Həbs olunan radikal dindarlar kimə biət edir? - Video

hebs-olunan-radikal-dindarlar-kime-biet-edir-
Oxunma sayı: 10106

Son günlər Azərbaycanda bir qrup radikal dini yönlü şəxslərin həbsi ölkə gündəmində və sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biridir.

“Qafqazinfo” xəbər verir ki, “Müsəlman Birliyi Hərəkatının” sədri Hacı Tale Bağırovun müavini Elçin Qasımovun həbsi ilə başlayan proses sonradan Sabunçu rayon Polis İdarəsinin qarşısındakı həbslərlə davam etdi. Baş verənlərlə bağlı rəsmi qurumlar tərəfindən açıqlanan xəbərdə E. Qasımovun ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanıldığı bildirilirdi. Sonradan həbs olunanlar da İnzibati Xətalar Məcəlləsinin 298-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) və 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək on gündən bir ayadək müddətə inzibati həbs edildilər.

Ancaq məsələnin göründüyü kimi bu qədər bəsit olduğunu düşünmək sadəlövhlük olardı. Yəqin ki, irəliləyən günlərdə əslində, nəyin baş verdiyi tam açıqlığı ilə üzə çıxacaq. Bu arada “Qafqazinfo” bu hadisələrlə bağlı maraqlı məlumat əldə edib. Bildirilir ki, həbs olunanlar heç də dini mövqelərinə və ya ibadət etdiklərinə görə təqib olunmur. Ən azı 96 faizi müsəlman olan bir ölkədə kiminsə namaz qıldığına görə təqib olunduğu demək gülünc səslənərdi. Bu həbslərdə isə başqa izlər var. Hətta burada radikallıq elementləri də yoxdur.

Məsələnin kökü həmin şəxslərin bəzi ölkələrin təsiri altında olması və onların təlimatları əsasında hərəkət etmələrində dayanır. Bu təlimatların nədən ibarət olduğunu isə yəqin ki, hüquq mühafizə orqanları bilir və bu haqda ictimaiyyətə açıqlama veriləcək. Prosesin belə bir məcraya yönəlməsi sonuncu Aşura mərasimlərində Lənkərandan və Bakıdakı Məşədi Dadaş məscidindən yayılan on minlərlə insanın iştirakı ilə keçirilən təziyələrdən alınan siqnallar olub. Həmin videogörüntülər Azərbaycanda dini siyasətin heç də lazımı istiqamətdə həyata keçirilmədiyini, bu işə məsul şəxs və qurumların yerində olmadığını ortaya qoyub.

Təkcə bir məqama diqqət çəkək. Son 3 gündə baş verənlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsi heç bir açıqlama verməyərək susqunluq göstərir. Maraqlıdır, niyə?..

Xatırlatma üçün bildirək ki, bu ilin avqustunda İranın dini xadimi Ayətullah Həmədani Azərbaycana səfərə gələrkən onun burada bir çox maraqlı görüşləri keçirilib. Həmin görüşlərin birində müavini həbs olunan Hacı Tale Bağırov və onunla eyni mövqedə olan şəxslər Həmədaninin qəbulunda olublar. Bu haqda həmin vaxt mediada da məlumatlar gedib. O görüşdə Tale Bağırov və dostları çəkinmədən Həmədaninin əlini öpür və ona biət edirlər. Həmədani ilə aparılan müzakirələrdə isə Tale Bağırov öz dini liderinə Azərbaycan haqqında şikayətlər edir. 

Həmin vaxt sosial şəbəkədə də geniş müzakirə olunan bu vidogörüntülərin üzərinə təkrar qayıtmaq istəyirik. Həmin əlöpmə mərasimi əslində, bugünkü hadisələrə müəyyən qədər güzgü tutur.

Həmin videonu bir daha təqdim edirik: