Həbsdə olan iş adamına daha bir cinayət işi açıldı

hebsde-olan-is-adamina-daha-bir-cinayet-isi-acildi
Oxunma sayı: 6201

Bir müddət öncə marketə basqın edərək qarşıdurma yaratmaqda ittiham edilən iş adamı Azadxan Xanməmmədova qarşı daha bir cinayət işi açılıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, bundan öncə xuliqanlıqda təqsirləndirilən A.Xanməmmədov bu dəfə dələduzluqda ittiham edilir.

Belə ki, Faiq Seyidovun şikayəti əsasında Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq)  maddəsi ilə cinayət işi başlanılıb.

F.Seyidov ərizəsində qeyd edib ki, A.Xanmmədov onun etibarından sui-istifadə edərək 1 milyon 800 min manat dəyərində 20 ədəd avtobusu dələduzluq yolu ilə öz mülkiyyətinə keçirib.

Qeyd edək ki, 08 iyun 2017-ci ildə səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən “Safastore” mağazasına hücum edib, market əməkdaşlarına təzyiq edərək çölə çıxarıblar. A.Xanməmmədov həmin şəxslərə belə bir tapşırıq verməkdə ittiham edilib və Binəqədi rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. “Riyad” Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov 4 il, Savalan Məhərrəmov və Məzahir Qurbanov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər mühafizəçilər 2 il müddətinə islah işlərinə təhkim olunublar.

“Qafqazinfo” qarşı tərəfin mövqeyini öyrənmək üçün A.Xanməmmədovun vəkili Ceyhun Yusifovla əlaqə saxlayıb. Vəkil bu barədə danışmaqdan imtina edib.