Həftənin hekayəsini yazın, pul qazanın - Layihə

heftenin-hekayesini-yazin-pul-qazanin-layihe-
Oxunma sayı: 1112

Qeyd 1: Daha öncə heç bir yerdə çap olunmayan hekayələrə qonorar veriləcək.

Qeyd 2: Seçilən hekayələrə hər dəfə ictimaiyyət tərəfindən tanınan şəxslər “məşhur oxucu” adı altında qısa rəy yazacaq. Hekayələr rəy yazacaq adamlara imzasız təqdim ediləcək.

Qeyd 3: Arxivə yığılan hekayələrin növbəti həftələrdə yayımlanması mümkün olacaq.

Qeyd 4: Hekayəsi seçilməyən müəlliflərin adları heç bir halda açıqlanmayacaq.

Sizə layihədən sorumlu olacaq yazıçı Sahilə İbrahimovanın hekayəsini təqdim edirik.

Hörmətlə, Qafqazinfo redaksiya heyəti


Ətdən və sümükdən


Gözünüzün qabağına daş binanın ikinci mərtəbəsində bir ev gətirin. Üçotaqlıdı, balaca eyvanı da var. Eyvanda dibi qurumuş bir-iki kaktus dikəlir, ortadakı dibçəyin gülü çölə doğru əyilib, elə bil aşağıda şütüyən maşınlara göz qoyur. Otaqlardan biri ev sahibinin emalatxanasıdı. İndi nəzərinizdə bir rəssam canlandırmağa çalışın. Ütüsüz köynəyinin üstünə qırışmış pencək geyinib, hə, elə evin içində. Üst-başı tütün qoxuludu. Tez-tez diqqətlə əllərinə baxır, qurumuş barmaqları əsəndə kefi pozulur, cəld fırçasını götürüb şəkil şəkməyə qaçır. İş başında dizlərini qatlayır, beli azca əyilir, azdanışandı, ömrü boyu dediyi sözləri yığıb bir əsər yazmaq istəsən, olsa olsa, bir povest çıxar, roman alınmaz. Ümumi götürsək, adəti rəssam qəlibindən çıxıb, lazım gələndə beret də taxır. Bir dəfə nişanlı olub, qaytarıb, haha, onu sevgili qismində təsəvvür eləmək nə bilim, nəyə oxşayır deyim, uyğun bənzətmə də tapmıram. Beş ildi onu nə xeyirdə-şərdə, nə tədbirdə-konsertdə görən olub. Ciddi bir əsər, dediyinə görə, şah əsəri üzərində işləyir. Elə bil boyasını təbiətdən götürür zalım oğlu, fəsillərin dəyişməsini gözləyir, fırçasını ağ rəngə qışda batırır, yaşıla yazda, sarıya yayda, narıncıya payızda. Və ağ rənglə işi bitməmiş qış qurtarır, yarımçıq hissəni növbəti ilə saxlayır. Yaz da yayı, yay da payızı beləcə sürətlə əvəzləyir, il də ilə calanır.

Üst-başının və emalatxanasının səliqəsiz olduğunu deməyimə baxmayın, elə bilərsiz dişini zadını da yumur. Dişlərini yuyur, özü də lazım olduğundan qat-qat çox. Bəzi qadınlar hirslənəndə yemək yeyən kimi, o da bir az özünü narahat hiss eləyər-eləməz hamama qaçıb diş fırçasını bir dəqiqə qaynar suda saxlayır, mikrobları öldürəndən sonra çənəsini diş-diş gəzir. Bununla elə bil ağzından çıxan kobud sözlərin, ya da elə bütün sözlərin izini yuyub aparmağa çalışır. Bu belə.

İndi gözünüzün qabağına “Xəbərlər”də “son əlli ilin ən soyuq qışı” kimi təqdim olunan bir qış gətirin. Ağaclar büzüşüb, buz zəli kimi budaqlardan yapışıb, onları yarpaqlı xatırlamaq çətindi. Adamların əlləri, burunları daxil, ruhları, nəfəsləri də donub elə bil. Küçələrdə gözə dəyən tək-tük avara küləyin ora-bura itələdiyi zibil topasına bənzəyir. Oxuyanlar Cek Londonun “Ocaq qalamaq” hekayəsinin soyuğunu yada sala bilərlər, amma o qədər də deyildi, insafən, temperatur o əsərdəkindən azı əlli beş dərəcə aşağı idi. Küçədə bir qolunda altıaylıq körpəsi yatan ortayaşlı bir kişi, ərindən on bir yaş cavan bir qadın da təsəvvür eləyin, çətin deyilsə. Külək
hücumlarını birtəhər dəf edə-edə özlərini rəssam yaşayan binaya salıb qarşılarına çıxan ilk qapını döyürlər. Qapı gözlüyü qaralır, zənciri əllənir.
- Kimdi?
Kişi çaşqın-çaşqın arvadına baxır.
- Mənəm. - O, handan-hana dillənir.
- Sən kimsən?
- Qaçqın... Bizim getməyə yerimiz yoxdu.

