“Heç kim ona təzyiq göstərməyib” - Polkovnik

hec-kim-ona-tezyiq-gostermeyib
Oxunma sayı: 1042

Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədova gözlənilən hökm ikinci dəfə təxirə salınıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəminin hakimi Samir Əliyevin icraatında olan prosesdə Bakı şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polkovnik Şövqi Əhmədovu dindirilib.

Bundan öncə məhkəmə hökmü elan etmək üçün müşavirəyə çıxsa da‚ sonradan istintaqı yeniləyib Ş.Əhmədovu dindirmək qərarına gəlib. Çünki zərərçəkən Rəşad Tahirov ifadəsində Ş.Əhmədovun ondan ifadəni təzyiq altında aldığını demişdi. Polkovnik məhkəmədə ifadəsində bunu təkzib edib: “Əhməd Əhmədov 140 min dollarının mənimsənilməsi barədə idarəyə şikayət vermişdi, mən də məsələni araşdırmaq üçün Rəşad Tahirovu çağırdım. O‚ səmimi şəkildə izahat yazdı, mən və ya heç kim ona təzyiq göstərməyib". 

R.Tahirov isə bu gün təkrar çıxış edərək polkovnikin ona təzyiq etdiyini təsdiqləyib.

Dövlət ittihamçısı ikinci dəfə çıxış edərək Ə.Əhmədova eyni cəzanı‚ 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkənlər - Hörmət Əsgərov və R.Tahirov təqsirləndirilən Ə.Əhmədovdan şikayətçi olmadıqlarını deyiblər. 
Proses martın 18-də davam etdiriləcək. Nazir qardaşının vəkillərinin çıxışı, özünün son sözü və hökm növbəti iclas və ya iclaslarda baş tutacaq.

İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb. 
Daha sonra Ə.Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Lakin Əvəz Əhmədov özünü təqsirli bilməyib. 

Zərərçəkmiş Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Ə.Əhmədov məhkəmə zamanı dəyən ziyanı ödəyib, zərərçəkənlərin hər ikisi ilə barışıq əldə edib.

Murad Əhməd