Həkimlər merin əleyhinə aksiya keçirdi - Fotolar

hekimler-merin-eleyhine-aksiya-kecirdi-fotolar
Oxunma sayı: 650

“Qafqazinfo”nun xüsusi əməkdaşı hadisə yerindən bildirir ki, piket iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdirəcəklərini bəyan ediblər.
Aksiyada iştirak edən hüquq müdafiəçisi Laşa Çkartişvili Qafqazinfo-nun əməkdaşına bildirib ki, son parlament seçkilərindən sonra şəhər idarəetmə orqanları tərəfindən tibb müəssisələrinin qanunsuz özəlləşdirilməsi davam edir.

İnsanların sağlamlığı ilə oynayırlar. Qiqi Uluqavanın rəhbərlik etdiyi meriya belə qanunsuz tədbirlər həyta keçirir. Hökumətdən tələb edirik ki, Uluqavanın hərəkətini dayandırsın - deyə Çkartişvili bildirib. Onun sözlərinə görə, 13 saylı poliklinika 80 ildir ki, şəhər sakinlərinə xidmət edir.

Belə halların nəticəsində xeyli sayda insan əziyyət çəkir, çünki onlar normal tibbi müayinə ala bilmirlər. Düşünürdük ki, yeni hökumət yerli idarəetmə orqanlarının belə fəaliyyətinin qarşısını alacaqlar. Amma poliklinika noyabrın 20-də satıldı və bu onu göstərir ki, şəhər rəhbərliyi qanunsuz hərəkətləri davam etdirir - deyə Laşa Çkartişvili qeyd edib.
Hüquq müdafiəçisi qeyd edib ki, poliklinikada çalışan tibbi personalın sayı 80 nəfərdir və onlar mindən artıq şəhər əhalisinə xidmət edir. Onun sözlərinə görə, yerli idarəetmə orqanlarının qanunsuz fəaliyyətindən prokurorluğa şikayət olunması davam etdiriləcək və eyni zamanda aksiyalar davam etdiriləcək.

13 saylı poliklinikanın həkim-terapevti Sveta Mikunulova Qafqazinfo-ya bildirdi ki, ölkədə elə proseslər gedir ki, təsəvvürə gətirmək belə çətindir.

Ölkədəki tibbi müəssisələrini elə adamlara satırlar ki, tamamilə tibbə aidiyyatı yoxdur. Onların keçmişləri belə qaranlıqdır. Bir çoxumuzu işsizlik gözləyir. Tibb müəssisələrindən birində 19 nəfərdən yalnız 3-ünü işdə saxlayıblar. Həkimlərin sayı azalıb, heç bir tibbi personal yoxdur, dövlət tibb müəssisələri özəl sektora keçir. Beləliklə, ilkin tibbi yardım üzrə dövlət proqramı təhlükə qarşısındadı. Ona görə mitinqə çıxmışıq ki, bu proqramı xilas edək, - deyə o bildirdi. Onun sözlərinə görə, bu işlər artıq prokurorluğa verilib.
Amma onu bilirik ki, təkcə bizim gücümüzlə ciddi işlər görə bilməyəcəyik. Bizim arxamızda bütün ölkə, Səhiyyə Nazirliyi durmalıdır. O zaman biz istədiyimizə nail ola biləcəyik - deyə S.Mikunulova bəyan edib.

13 saylı poliklinikadan əlinizi çəkin, poliklinikalar vətəndaşlara qaytarılsın kimi şüarlar səsləndirilən aksiya polisin müşayiəti ilə insidenstsiz başa çatıb.

Cəsur Məmmədov, Tbilisi