Qadın ərinə yeni kimliklərini təyin etdiyi üçün minnətdar-minnətdar baxır. Yeni statusu ona həm doğma, həm də yad görünür. Ona elə gəlir, bu sözdən sonra qapı açılacaq, onlar nəhayət, isti evə girəcəklər. Lakin qapının zənciri bir də əllənir, ev sahibi hər ehtimala qarşı onu son dirənəcəyi yerə qədər apardığına əmin olmaq istəyir.
- Bizim evimiz balacadı. Sizi saxlaya bilmərik.
Qısa pauzadan sonra ev sahibinin səsi eşidilir.
- Biz çox qalmayacayıq. İki-üç günə yataqxanada yer verəcəklər. Söz
veriblər...
- Bağışlayın, bizim ev doğrudan balacadı.
Qısamüddətli pıçıldaşmadan sonra ev sahibi qətiyyətlə bildirir.
Kişi bələyin üçkünc ucunu qızının üzünə örtüb çölə çıxmaq istəyəndə arvadı başqa qapıları da döyməyi təklif edir.
- Bizə yataqxana verəcək adamgilə gedək. Qoy o bir şey fikirləşsin. - Kişi
etiraz edir.
Birdən möcüzə baş verir, ev sahibinin səsi eşidilir:
- İkinci mərtəbəyə qalxın. Bizim üstümüzdə qoca bir rəssam yaşayır. Heç kimi
yoxdu. Bəlkə o sizi iki-üç gün saxlaya bildi.

Təsəvvür edin, qoca rəssam günorta yuxusuna haram qatır, qəhvəyi xalatını nimdaş pijamasının üstünə keçirib qapını açır. Ər içəri girən kimi əvvəlcə özünü ayaqyoluna atır, sonra uzun müddət əllərini zəif qaz dilimlərinə tutub isitməyə çalışır. Qadın körpənin altını yumaq üçün isti su istəyir. Rəssam çaydanda qalan ilıq suyu çuqun ləyənə boşaldır. Əri ayaqyolunda olduğundan uşağı tutmağı qadın rəssamdan xahiş eləyir. Rəssam çəkinə-çəkinə qırışmış, boya izli əllərini körpənin qoltuqları arasına salır. Birdən o, barmağının altında döyünən ürəyin ritmindən diksinir, əlləri əsir. Körpə ilıq suyun təmasından xoşallanıb aramla ayaqlarını yelləsə də, onun ürəyi həyəcanlı adamların ürəyi kimi sürətlə döyünürmüş. Elə bil qan var gücü ilə ürək divarlarını döyəcləyib azadlığa çıxmaq istəyirmiş. Qoca rəssamın bədənindən gizilti keçir, əlindəki körpənin kövrək bədəni onun gözlərini yaşardır. Rəssamın yanağından süzülən yaş çənəsinə çatmır, qırışlar arasına dolub tezliklə quruyur. Bu da belə.
İndi qoca rəssamın dostunu təsəvvür eləyin. Ağbaşlı, oynaqgözlü. Köhnə dostuna baş çəkməyə gəlir və həmişəki kimi çox danışır. Rəssamlar ittifaqının yeni üzvlərindən, uğur üçün lazım olanlardan...

- Tənbəlsən, incimə. Özünü gözə soxmasan, kimsə səni görməyəcək. Həyatın qanunu belədi. Elə bilirsən tanıdığın rəssamlar, yazıçılar durduqları yerdə tarixə düşüblər? Avam olma. Van Qoqun qardaşının o boyda şəkil biznesi var idi. Hə, sağlığında onun cəmi bircə əsəri satılmışdı, qalanlarına baxmırdılar, amma o da az aşın duzu deyildi, evində Qoqeni qonaq saxlayırdı. Sənsə...

Ağbaş kişi yan otağa əyilir.
- Ömrün boyu tək yaşadın, bu yaşda da qaçqınları yığmısan evinə.
- Gedəcəklər.
Qoca rəssam laqeydcəsinə dillənir.
- Güldürmə məni. Gedəcəklərmiş. Hara gedirlər? Yer var gedələr? Erməni day verməz o yerləri.
- Alarıq.
- Alacaqmış. Sən hələ fərli rəssamlıq elə, qalsın torpaq almağın. ...yaxşı rəsm çəkmək rəssam olmağın şərtlərindən biridi. Rasim Ələkbərlinin arvadı sənə şəxsi rəssamı
olmağı təklif eləmişdi. Razılaşsaydın, indi haralardaydın. Əsər işləyirmiş. Beş il bir əsərin üstündə işləyərlər?.. O boyda Leonardo Mona Lizanı üç ilə çəkmişdi. İndi də aləm qarışdı bir-birinə. Camaat öz hayındadı. Müharibə əsl ziyalıları qansız məhv edəcək.
- Bitirmişəm. Adı qalıb. - Rəssam güclə seziləcək sevincli səslə dillənir.
- Di tez adını da qoy, müsabiqəyə zada göndərək.
Bu hissəni də indicə bitirəcəyik. Bircə unutmayın ki, qoca rəssamın dostu onun beş ilə çəkib bitirdiyi əsərindən riqqətə gəlir. O, uzun-uzadı əsərə baxıb əlini dostunun çiyninə vurur, “sən dahisən. Deyinməyimə baxma, sən əvəzsiz rəssamsan”, deyir.

