Həftəsonu çovğun gözlənilir

heftesonu-covgun-gozlenilir
Oxunma sayı: 677

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 26-sı axşam yağıntının arabir intensivləşəcəyi, yanvarın 27-28-29-da bəzi yerlərdə güclü olacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti saniyədə 10-15 metr olacaq, arabir 20-25 metrədək güclənəcək. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.

Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, axşam 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Yanvarın 27-si axşam, 28-nə keçən gecəyə doğru çovğun olacağı ehtimalı var.

Yanvarın 27-si axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, şimal-qərb küləyinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Yanvarın 27-si axşam, 28-də çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.

Yanvarın 27-dən 30-dək Abşeron yarımadasında soyuq temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Yanvarın 27-si axşam və 28-də qarlı və şaxtalı hava şəraiti güclü xəzri küləyi fonunda daha da kəskinləşəcəyindən meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Azərbaycanın rayonlarında yanvarın 27-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv, axşama doğru şimal və şərq rayonlarında güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir.

Nigar Məmmədli