“Heç kim onun qabağında söz deyə bilməz” - Bayram Səfərov

hec-kim-onun-qabaginda-soz-deye-bilmez
Oxunma sayı: 2359

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri təzədir, yəqin ki, Dağlıq Qarabağa və işğaldakı ətraf rayonlara tanışlıq məqsədilə gediblər”.  

“Qafqazinfo” xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a açıqlamasında deyib. Qeyd edək ki, həmsədrlər budəfəki səfərləri zamanı Bakı, İrəvan və Xankəndində görüşlər keçiriblər. Həmçinin onlar Dağlıq Qarabağın ətrafındakı rayonlara - Zəngilan, Ağdam, Laçın, Kəlbəcərə də gediblər ki, bu da suallar doğurub. B. Səfərov həmsədrlərin məqsədinin nədən ibarət olduğunu deyə bilməyəcəyini qeyd edib: “Onların məqsədini elə özlərindən soruşmaq lazımdır”. 

İcma rəhbəri həmsədrlərdən yalnız amerikalı diplomatın onunla görüşdüyünü bildirib: “Həm amerikalı həmsədr, həm də ABŞ-ın Azərbaycandakı səfiri mənimlə görüşdü. Onlarla birgə məcburi köçkünlərlə görüşümüz oldu. Dinlədi, tanışlıq oldu, dedi ki, mən öyrənməliyəm, baxmalıyam. Ayrı nə deyəcək ki? Amma heç bir vaxt həmsədrlərlə bu qədər geniş vaxt ərzində görüşməmişdim. 

Təbii ki, mən razı qala bilmərəm. Nəyindən razı qalacağam? Mən doğma Şuşamda olanda razı qalacağam”.  

İcma rəhbəri həmsədrlərin Qarabağa Azərbaycan tərəfdən getməsi üçün təklif vermədiyini qeyd edib: “Heç buna ehtiyac da yoxdur. Onlar burda görüşür, sonra da gedib ermənilərlə bir araya gəlir”. Qarabağ separatçısı ilə görüşdə qondarma rejimin “bayrağı”nın asılmasına gəldikdə, B.Səfərov belə reaksiya verib: “İndi orda kim yaşayır, öz bayrağını asır da. İnşallah, biz gedəcəyik, öz bayrağımızı asacağıq və onların bayrağını atacağıq ayaq altına”.

B.Səfərovdan politoloq Elxan Şahinoğlunun “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri dəyişməlidir” təklifinə də münasibət soruşduq. Cavabında bunları bildirdi: “Bu, icmadır. Qarabağ icmasını qarabağlılar seçir. İkinci tərəfdən də cənab prezidentimizin, Xarici İşlər Nazirliyinin mövqeyi var. Əgər cənab prezident məsləhət biləcəksə, heç kim onun qabağında söz deyə bilməz”.