Iki gün sonra hava daha da soyuyur. Külək qoca rəssamın, daha doğrusu rəssam qocanın pəncərələrindən ikisini sındırır. Kişi evində saxladığı qonağı ilə köməkləşib şüşəsi sınmış çərçivələrə polietilen torba mismarlayır. Külək bütün gecə şıltaq uşaqlar kimi pəncərədəki politeilen torbalarla oynayır. Soyuqdan, küləyin səsindən gecəni ala-çiy yatan qoca və qonaqları səhər daha bir çətinliklə üzləşirlər. Səhər açılan kimi özünü mətbəxə atan qadın nə qədər çalışsa da, qazı yanıdıra bilmir. Günortaya qədər növbələşib qazın verilib-verilmədiyini yoxlamaq üçün rəssam və qonaqları mətbəxə gedib-qayıdırlar. Hər biri bəd xəbərlə geri dönüb buzlamış ayaqlarını yorğanın altına dürtməzdən öncə məyus-məyus qızdırmadan yanan körpənin üzünə baxır.

- Mən gedim bir-iki tanışdan soruşum, bəlkə tok peçi tapa bildim. Dərmanın təsiri keçən kimi uşağın qızdırması qalxır. Onu sirkə ilə yaxşıca ovuşdurmaq lazımdı. Məndə soyuducuda sirkə var, onu bir az qızdırıb ilıq eləmək lazımdı.

Qoca tapdığı çarənin qulundan yapışıb sevinclə ayağa durur.
- Küçə təhlükəlidi. Yer sürüşkəndi.

Qadın sakitcə pıçıldayır. Onun səsindəki etiraz kövrəkdi, üstəlik sevincə qarışıb. O, çarə tapıldığı üçün sevincini gizlədə bilmir.

- Nə etməli, əvvəlcə qonşulardan soruşaram. Olmasa, bir dostum var, ona dəyərəm.
Rəssam iri düyməli miləmil paltosunu geyinə-geyinə deyir.

xxx

İki saat sonra qoca əlində peç qapısını döyür. Qonaqlar dəhlizə yüyürür.
- Mən nəhayət, peç tapa bildim.

-Biz də çarə tapmışıq. Uşağın qızdırması düşmürdü. “Sudorqa” keçirəcəyindən qorxduq. Bir dəfə kənddə qızdırmadan dili qatlanmışdı. Bax, dişinin izi də qalıb barmağımda. Barmağımı salıb dilini çıxartdım. Qorxduq yenə helə olar. Rəngi də göyərmişdi. “Duxovka”nın içində ocaq qaladıq, sirkəni qızdırıb yaxşıca ovuşdurduq. Birdən ağlımıza gəldi. Qızdırması düşüb, yatır.
Kişi qapıdaca rəssama olanları danışır.

...əvvəlcə ancaq çərçivələri yandırmaq istədik, nə illah elədik yanmadı. Sonra şəklin özünü də yandırdıq. Gərək bizi bağışlayasan. Uşaq elə göyərmişdi ki, biz elə bildik ölür. Amma ən eybəcər şəkli seçdik. Lüt kişi idi. Əlində də alma. Yenə çəkərsən...

Rəssam dəhlizdəki alçaq ayaqqabıyığılanın üstünə yıxılanda qadının bağırtısı
uşağı oyadır. O, bic-bic ətrafa baxıb gülümsəyir.

Qonaqlar rəssamın ölümünə iki gün qalmış uşağı xəstəxanaya aparırlar. Qoca uzun-uzun qıvrımsaçlı körpəyə baxır. Sonra o, dünyanın ən qəribə təbəssümünü gülümsəyir. Bu təbəssüm onun üzündə yolunu azmış qonaq kimi görünür. Lakin mənə elə gəlir, o təbəssümün şəklini çəksəydilər, ona “barışıq” adı qoymaq olardı. Qoca rəssamın son sözləri təxminən belə olur: mənim bir də yaşama imkanım olacaq, şah əsərimi yaradacam, ona “ətdən və sümükdən” adı verəcəm.

Hekayə Van Qoqa ithaf olunur.

2013