“Həccdən qayıdanda başına torba keçirdilər”

heccden-qayidanda-basina-torba-kecirdiler
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, S.Dadaşbəylinin anası Qətibə Qarayeva bildirdi ki, oğlunun və onunla birgə daha 12 nəfər 2007-ci ilin yanvarında həbs ediliblər: “Onlar dövləti ələ keçirmək, hakimiyyət çevrilişi, vətənə xəyanət, xarici terror təşkilatlarına üzvlük, Azərbaycanda şəriət dövləti qurmaq kimi ağır cinayətlərdə ittiham olundular və bunun nəticəsində 10-14 il arasında azadlıqdan məhrum edildilər. Maraqlıdır ki, ittihamlarda bu gənclərin telefon danışıqlarında dövlət çevrilişi barədə söhbətlərin əksini tapsa da, məhkəmədə müttəhimlər tələb etmələrinə baxmayaraq iddia edilən danışıqların nə mətni, nə da audio variantı təqdim olundu. Daha bir ittiham Bakı-Tiflis-Ceyhan neft kəmərinin şəkillərinin İrana ötürülməsilə bağlı idi. Təsəvvür edin ki, kəmər haqqında informasiyalar internet saytlarında əksini tapdığı halda İranın şəkillər nəyinə lazım ola bilərdi?”. Q. Qarayeva onu da əlavə etdi ki, Metyu Brayza səfir təyin olunandan bəri üç dəfə onları qəbul edib və baş verənləri eşidəndə şoka düşüb.

Məhkum Rasim Kərimovun anası İradə Kərimova bildirdi ki, S.Dadaşbəyli həbs olunarkən onun oğlu Həcc mərasimindəydi: “Oğlum Həccdən qayıdan zaman başına torba keçirilərək həbs olunub: “Mən dövlət çevrilişi ittihamını ona görə anlaya bilmirəm ki, oğlum Həcdə ola-ola dövlət çevrilişini necə edib? Əgər mənim oğlum cinayətdə iştirak etsəydi, heç Bakıya qayıtmazdı da, elə Həccdən də Avropa ölkələrinə gedə bilərdi. Ancaq o, özünün təqsirsiz olduğuna inanır”.

Məhkum Samir Qocayevin xanımı Dürdanə İsmayılova ölkədə fəaliyyət göstərən beynəlxalq poçt xidmətlərinin fəaliyyətlərinin bərbad olduğundan Avropa Məhkəməsinə şikayətlərini Moskvadan göndərdiklərini dedi. O, bildirdi ki, həyat yoldaşının cinayət işi ilə bağlı materialları aprelin 18-də Moskvadan Avropaya yola saldığını və bir ay ərzində materialların nəzərdə tutulan ünvana çatdığını deyib. Amma digər məhkum Ceyhun Əliyevin xanımı Günel Əliyeva həyat yoldaşının sənədlərini aprelin 14-də Bakıda “Fedeks” sürətli poçtu vasitəsilə Avropa Məhkəməsinə yola salsa da yola salınan sənədlərin taleyinin hələ də qeyri-müəyyən qaldığını deyib: “Şəxsən mənə “Fedeks”dən dedilər ki, onlar sənədləri MTN-ə göndərirlər, onlar baxırlar və sonra yola salırlar. Mən bu mənada xüsusi xidmət orqanlarının poçtun işinə müdaxilə etməsinin istisna etmirəm”.

Valideynlərin sözlərinə görə, məhkumlardın 5 nəfəri şizofreniya, vərəm, hepatit-C, qan xəstəliklərindən əziyyət çəkirlər. Onlar övladları barədə çıxarılan hökmləri qanunsuz sayaraq onlar azad edilənə qədər mübarizələrini davam etdirəcəklərini nəzərə çatdırıblar. Valideynlər ittihamları saxta, əsassız, bu ittihamlar əsasında çıxarılan məhkəmə hökmlərini qanunsuz sayıblar. İstintaqda müttəhimlərin işgəncələrə və qeyri-insani rəftara məruz qaldıqları, məhkəmə prosesində isə işin obyektiv araşdırılmadığı nəzərə çatdırılıb. Valideynlər işi aparan hakim Ənvər Seyidovu iradəsizlikdə, bilə-bilə yalan hökm çıxarmaqda ittiham ediblər.

Qeyd edək ki, hazırda Səid Dadaşbəyli və daha iki nəfər məhkumun işi Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.