Hegemon nənələr

hegemon-neneler
Oxunma sayı: 1857

Raminə Eyvazqızı

Sonuncu dəfə uşaq həkimində olanda el arasında yayılmış bir halın şahidi oldum. Həkim növbəmiz çatanda içəri başqa pasiyentlə birgə daxil olduq. Bu qucağında (təxminən 10-11 aylıq) uşaqla olan yaşlı qadın idi. Qadına yol verdim, ardınca uşağın da anasının gələcəyini təxmin etdim. Amma uşağın nənəsi “sən otur özüm danışacam” deyib, anaya imkan vermədi.

İndi həkim otağında bayaqdan bu zorbalı nənəni müşahidə edirdim. Həkim ona uşaqla bağlı suallarını verirdi, qadın da öz üslubu ilə cavablayıdı. “Uşağın anası hanı” sualı gələndə isə nənə sakitcə, sualdan yayınıb, “həkim, nə lazımdısa mənə denən ” cavabını verdi. Pediatr dözməyib ,“anasını çağır gəlsin” dedi. Nənə bunu heç istəmirdi. Amma heyf ki, onun südü çoxdan kəsilmişdi. İçəri daxil olan gəlinin fağırlığı gözdən qaçmırdı. Həkim “uşağın anasısan, çöldə niyə dayanmısan” danlağını etdi. Belə hegemon qaynana ilə neyləsin axı bu gəlin? İndi həkim hər sualı verəndə, nənə özünü qabağa atırdı. Sonda həkim dözməyib, “xala uşağı sən doğmusan, ya anası” dedi. Yaman ürəyimcəydi. Otaqdan çıxmalı olduq, amma gəlini gələcəkdə nələr gözləyəcəni təxmin etmək çətin deyil.

Nənəli olmaq hər uşağın ayrıca bəxtəvərliyidi. Amma bəzi “nənə” statuslu qadınlar hakimiyyəti ilə ailə daxilində baş verən söz-söhbətin səbəbkarına çevrilirlər.

Çox vaxt təzə anaların dünyaya gətirdiyi uşaq üzərindəki hakimliyi doğum evindən çıxana qədər olur. Xəstəxana qapısından körpəni tibb bacısının əlindən alan nənənin eqoları başlayır. Lap dəqiq desək, oğlan analarının, qaynanaların “təcrübəli ana” təlimləri start götürür. Zərərçəkənlərsə gəlinlərdir, bu məişət zorakılığının bir forması kimi də qələmə verilməlidir. Gəl indi buna, necə dözürsən döz.

Ağrılısı ondadır ki, el arasında belə nənələrin “vəkilləri” də çoxdur. Nənələrə görə, uşaq onun tam nəzarəti altında olmalıdır. Anası hələ heç nə bilmir, həmişə onun dediyini etməyə borcludur. Di gəl ki, bir gün uşaqla bağlı problem meydana çıxarsa, həmin “firon” nənə deyəcək, “gəlin uşağa baxa bilmir ki”.

Cəfakeş, fədakar nənələrə can qurban!

Ukraynanın nüfuzlu uşaq həkimi (teleaparıcı) Yevgeni Komarovskinin nənə və nəvə münasibətləri ilə bağlı maraqlı mülahizələri var. Pediatrın fikrincə, dünyanın hər yerində “nənə sindromu” deyilən məsələ hökm sürür. Nənələrin nəvələr üzərindəki hakimiyyəti o qədər həddini aşmış olur ki, həkimə bunla bağlı hətta Avropadan da şikayətlər daxil olur. Doktor Komarovskinin gəldiyi ümumi nəticəyə baxanda azərbaycanlı nənələrimizin əhvalı canlanır. Nənələr (istisna mütləq var!) nəvələri üstünə əsirlər, uşaq həmişə isti geyinməli, isti suda çimməli, yanaqları al rəngdə, üzü toppuş olmalı, ətli yeməyi əskik olmamalıdır və sairə. Dərs oxuyan nəvələrinə “gözün xarab olacaq” deyən nənələr, gələcəkdə həmin nəvənin maşınında gəzməyi də arzulayırlar. Oxuyub, işləmədən bu necə olacaq, deyəni yoxdur. Əlinə boşqab alıb küçədə uşaq dalınca qaçan, yemək yedirdən nənələrinsə tək bir məqsədi var. Uşağı kökəltmək.

Nənənin nəvə üzərindəki haqların ölçüləri yoxdur, amma ciddi mənada bu hakimiyyət ağır nəticəyə də gətirə bilər. Misal üçün, rayonda yaşayan bir yaxınımın yenidoğumuşunu təcili şəhərə göndərmişdilər. Nənə qoymamışdı ki, uşağın heç nəyi yoxdur. Qırxı çıxmamış, körpə ölmüşdü. Məgər bu gün uşaq üstündə ailələr arasında azmı mübahisələr baş verir? Tək səbəbdən birini deyim. Nənə istəmir ki, uşaq bağçaya getsin, ana isə işləməyi arzulayır. Adam bu səbəbdən boşanmanın baş verəcəyini biləndə dəhşətə gəlir…