"Həmin vaxt Tağı Əhmədov Dubayda olub"

hemin-vaxt-tagi-ehmedov-dubayda-olub
Oxunma sayı: 1283

"MTN işi" ilə bağlı bugünkü prosesdə ifadə verən Tağı Əhmədovun dedikləri arasında ziddiyyət yaranıb.

Bu barədə jurnalistlərə açıqlamasında A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

O bildirib ki, hakim Həbib Həsənov vəkillərə Tağı Əhmədova suallar verməyə imkan verməyib: "Akif Çovdarov da Tağı Əhmədovun prosesdə qalmasını və ona suallar vermək istədiyini dedi. Hakim bunu təmin etmədi. 

Biz ondan 44 illik əmək haqqısı dediyi 3 milyon manatın mənbəyini soruşmaq istədik, hakim buna imkan vermədi. Elə bil Tağının yox, hakimlərin pulunun müqayisəsini aparırdıq. Mən 2006-cı ildən bəri Tağı Əhmədovun illik əmək haqqısı haqda çıxarış almışam. Tağı Əhmədovun qazancı illik 20-25 min manat olub. Bu da heç bir halda 3 milyon etmir". 

Vəkil qeyd edib ki, Tağı Əhmədov istintaqa ifadəsini təsdiqləyib: "Sonra isə məhkəmədə dedikləri ilə istintaq ifadəsi arasında ziddiyyət aşkarlanıb".

Belə ki, Tağı Əhmədov istintaqda MTN əməkdaşı Rəsul Rəsulovla martın 26-da görüşdüyünü və Rəsul ona Çovdarovun pul istədiyini deyib. Tağı Əhmədov 2 gün sonra yenə Rəsul Rəsulovla görüşdüyünü və 3-5 milyon manat pul tələb edildiyini bildirib. Həmin vaxt da pulu düzəldib Çovdarova verib. Ruslan Əhmədov və Əli Əhmədov da pulu martın 26-27-si tarixlərində verdiklərini deyiblər.

S.Rəsulov deyib ki, anten məlumatlarında isə Tağı Əhmədovun həmin vaxt o ərazidə olmadığı bəlli olub: "Sərhəd Xidmətinə verilən sorğumuza cavabda məlum olub ki, martın 26-da Tağı Əhmədov Dubayda olub".

T.Əhmədov isə istintaqda elə söz demədiyini bildirib. Bu zaman hakim ona çıxıb getməsi göstərişini verib, o da zaldan çıxıb. 

Vəkil bildirib ki, məhkəmə prosesi Tağı Əhmədovun istədiyi formada keçirilirib: "İstədiyi suala cavab verirdi, istəmədiyi suala yox. Hakim də buna göz yumurdu. Biz Tağı Əhmədova başa sala bilmədik ki, hakim sualı çıxarmayana qədər o suala cavab verməlidir, oğlu da hakimdir".

Məhkəmədə qısa danışan general Akif Çovdarov Tağı Əhmədova deyib ki, düz danış: "Mən 8 il sənin kuratorun olmuşam. Bir dəfə də sənlə aramda telefon danışığı olmayıb".

T.Əhmədov da bunu təsdiqləyib.

Proses fasilədən sonra davam etdiriləcək.

Murad Əhməd