Həbsxanalardan adamyeyənlər çıxır

hebsxanalardan-adamyeyenler-cixir
Oxunma sayı: 2844

Azər Qismət

Hollivud istehsalı, rejissor Frenk Darabontun quruluşu ilə ərsəyə gələn “Şouşenkdən qaçış” filmindəki fraqmentlərdən biri komissiya üzvlərinin məhbusu yoxlamasından ibarətdir. Əfv komissiyasının üzvləri məhbusu yoxlayırlar. Bir neçə dəfə baş tutan zəhlətökən, siniri qıcıqlandıran sorğu-suallar sonda məhbusu ya azadlığa qovuşdurur, ya yenidən həbsxana divarının arasına göndərir. Tamaşaçı bundan hirslənərək komissiya üzvlərinin soyuqqanlığına nifrət edir. Əslində, hirsləndiyimiz bu məqam həyati əhəmiyyət kəsb edirmiş. Çünki məhbusu islah etməmiş, cəmiyyətə buraxmaq olmaz.

Həbsxana cinayətlkar üçün islah yeridir. Əgər o yenidən azadlığa çıxıb adamları qətlə yetirəcəksə, bir ailəni yer üzündən siləcəksə, deməli dövlətin penitensair xidmətə ayırdığı külli miqdarda vəsaitdən bəzi sahələrə də yönəldilməlidir. Həbsxana təkcə məhbus üzərində nəzarət deyil, eyni zamanda psixoloji yardımla reabilitasiya etməkdir.

Azərbaycan həbsxanalarında tələb olunmur ki, Braziliyanın islah-əmək müəssisələrində olduğu kimi məhbus kitab oxumaqla vaxtından 20 gün azaltsın. Ya Norveç həbsxanalarındakı kimi idmanın müxtəlif növü ilə məşğul olmaqla azadlığa qovuşmasını tezləşdirsin. Həmin ölkələr belə ideyaları cəmiyyətə normal insan çıxarmağa görə edirlər. Çünki ən pis kitabda belə insanı saflaşdıran nəsnə var. İdman isə pis ruhların qovulmasıdır. Nəticədə cəmiyyətə normal insan buraxılır.

Həbsxana gərginlik ocağıdır. Burda psixoloqsuz keçinmək olmaz. Həm məhbuslar, həm həbsxana əməkdaşları daim gərgin rejimdə çalışırlar. Cəmiyyətdən təcrid edilən, doğmaları və sevdiklərindən ayrılan, “buraxacaqlar-buraxmayacaqlar” sualları ilə yüklənən qeyri-müəyyənlik sindromu, törədilən cinayətə görə peşmanlıq hissi, yaxud qisas yanğısı ilə yaşayan məhbus üçün psixoloq lazımdır. Bu həm də ona görə lazımdır ki, məhbus cəmiyyətə hazırlansın. O cəmiyyətə ki, onu doğmaları və sevdikləri qıyğacı gözlərlə, işləyəcəyi müəssisələrdə şübhəli nəzərlərlə baxmasınlar.

Psixoloq ona görə lazımdır ki, məhbus özünə kənardan baxa bilsin. Onun halını qiymətləndirsin. Kamera yoldaşlarının kinayəli atmacaları, yaxud ən ağır, ən murdar işlərə basılmasının əzabını sakitləşdirən kimsə olmalıdır. Həbxsana elə yerdir ki, orda hamı öz kitabını oxuyur, başqasının dərdini dinləməyə kimsənin səbri yox. Belə olan surətdə məhbus soyuqqanlı olur, halı ilə barışır. Ancaq barışmayanlar qisas yanğısı ilə yaşayır.

Azərbaycan həbsxanalarında kitab oxumağa görə müddətdən azaldılmır. Oxuyan özü üçün oxuyur. Əksər hallarda kitabxanalara yeni kitablar da gətirilmir. Heç eşitməmişik ki, yeni filmlər də aparılıb nümayiş etdirilsin. Heç onu da eşitməmişik ki, psixoloqların qrup halında terapiyası keçirilsin. Bayram günlərdinə bəzi müğənnilərin konsert təşkil etməsini alqışlamaq lazımdır. Ancaq bu vəziyyəti heç də dəyişmir. Məhbuslar təsbeh flırladıb günlərini sayırlar. Kimin yanına çox adam gələndə hörməti birə min artan həbsxanalarımızda idman yarışlarının təşkil edildiyi də qulağımıza gəlib çatmayıb.

Neynək, bunların olmaması faciə deyil. Amma həbsxanalarda psixoloqlar mütləq olmalıdır. Divarın o tayında sakit həyat yaşayanların isti aşına soyuq su qatmamaq üçün gərəkdir. Məhbusun tərcümeyi-hal qovluğuna özünü necə aparması, intizamlı olub-olmaması barədə bilgilərdən başqa nəsə əlavə edilmir. Psixoloq məhbusla danışmalıdır ki, qisas hissinin kimə qarşı yönəlməsini bilsin, fikrindən daşındırsın.

Psixoloq Cəlilabadda ananın başını kəsib, qızını boğan keçmiş məhbusu vaxtında yolundan döndərə bilərdi. Doğrudanmı, o ”Çıkma” ləqəbli adam məhbus yoldaşlarından kiməsə deməyib ki, azadlığa çıxanda hansı cinayəti törədəcək, kimin anasını ağladacaq, yaxud iki daşın arasında kimi zorlayacaq. Detallarına qədər bildirməsə də, ən azından onu həbsxanaya salanla haqq-hesab çürüdəcəyini deməmiş olmaz. Mümkün deyil ki, qisas planını neçə il içində saxlasın.

Ancaq dəhşətli qətl törədildi. Deməli, məhbus həbsxanada islah edilməyib. Bununla da həbsxanalardan cəmiyyətə adamyeyənlər çıxır. Necə qaniçən idisə, elə də çıxanlar var. Bəzən dövlət komissiyasının əfv siyahısına salınan məhbusların da təkrar cinayət törətdiklərini görürük. Söhbət ondan getmir ki, cəmiyyətdə onları necə qarşılayırlar. Söhbət ondan gedir ki, qisas hissi ilə yananlar cəmiyyətə hazırlanmır. Ona görə də siyahıya salınan şəxslərlə xüsusi sorğu-sual keçirilməli, yaxud həbsxana rəhbərliyinin rəyindən əlavə psixoloq rəyi də əsas götürülməlidir. Əfv yalnız adın siyahıya salınması deyil. Həqiqətən də islah olub-olunmamasını öyrənməkdir. Artıq azadlığa çıxan məhbusdan nəinki doğmaları, elə cəmiyyət də qorxur. Çünki həbsxanalar lazımi reabilitasiya işini lazımi istiqamətdə aparmırlar.