“Heç bir qatil ziyalıları susdurmağa nail ola bilməyəcək”

hec-bir-qatil-ziyalilari-susdurmaga-nail-ola-bilmeyecek
Oxunma sayı: 646

Noyabrın 24-də “Media forum” saytına danışan İsa Qəmbər deyib: “Noyabrın 21-də Müsavat Partiyası, ertəsi gün İctimai Palata Rafiq Tağının bıçaqlanması ilə bağlı bəyanat verib. Biz hər iki bəyanatda qeyd etmişik ki, müxtəlif versiyalar mövcuddur, bunların heç birini istisna etmək olmaz, onları ciddi araşdırmaq lazımdır, qatillər mütləq üzə çıxarılıb cəzalandırılmalıdır. Eyni zamanda onu da vurğulamışıq ki, hansı versiyanın həqiqət olmasından asılı olmayaraq hakimiyyət məsuliyyət daşıyır. Çünki ölkədə əmin-amanlığa, vətəndaşların toxunulmazlığına məsuliyyəti mövcud hakimiyyət daşıyır və daşımalıdır.

Nəzəri cəhətdən ən az ehtimal olunan versiya olayın şəxsi zəmində baş verməsidir. Lakin buna mən qətiyyən inanmıram. Sadəcə nəzəri cəhətdən səsləndirirəm. Digər bütün versiyalar bu və ya digər şəkildə Rafiq Tağının yazar missiyası, mövqeyi, publisistliyi, jurnalistliyi ilə bağlıdır. Ona görə də qətlin kim tərəfindən sifariş verilməsindən, həyata keçirilməsindən asılı olmayaraq bu, azad sözə, fikir və ifadə azadlığına qarşı qəsddir. Ona görə də biz bu cinayətin tezliklə açılıb qatillərin qanuni yolla cəzalandırılmasını tələb edirik.

Bu hadisənin nəticələrinə gəldikdə isə tarix sübut edir ki, belə hadisələr cəmiyyətdə qısamüddətli şok yaratsa da, insanların mövqeyini dəyişmir. Qorxanlar onsuz da qorxurlar, qorxmayanlar isə əvvəllər necə düşünürdülərsə, necə yazırdılarsa, elə o cür də fəaliyyətlərini davam etdirirlər, həqiqətləri yazırlar. Bu baxımdan mən cəmiyyətimizə, yazarlarımıza, intellektuallarımıza inanıram. Onların cəsarətli, həqiqətləri söyləməyə meylli hissəsi, öz düşündüklərini azad şəkildə ifadə eləməyə meylli hissəsi əvvəlki mövqelərində qalacaq və yenə də düzgün bildikləri həqiqətləri yazmaqda, deməkdə davam edəcək. Bu mənim bütün intellektual kəsimə aid proqnozumdur. Heç bir qatil, heç bir qətlin sifarişçisi Azərbaycan cəmiyyətini, onun ziyalılarını, intellektuallarını susdurmağa nail ola bilməyəcək”.