dərdlərimiz, suallarımız da həmişə təhsilin, uşaqlarımızın probemlemləri olub, özümüz, cibimiz üçün bir şey istəməmişik. Olmaya, nazirlik Rusiyada məlum hadisədə, faciədə ölən uşaqların halından təsirlənib, milli uşaqlar üçün ürək ağrıdır. Dünən yayılan xəbərdarlıqda valideynlərə məsləhət görülürdükü, uşaqlarınızı özünüz aparın dərsə. Sanki Allah göstərməsin, ölüm olsa ana, ata uşaqları qoruyacaq? 

Hörmətli nazirlik, sizin xəbərdarlıq, psixologiyasını əla bildiyiniz azərbaycanlı valideyninin götür-qoyu ilə oynamaqdır, onlar arasında panika yaratmaqdır. Bütün məsuliyyəti camaatın üzərinə atmaqdır, məsuliyyətdən qaçmaqdır və nəticə etibarı ilə təhsil sistemindəki özbaşnalığa valideyni də şərik etməkdir. Hava məlumatından qorxuya düşüb məktəblini də məsuliyyətsizliyə sövq edirsiz. Güya şagirdlərin təhlükəsizliyini düşünürdüz siz? O halda dərs günü hava şəraiti ilə əlaqədar təxirə salınmalı idi.  Görəsən, bu “qayğıkeş”liyin müəllifi kim olub? 

P.S.Dördüncü aydır təhsil naziri postu boş qalıb. Sistemsə, öz axarında işləyir. Adam hərdən düşünür ki, onda illərdir dövlət təhsil nazirinə boşuna maaş verirmiş. Nazirə heç ehtiyac da yox imiş.

P.S.S. Beləliklə, biz həmişə küləkli havadan qorxan, ondan yararlanmağa çan atmayan olacağıq. Yox, bu dəfə nikbin olacağam. Bizim içimizdən dahiləri necə çıxaraq? Bunu da təbiətdən soruşmaq lazımdır. Belə insanlar yetişməlidir mütləq.