“Heç erməni də bu hadisəni törətməzdi”

hec-ermeni-de-bu-hadiseni-toretmezdi
Oxunma sayı: 10092

“Son günlərin üç hadisəsinə verilən reaksiyalara diqqət edirəm. Ardıcıllıqla belə sadalamaq olar: Birincisi, erməni müğənni Zaranın Bakıdakı "Jara"ya gəlişinə etirazlar; İkincisi, Qubada ərəb turistə ağacın kölgəsində daldalanmağa 5 manat pul tələbinə təəccüb; Üçüncüsü, Yasamalda onlarla ağacın dibinə kimyəvi turşu (xalq arasında əzəldən buna "kislota" deyərlər) tökərək qurudulmasına heyrət”. 

“Qafqazinfo” xəbər verir ki, bunu sosial şəbəkədə millət vəkili Fazil Mustafa yazıb. O, qeyd etdiyimiz şəkildə giriş verdiyi yazıya “Görəsən cəmiyyətimizin insanları üçün bu üç hadisədən hansı daha vahimdir?” sualı ilə davam edib. 

Ağacın kölgəsidə daldalanmağa görə pul tələb edilməsindən danışan F. Mustafa qeyd edir ki, bu, ölkənin turizm perspektivi üçün xoşagələn hal deyil: “Lakin bunu da o samovar qaynadan uşağa izah etmək mümkündür ki, Allahın kölgəsini özüəlləşdirmə, adamdan içdiyi çayın pulunu alıb yola salman daha doğru və əxlaqlı davranış olar”. 

Millət vəkili sonra üçüncü məsələdən danışıb: “Düzəlməyəcək, dəyişməyəcək, cəza ilə bərpa olunmayacaq məhz üçüncü hadisədir, üçüncü! Həmin hadisəni də erməni əsilli Zara törətməyib, hətta erməni əsilli Zara bizə düşmən olmasına rağmən bu hadisəni törətməz, bunu Azərbaycan vətəndaşı, öz azərbaycanlımız içi sızlamadan, ürəyi ağrımadan rahatlıqla, məsuliyyəsizliklə törədib və təbii ki, hansısa cəza almayacağına arxayınçılıqla törədib. 

Bu, ağacı kəsməkdən də daha dəhşətli qətliamdır, ağacı zəhərləyərək öldürmək bəlkə də dünyada analoqu olmayan bir vəhşilikdir və bu vəhşiliyi törədənlər də bizimlə bir ölkədə, bir səmanın altında rahatca yaşayırlar. Zara da cəhənnəmə, turistdən kölgələnmək üçün tələb olunan 5 manat da cəhənnəmə, mahiyyət budur ki, gözümüzün önündə öldürülən bu ağacların artıq kölgəsi olmayacaq və bizlər də bu halımızla özümüzdən müştəbeh durumda ərəb turistlərin pintiliyindən, vəhşiliyindən hər gün ağızdolusu danışacağıq. Öz oturduğu budağı kəsməkdən də o tərəfə getmişik e...

Artıq kölgəsinə sığındığımız ağacı zəhərləyib öldürürük. Bu kölgə olmayandan sonra heç o uşaq da kölgələnmək istəyən bir Allah bəndəsindən 5 manat pulu da istəyə bilməyəcək”.