Həftənin Qarabağ dəyərləndirməsi

heftenin-qarabag-deyerlendirmesi
Oxunma sayı: 648

İranın xarici işlər naziri Əli Əkbər Salehi Ermənistana səfər edərək, işğalçı ölkənin terrorçu prezidenti və xarici işlər naziri ilə görüşüb və “Ermənistanın regionda sülhün və sabitliyin təminatında böyük rol” oynadığını bilidirib.

Çox qəribə məntiqdir. İşğalçı və terrorçu bir dövlətin bu cür təqdim olunmasını başa düşmək olmur. Kimlərləsə əməkdaşlıq qurmaq olar, müəyyən anlarda diplomatik ifadələr işlətmək olar. Amma bu boyda ağ yalan danışmaq, qaraya ağ demək olmaz. Ermənistanı işğalçı dövlət kimi tanıdığını deyən İran hökuməti özünün xarici işlər nazirinin sərsəm fikirlərinə qiymət verməlidir.


Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdə, Ağdamın Şahbulaq və Uzundərə ərazilərində yenə də hərbi təlimlər keçirib.

Azərbaycan hakimiyyətinin bu təlimlərə dözməsi, kənardan müşahidəçi kimi seyr etməsi qorxaqlıq və qətiyyətsizlik kimi dəyərləndirilməlidir. Ermənilər bu hərəkətləri ilə təkcə Azərbaycana deyil, beynəlxalq qurumlara da meydan oxuyurlar. Azərbaycan heç olmazsa, beynəlxalq hüququn qorunması adı altında toplarını, təyyarələrini qaldırıb bu təlimləri vurmalıdır.

İndi də deputat Rövşən Rzayev Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmalarının görüşəcəyi ilə bağlı “şad xəbər” gətirib. Görüşün Berlində baş tutacağı bildirilib. Erməni mətbuatı isə bildirib ki, görüş icmalar arasında deyil, Qarabağla Azərbaycan ekspertləri arasında olacaq. Onlar “Azərbaycanlı icması” anlayışının olmadığının iddia edirlər.

Yenə də özümüzü gülünc vəziyyətə qoyuruq. Ermənilər aeroport açır, Kəlbəcərdən Ermənistana yol çəkir, Zəngilanda şəhər salmağa hazırlaşır, bizi heç adam yerinə də qoymurlar. Biz isə hələ də icmaların görüşü, “xalq diplomatiyası” və sair cəfəngiyatla özümüzü aldadırıq. Həvva Məmmədova da özünü yeyib tökür ki, bu görüşlər “vacib və labüddür”. Yəqin ümid edir ki, bu yolla təzədən deputat seçilə bilər. Bizimkilər belədi də, deputat və ya hər hansı başqa kürsüyə çıxmaq üçün nə istəyirsən desinlər, haraya qədər deyirsən əyilsinlər. Deputat Çingiz Qənizadə də Qarabağ üzrə ekspert kimi zühur elədi. Hələ görəcək günlərimiz qabaqdadı.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da bildirib ki, “Azərbaycan müharibə istəmir”.


Araz müəllim Azərbaycanın adından yalnız prezidentin danışmaq haqqının olduğunu, deyəsən, bilmir. Belə təsəvvür yaranır ki, Azərbaycanın xarici işlər nazirliyini “optom verbovka” eləyiblər. Əvvəl Elmar Məmmədyarov, indi də Araz Əzimov sülh göyərçinləri rolunda çıxış edirlər. Görünür onlara belə sifariş verilib.

Prezident İlham Əliyev Minsk qrupu və ona həmsədrlik edən ölkələrin Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişdirilməsinin zəruriliyinə dair bəyanatlarından ruhlandığını bildir.


Hesab edirik ki, bu yanlış mövqedir. Bəyanatlardan ruhlanmağın vaxtı çoxdan keçib. Artıq döyüş meydanlarından gəlməli olan şad xəbərlərə, qələbə müjdələrinə sevinməliyik.