Heç kimlər

hec-kimler
Oxunma sayı: 1102

Fərid Hüseyn

Bu günlərdə səhiyyəmiz bir nəfərin ayağını kəsəndə səhv etdi: Açıqlamada “texniki səhv” idi dedilər. Yəni, təxminən hərf səhvi kimi, elə bil klaviaturada yanaşı hərflər səhv düşüb. Sonra dedilər ki, hər iki ayaq kəsilməli imiş. Yəni, eybi yox... 

Ayaq görünən orqandır, səhv kəsildisə deməli, hamı biləcək. İndi Allah bilir daxili orqanların hansının yerinə hansını kəsirlər, içimizdə hansı hoqqalardan çıxır səhiyyəmiz. Bəlkə də biz sadəcə xarici ölkələrə həkimə ona görə gedirik ki, orqanlarımızın hansının harada olduğunu bilək. Bilək ki, mədəmiz haradadır və onu tapdırıb müalicə etdirək.

Problemlərimizin kökündə hansı bəla dayanır? O bəla dayanır ki, Azərbaycanda hamıya yer var. Ayağı səhv kəsən həkimə belə... Axtarsan onu da tərifləyənlər, öyənlər, müdafiə edənlər tapılacaq. Həmin həkim yenə işinə davam edəcək və bəlkə də, Tibb Universitetindən tələbələri də “praktika”ya onun yanına göndərəcəklər, yaxud xəstəxanaya təzə gələn həkimlərə “müəllimlik” edəcək. Sonra həmin həkimlər də özlərinə yer edəcək. Bir sözlə, hamı yaşayacaq bu vilayətdə. Hətta elə adamlar ki, dünyanın heç yerində onlara ehtiyac yoxdur, heç bir işə yaramırlar, heç bir insani və peşə keyfiyyətləri yoxdur. Ancaq bizim məmləkətdə həmin savadsızlar at oyandırlar, ağıl verirlər, xox gəlirlər...

• Elmsiz alim...

• Səsi olmayan müğənni...

• Beynəlxalq jurnalistikadan xəbərsiz qəzet, sayt işçiləri...

• Savadsız həkimlər...

• Rüşvət almaqdan başqa heç bir bacarığı olmayanlar...

Bütün bu adamlara Azərbaycanda yer var. Onların heç biri məhv olmur, hətta onlardan bəziləri bu vilayətdən narazıdırlar. Xaricdə yaşamağı özlərinə rəva görürlər. Elə bilirlər burda bunları qiymətləndirən azdır. Soruşan gərəkdir ki, sən hansı keyfiyyətinə, həyatı dərk etmək üstünlüyünə, savada, bacarığa görə bu vətənə sığmırsan? Adam düşünəndə az qalır dəli ola... Ürəyi partlaya... Bu vətəni bu günə salan adamlar da vətəndən narazıdırlar... Azərbaycandan başqa heç bir ölkədə işi keçməyəcək adamlar belə...

Düşünmürlər ki, bu “cənnət vətən”dir sənə yiyə duran, dünyanın başqa ölkəsində sən heç kəsə gərək deyilsən... Uzağı poçtalyon ola bilərsən... Ancaq burda “müəllim”sən, “xanım”san, “əfəndi”sən, “ağa”san... Nökər-naiblərin var, gətir-götürdəsən...

Bizim ən böyük bədbəxtliyimizdir hamıya yer verməyimiz, hamının özünə yer tapmasıdı... Ona görə də çox adam bir-birini bəyənmir, ona görə də bir adam beş işlə məşğul olur. Çox adam öz yerində deyil deyə ona elə gəlir ki, hər işlə məşğul ola bilər... Çünki hər işdə “hamı hünər göstərə” bilir və hər kəs bütün işləri məşğul olur... Villalar 4 mərtəbə, “cip”lərə minməyə güclə ayaqları çatır... Sanki evin də, maşının da hündürü ilə əksər insanlar bir-birinə yuxarıdan aşağı baxmaq istəyirlər... Və bu qədər özünü təsdiq etməmiş, natamamlıq kompleksləri olan adamların “iddia”sına məmləkət necə dözür, bilmirəm...