Həbs olunanların ataları danışdı

hebs-olunanlarin-atalari-danisdi
Oxunma sayı: 639

Ş. Novruzlunun ailəsindən Turan-a bildirlib ki, “Molotov kokteyli”ni və narkotik maddəni onların gözü qarşısında evə gətiriblər və çəkiliş zamanı ailə üzvləri MTN əməkdaşlarının narkotiki və “Molotov kokteyli”nin evə gətirlməsinə etiraz edib. “Bu zaman ailə ilə MTN əməkdaşları arasında mübahisə yaranıb. Bunların hamısı MTN-nin apardığı çəkilişdə var”, -ailə üzvlərindən biri bildirib. “ Onlar kokteyli qapımızın ağzına qoydular”, -qeyd ediblər. Ailə evdən götürülmüş 94 min manat pulun onlara məxsus olduğunu bildirib. “Bu pulu biznes qurmaq üçün qohumlarımızdan toplamışıq”, -Turan-a bildirib.

“Şahin Novruzovun 18 yaşı hələ tamam olmayıb, o siqaret belə çəkmir”, - ailə bildirib.

***

Martın 7-də saxlanılan Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Məmməd Əzizovun atası Rasim Əzizov Turan agentliyinə oğlunun narkotik maddə il əlaqəsinin olmadığını bildirib. O, indiyədək istintaq orqanının onun ailəsi ilə əlaqə saxlamadığını, oğlunun harada saxlanması barədə məlumatın verilmədiyini deyib. “Televizorda verilən məlumatdan başqa heç nə bilmirəm. Mən Şəkidə yaşayıram. Televizordan məlumatı eşidib Bakıya gəlmişəm. Mən bilən oğlum siqaret çəkmirdi. Mən onu nə siqaret çəkən, nə də spirtli içki qəbul edən görməmişəm. Bəlkə də kimdənsə nəsə alıb, olub, ondan xəbərim yoxdur. Amma narkotik maddə mənim oğlumun işi deyil. 100 faiz ona inanıram. Oğluma özümdən çox inanıram”, - ata qeyd edib.

R. Əzizov oğlunun kirayədə yaşadığını təsdiq edib. “Kirayə qaldığı yer bir az pis idi. Oranı dəyişmişdi. Bunu bilirəm. Gəlmişdim ki, oğlumu görüm. O da qismət olmadı. Oğlumun kirayədə yaşadığı evə də getməmişəm”, -ata bildirib.

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, bu qurumların birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində Bəxtiyar Quliyev, Şahin Novruzlu, Məmməd Əzizov saxlanılıb.

Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri , Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulub.

NİDA Vətəndaş Hərəkatlarının fəalları martın 10-da “Əsgər ölümünə yox!” şüarı ilə keçiriləcək etiraz aksiyasından 3 gün öncə saxlanıb. İctimai fəallar hərbi hissələrdə əsgərlərin qeyri-döyüş itkisinə etiraz edir, günahkarların cəzalandırılmasını tələb edirlər.