Həbs olunan müxalifətçi ilə bağlı – Bəyanat

hebs-olunan-muxalifetci-ile-bagli-beyanat
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilir ki, İctimai Palatanın (İP) 22 apreldə keçirdiyi mitinqdə çıxışı zamanı Azərbaycan hakimiyyətini sərt tənqid edən ACP fəalı Şirinbacı Rzayevanın oğlu İlqar Rzayev mayın 11-də polislər tərəfindən saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə aparılıb və hazırda orada saxlanılır: “Onun saxlanılması ilə bağlı ailəsinə ətraflı məlumat verilmir. Həmin gün təxminən 50-yə yaxın polis və mülki geyimli silahlı şəxslər Rzayevlərin kirayə yaşadığı - Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 3-cü döngə, 3 saylı mənzilə daxil olaraq orada axtarış aparıblar və mənzildən narkotik maddə aşkar etdiklərini bildiriblər. Axtarış aparılarkən Rzayevlər ailəsinə qarşı kobud davranılıb, həmçinin Ş.Rzayevanın 9 yaşlı nəvəsi Süleyman Rzanın üstünə silah çəkərək onlara psixoloji təzyiq edilib. Bundan əlavə axtarış zamanı hal şahidi qismində prosesə qonşulardan heç kim cəlb olunmayıb, yalnız öyrədilmiş şəxslər hal şahidliyi edib.

Rzayevlər bildiriblər ki, onların mənzilində narkotik maddə olmayıb, İ.Rzayev əvvəllər məhkum edilməyib və onlar müxalif düşüncəli adamlar olduqları üçün bu cür təxtibatla üzləşiblər.

Ş. Rzayevanın digər oğlu Əlirza Rza Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmaqla yanaşı tanınmış hüquq müdafiəçisi Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunda da işləyir.

Qeyd edək ki, Ş.Rzayevanın evi hazırda Qış Bulvarı inşa edilən Mirzəağa Əliyev küçəsi, 211-də yerləşib. Ailə ilə BŞİH arasında uzun məhkəmə çəkişməsi olub. Bir neçə dəfə ailə üzvləri təzyiqlərlə üzləşib. Evin sökülməməsi barədə məhkəmə qərarının olmasına baxmayaraq, Ş.Rzayevanın İP-nın mitinqində hökuməti sərt tənqidindən sonra ev sökülüb və ailə kirayədə sığınacaq tapıb.

SAMA bəyan edir ki, Rzayevlərə qarşı edlən bu təzyiqlər Ş.Rzayevanın ifadə azadlığından istifadə edərək hakimiyyəti sərt tənqid etməsi, mülkiyyət hüququnun qorunmasında aktiv olması və müxalifət partiyalarının aksiyalarında iştirak etməsi ilə bağlı ola bilər. SAMA hesab edir ki, İ.Rzayevin həbsinin siyasi motivlidir və bu hadisə ifadə və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı insanlara qarşı edilən növbəti təzyiqdir”.