“Həkimlər aylıq 10-90 min qazanırdılar” - “Dərman mafiyası” işi

hekimler-ayliq-10-90-min-qazanirdilar
Oxunma sayı: 2425

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Gömrük Hospitalının Planlama və Marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verərək deyib ki, hospitalda işləyən həkimlər müxtəlif faizlər alıblar:

“Həkimlər öz işlərini əlyazma ilə bizə təqdim edirdi. Biz də onları komputerdə yığaraq sənəd formasında Fərman Məmmədliyə verirdik. Daha sonra Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sənədlərə imza atırdı.

Mən maaşımın rəsmi hissəsini - 170 manatı kartla, 1000 manatını isə nağd şəkildə alırdım. Həkimlər aylıq 10-90 min manat arası qazanırdılar, daha çox cərrahlar alırdı”.

İdarənin arxiv işçisi Nəzakət Cəlalqızı bildirib ki, orada baş verənlərdən ancaq Maliyyə Nazirliyinin yoxlamalarından sonra xəbər tutub.

Hospitalın Satınalma Şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva bildirib ki, bütün prosesləri idarə rəisi Fikrət Qədiməliyevin icazəsi ilə həyata keçiriblər.

Proses martın 11-də davam etdiriləcək.

Murad Əhməd