Həbs olunan “Nida”çılardan yeni xəbər var

hebs-olunan-nidacilardan-yeni-xeber-var
Oxunma sayı: 656

Məhbus gənclərdən Məmməd Əzizovun ailəsi isə vəkildən imtina edib. “Media forum” saytına danışan vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, Məmməd Əzizov həbs olunandan sonra gəncin atası Rasim Əzizovla görüşüb və oğlunun hüquqlarının müdafiəsi məsələsində razılıq əldə ediblər: “Məmməd Əzizovun hüquqlarını vəkil Əsabəli Mustafayev və mən müdafiə etməliydim, bununla bağlı razılığa gəlmişdik, müqavilə imzalamışdıq. Gənc fəalın hüquqlarını müdafiə edəcəyimizə dair məktubu martın 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə apardım.

İdarədən dedilər ki, order Baş Prokurorluğun dəftərxanasında qeydiyyata alınmalıdır. Oradan Baş Prokurorluğa getdim və məktubu verdim. Sonra isə müstəntiqlə əlaqə saxladım. O bildirdi ki, martın 12-də Məmməd Əzizovla görüşməyimə və istintaq materialları ilə tanış olmağıma icazə verəcək.

Bütün bunlar haqda məlumat vermək üçün Məmməd Əzizovun atası Rasim Əzizovla əlaqə saxladım. Atası isə dedi vəkillərə ehtiyac yoxdur və xahiş etdi ki, biz müdafiəni dayandıraq. Ona görə də mən və Əsabəli Mustafayev Məmmədin müdafiəsindən çəkilmək məcbiriyyətində qaldıq”.

Martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşları “Nida” Vətəndaş Hərəkatının üç üzvünü saxlayıb.

Rəsmi məlumatda deyilir ki, Bəxtiyar Quliyevin yaşadığı evdə 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana, Şahin Novruzlunun yaşadığı evdə 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul vəsaiti, 252,27 qram həşiş qətranı, Məmməd Əzizovun kirayə yaşadığı evdə 174,54 qram qurudulmuş marixuana, üzərində “Təcili demokratiya tələb olunur, tel:+994, ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqın qənaətinə görə, gənclər martın 10-da paytaxtın Fəvvarələr meydanında etiraz aksiyası zamanı “Molotov kokteyli”nin istifadə edilməsinə hazırlaşırmışlar.

Ötən şənbə televiziyalar məhbus “Nida”çıların istintaqa ifadələrindən bəzi məqamları efirə verib. Efirdə nümayiş etdirilən süjetdə gənclər deyiblər ki, kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşırmışlar.

Hüquq müdafiəçisi Elçin Behbudov martın 11-də “Media forum” saytına açıqlamasında hər üç gəncin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığını deyib, hələ onlara baş çəkmək imkanı olmadığını vurğulayıb.