“Hələ vicdanın nə olduğunu bilmirəm”

hele-vicdanin-ne-oldugunu-bilmirem
Oxunma sayı: 1174

«Vicdan azadlığı, din azadlığı deyirlər. Mən 33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm. Vicdan azadlığı sözünün tam mənasını indiyə qədər mən özüm üçün ayırd edə bilmirəm». Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə noyabrın 14-də belə dedi. O, Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda «Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər» mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edirdi. Allahşükür Paşazadə daha sonra dediklərinə belə aydınlıq gətirdi: «Hər bir insanın özünün əqidəsi var, ona ad qoymaq da çətindir. Vicdanın özünün nə olduğunu bilmək hələ çox çətindir. Ona görə də bəzən çox heyfsilənirəm ki, xaricdə oturub fikir söyləyənlərin mövqeyi, xarici dövlət rəhbərlərinin bəzi qərarları digər xalqların, elə Azərbaycanın dəyərlərinə, qanunlarına uyğun gəlməyəndə bunu düzgün saymırlar. Dünyada hər şeyin sərhədi var, insan hüquqlarının, dini azadlığın, vicdan azadlığının da sərhədi var. Həmin həddi keçəndə insan hüquqları pozulur».

Allahşükür Paşazadə beynəlxalq qurumların tənqidlərinə cavab olaraq dedi: «Azərbaycanda rəhbərlik etdiyim dövrdə, xüsusən də müstəqillik illərində çoxlu dəyişiklik, irəliləyiş görürəm. Elə bilirəm ki, Azərbaycan bütün dünya üçün tolerant beşik ola bilər».

Onun fikrincə, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədədir. «Bunu mən demirəm. Misal üçün, Rusiya dövlətinin rəhbərləri hətta məndən xahiş edirlər ki, onların tələbələrini və din adamlarını Azərbaycanda oxudaq. Deyirlər: «Sizdə oxuyan tələbələr bizim tələbələrə oxşamırlar. Onlar daha yaxşı, dövlətçiliyə uyğundur». Bu gün Bakı İslam Universitetində Bolqarıstandan, Türkiyədən, Gürcüstandan, başqa yerlərdən oxuyanlar var. Mən demək istəyirəm ki, bizim yol düzgün yoldur. Fəqət bu yolda bəzi maneələr, çətinliklər var». /azadliq.org/