Həkimlər Şamaxıda aksiya keçiriblər

hekimler-samaxida-aksiya-keciribler-
Oxunma sayı: 777

ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 3 gün davam edən aksiya zamanı Şamaxı ilə yanaşı ətraf rayonların da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən 30-dək sakini əməliyyat olunub. Göz Mərkəzinin həkim mütəxəssisləri burada həmçinin görmə problemi ilə üzləşən 200-dək şəxsi müayinə edərək, onlar üçün dəqiq diaqnoz müəyyənləşdiriblər.

Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin həkimləri bu il Şamaxıda ikinci dəfədir ki, belə əməliyyatlar həyata keçirirlər. Bu ilin may ayında gerçəkləşdirilən aksiya zamanı da 30-dək bölgə sakini gözdən əməliyyat olunmaqla, şəfa tapmışdı.

Qeyd edək ki, əməliyyata ehtiyacı olan sakinlərin seçilməsində Şamaxı Müalicə Diaqnostika Mərkəzinin həkimləri Göz Mərkəzinin həkimləri ilə birgə çalışıblar. Onların sonrakı müalicəsi də Şamaxı MDM-in göz həkimlərinin nəzarəti altında aparılacaq.

Göz Mərkəzinin rəhbəri, doktor Elşən İbrahimovun bildirdiyinə görə, Mərkəzin tibbi heyəti təkcə son 2 ildə Naxçıvan, Gəncə, Zaqatala, Quba və digər regionlarda Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən humanitar aksiyalar çərçivəsində görmədən əziyyət çəkən yüzlərlə xəstəyə şəfa verib və bu xeyirxah missiya bundan sonra da davam etdiriləcək.