Həkimlikdən baxıcılığa

hekimlikden-baxiciliga
Oxunma sayı: 1584


Yay gəldimi, məhləmizin monoton, yeknəsəq həyatı dəyişir. Ətrafımız, məhlə qadınlarının dediyi kimi, restoran qəbirstanlığı olduğundan hər restoranın həyətindən bir avaz gəlir. Yenə belə bir gün idi. Musiqi sədaları altında hərə altına bir kətil qoyub vaxt qatilinə çevrilməkdəydi. Biri yun didir, biri lobya doğrayır, biri qaynanasını yamanlayır, başqa biri ərini tərifləyirdi. Bir az aralıda nərd atan kişilər şıdırğı Milli Şuranın, Gezi parkının qeybətini edirdi. Bu heyin kişilər toplaşan məkana bir inomarka yaxınlaşdı. Yaşlı bir kişi maşının qapısını açıb soruşdu: “Qardaş, çöpçü Cəmşidin evi hayandadı?” Maşının arxa aynası sürətlə endi və bir saçı xınalı qadın başını çölə çıxartdı: “Çöpçü yox eyy, baxıcı Cəmşid!” Məhlə kişiləri Cəmşid həkiminn evini isnad verdilər. Maşın uzaqlaşdı...

Sən demə bizim kimi evdən bayıra çıxmayanlar bu boyda həngamədən xəbərsizmiş. Yəni bu boyda məhlənin sayıb, hörmət etdiyi Cəmşid “doxdur” fəaliyyətinin coğrafiyasını bir az da genişləndiribmiş...

Cəmşid universal bacarığa malik bir həkim idi. Endokrinoloq, uroloq, pediatr, hepatoloq, psixoloq, travmatoloq Cəmşid Hippokrat andına sadiq nadir həkimlərdən idi. Xəstələrin şəfa tapması üçün əlindən gələn köməkliyi edirdi. Bir çox elmi uğura imza atmış həkim heyf ki, bu qədər zəhmətin müqabilində ürəyi istədiyi səviyyədə tanınmamışdı. Daha doğrusu, bugünkü kimi məşhurlaşmamışdı. Cəmşid həkim bir neçə müddət bundan əvvəl yaşlaşdığı üçün sevdiyi peşəsindən ayrılmışdı. Onu həkim kimi yaxınları, qohum-qonşuları, müəyyən qədər şəhər əhli tanısa da indi onu uzaq-uzaq ellərdən arayırlar. Nə arayırlar e, günün günorta çağı çıraqla axtarırlar. Ona görə ki, doktor indi dönüb olub “baxıcı Cəmşid”, ”sınıqçı Cəmşid”, “çöpçü Cəmşid”.

Məhlə qadınları Cəmşid “doxdur”a pensiya yaşına çatdıqdan sonra vergi verilməsindən, gecələr ruhlarla danışmasından ağızdolusu danışdılar. Bəxt açmaqda, zifaf gecəsi “bağlı” olan oğlanları murada yetirməkdə həkimin tayı-bərabəri yoxmuş da, xəbərimiz yoxmuş.

Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin... qəhrəmanlarını xatırladım. Düşünürəm ki, indi ondan “şəfa” diləmək üçün gələnlərə desən ki, bu adam ali savadlı həkimdi, qayıdıb gedərlər. Həkim gec də olsa “səhvini” anlayıb, xalqın nəbzini tuta bilib...

Hər şeydən sonra, Allah adamı Cəmşid doktor kimi sonluqdan saxlayıb onu biiman eləməsin...