Həkimi öldürən həkim

hekimi-olduren-hekim
Oxunma sayı: 645

Tərslikdən çöhrəsində özünü ziyalı hesab edənlərin əksəriyyətində olmayan işıq gəzdirən Rafiq bəyin xəstəxanada qardaşları tərəfindən öldürülməsini iddia eləyən o həkim, sifətindəki cizgilərlə də, səsinin tonuyla da, verdiyi hökmün mahiyyətiylə də cəlladı xatırladırdı.

Yox e, yox, toplumun dalağından tutmuş beyninəcən, bütün orqanları dəyişdirilməli və bu əməliyyatı Avropa cərrahiyyəsi aparmalı.

Bədabəddə dalaq da, beyin də cəhənnəm, heç olmasa, kosmetik əməliyyat qaçılmaz. İnsanlarımızın sifətində təbəssüm yaradacaq kosmetik əməliyyat!

Nədən ki, Azərbaycanda bütün problemlər TƏBƏSSÜMÜN olmamasından qaynaqlanmaqda.

Hərçənd Qərbdə insanların bir-birinin üzünə gülümsəməsinə də bizimkilər bir qulp qoymuş. Ki, bu təbəssüm saxta. Ay haay... Dünya onsuz da maskalarla yaşayır da, sevgilim. Sadəcə Qərbdəkilər gözəl maska taxıblar, bizsə eybəcər maska.

Yox e, yox, kosmetik əməliyyat qaçılmaz. Qarın buraxmış toplumun fiqurasından tutmuş, davranışlarına qədər bütün mahiyyətini incəltmək, zərifləşdirmək lazım, qızım.

Özü də təcili, günü sabahdan, lap elə sabah səhərdən, lap elə səhər yerindən duran kimi ilk idman hərəkətlərindən.

Yəni bütün sahələrdə, hətta idmanın özündə belə ağır atletikadan yüngül atletikaya da keçmək gərək.

London olimpiadasında medalların statistikasından məlum: “kobud” növlərdə Şərq irəlidə, “incə” növlərdə Qərb. Məsələn, İranın qələbəsi yalnız ağırlıqqaldırmada və döyüş növlərində idi. Yəni ki, yalnız pəhləvanlıqda.

Yox e, yox, bizim toplumun Qərb dəyərlərinə müqavimətini mütləq qırmalı. Hərçənd bizimkilərin bu dəyərlər üzərinə basqısı da yalançı. Bizimkilər Avropa dəyərlərini götürməkdə daha həvəsli. Sadəcə bizimkilər hələlik Avropanın o dəyərlərini götürürlər ki, onları pulla almaq mümkün: maşın, paltar, məişət texnikası...

Bıçaq sümüyə dirənib, tərəddüdə yer yox. Bu tərəddüdə isə qətiyyətlə yox ki, Avropanın yaxşı dəyərlərini götürməli, pisindən imtina etməliyik. Bu, necə ola bilər, anlamıram. Avropa bütövdür, götürəcəksənsə, sən onu dəyər olaraq da bütöv götürməlisən – yaxşısını da, “pisini” də...

Mən heç kiməm, bunu bir vaxtlar Əhməd Ağaoğlu yazırdı: “Avropadan ağac gətirib burda əkmək istəyirsənsə, o ağacın torpağını da Avropadan gətirməlisən”.

Həə, təbəssümdən danışırdım axı… Fikir vermisənmi, dodaqlardakı təbəssüm qadını gözəl, gözlərdəki təbəssüm kişini güclü göstərir.

publika.az