“Heç vaxt döyüşməmiş təslim olmaz”

hec-vaxt-doyusmemis-teslim-olmaz
Oxunma sayı: 643

Azərbaycan kuboku uğrunda ¼ final mərhələsində “Neftçi” ilə qarşılaşdınız, oyunla bağlı nə deyə bilərsən?
- Bilidiyimiz kimi “Neftçi” çempionatımızın ən güclü klublarından biridir. Həmişə də güclü futbol nümayiş etdirib. Ona görə də güclü klublara qarşı açıq futbol oynamaq çox təhlükəli ola bilər. Baş məşqçimiz də bunu bildiyindən bizə əsasən müdafiəyə diqqət etməyi tapşırmışdı . Əsas məqsəd qol buraxmamaq idi. Mənə elə gəlir ki, biz də məşqçinin dediyinə əməl edə bildik. Özümüzün də bir neçə real qol şansımız oldu ancaq bunlardan yararlana bilmədik. Ümimilikdə isə nəticədən narazı deyiləm. İnşallah cavab oyununda qol vuran, növbəti mərhələyə keçən tərəf biz olacağıq.

Son turlarda itirdiyiniz xallar sizi turnir cədvəlində bir qədər geri saldı. Bu uğursuzluqları nə ilə əlaqələndirirsən? Hazırda klubda çatışmayan nəsə var?
- Yox hər şey əvvəlki kimidir. Çatışmayan bir şey yoxdur. Sadəcə olaraq ola bilsin ki, çoxumuz yığmanın təlim məşq toplanışından qayıtmışdıq bir qədər bəlkə də yorğunluq öz sözünü deyib. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, biz güclü rəqiblərə qarşı oyunlarda xallar itirdik. “Neftçi”yə uduzduq” “Bakı” ilə heç-heçə etdik. Hər halda yenə də komanda şəklində buraxdığımız səhvləri düzəltməyə çalışacağıq.

“Bakı” ilə oyundan qabaq “Simurq”un oyunu satması ilə bağlı bəzi xəbərlər yayıldı. Necə fikirləşirsən bizim çempionatımızda bu cür hallara tez-tezmi rast gəlinir?
- Bunların hamısı boş söz-söhbətlərdən başqa bir şey deyil. Başqa klubları deyə bilmərəm ancaq “Simurq” heç vaxt döyüşməmiş təslim olmaz. Biz də bu hərəkəti futbolçular olaraq özümüzə sığışdıra bilmərik.

Hazırda çempionatımızda açıq-aşkar favorit varmı?
- Açıq-aşkar favorit yoxdur, çempionluğa oynayan 4-5 klub var. Klubların topladığı xallara baxsaq, görərik ki, hamı bir-birinə yaxındır. Lider “Neftçi” ilə aramızda 6 xal fərq var bu da o qədər əlçatmaz bir fərq deyil. İnşallah qarşımızdan olan bütün rəqibləri məğlub edib, yenidən liderliyə oynayacağıq. Belə də isə əsas məqsədimiz çmpionatı il 3 yerdə bitirməkdir.

Kubokdakı şanslarınızı necə dəyərləndirrisən?
- Kubokda da şanslarımız kifayət qədərdir. Birinci oyunu öz meydanımızda “Neftçi” yə qarşı oynadıq və qolsuz bərabərə qaldıq. Doğrudur, cavab qarşılaşması Bakıda olacaq və bizim üçün bir qədər çətin mübarizə alınacaq amma inanıram ki, turu keçən tərəf biz olacağıq. Meydana çıxıb üzərimizə düşən vəzifəni tam yerinə yetirməyə çalışacağıq. Çünki “Simurq” üçün kuboku qazanmaq da vacibdir.

Bəs necə fikirləşirsən, bu il kubok ən çox hansı kluba vacibdir?
-Ümumiyyətlə hamı qatıldığı yarışda qalib olmaq istəyər. Ona görə də mənə elə gəlir ki, kubok hamı üçün lazımdır ancaq liqada şansı az olan Avro kuboklara qatlmaq istəyən klublara kubok daha vacibdir.

Ruslan Abışovun “Rubin”ə keçidini necə qiymətləndirrisən?
-Bu çox gözəl bir haldır. Əvvəla onu deyim ki, Ruslan olduqca yaxşı insan,yaxşı dostdur, həm də yaxşı futbolçudur. Onun “Rubin”ə keçidi məni ancaq sevindirə bilər. İnşallah tez bir zamanda komandaya adoptasiya olub, əsas heyətə düşməyi bacarar. Ruslanla yanaşı bizdə legioner həyatı yaşamağa layiq olan bir çox futbolçularımız var. İnşallah onların da yolu açılar və başqa klublara transfer olunarlar.

Sən özün Rusiya çempionatında mübarizə apara bilərsənmi? Yəni bu potensialı özündə görürsən?
- Bəli mən də Rusiya klublarında oynaya bilərəm. Bu gücü özümdə görürəm. İnşallah gələcəkdə elə bir təklif gəlsə, müqavilə bağlayaram.

Növbəti tur “Kəpəz”lə qarşılaşacaqsınız. Bu oyunla bağlı nə düşünürsən?
-“Kəpəz”lə oyun göründüyü kimi də asan olmayacaq.Doğrudur rəqibimiz autsayderdir ancaq yenə də boşalmaq olmaz. Həmişəki kimi sona qədər mübarizə aparıb qələbə qazanmağa çalışacağıq.

İqbal