“Həmişə deyirdi ki, ona bir şey olsa yaşamayacağam”

hemise-deyirdi-ki-ona-bir-sey-olsa-yasamayacagam
Oxunma sayı: 634

2011-ci ilin bir fevral gecəsi bu yazıçı ailəsinin başının üstünü, böyük qardaş Oğuzun ifadəsiylə desək, qəflətən qara buludlar aldı. Öncə ailənin başçısı, yazıçı Eyvaz Əlləzoğlu, cəmi bir neçə gün sonra həyat yoldaşı Ceyran xanım dünyasını dəyişdi. Eyvazı beyninə dolmuş qan, Ceyranı da elə ona oxşar bir dərd, beyninə dolmuş əlacsız və ümidsiz fikir apardı.

Eyvaz Əlləzoğlu 1956-cı ildə Gürcüstanın Qardabani (tarixi adı Qarayazı) rayonunun Muğanlı kəndində anadan olmuş, Tbilisi Pedaqoji İnstitutunun filoloji fakültəsini bitirmişdi. 1980-ci ildən dövrü mətbuatda hekayələri və publisistik yazıları ilə çıxış edirdi.

Kosalı kənd orta məktəbində gürcü dili müəllimi, “Samqor” qəzetində korrektor kimi fəaliyyət göstərmiş, “Gürcüstan”, “Borçalının səsi”, “Ekspress” və “Xəzər” mətbu orqanlarında əməkdaşlıq etmişdi.

1993-1996-cı illər ərzində Prezident Aparatının Milli Siyasət şöbəsində məsləhətçi, 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində ikinci katib işləmişdi. 3 nəsr kitabının müəllifiydi.

Milli Kitab Mükafatında xüsusi mükafatla təltif olunmuşdu. Ölümündən sonra daha bir kitabı işıq üzü gördü... Ayxan deyir, daha bir neçə kitablıq çap olunmamış əsəri var.

Əsərləri, iki oğlu, bir qızı qalıb.

“Atamın iş yoldaşı olmuşdum”

Ayxan deyir, atasını ailədə ondan yaxşı tanıyan yoxudu, hətta bir müddət bir yerdə də işləyiblər:

- 2008-ci ildə atamın səhhətində problem yaranmışdı, həkim demişdi ki, ona nəzarət lazımdı, çox yorulmaq olmaz. Kompüter işığı da ona ziyan idi. Buna görə yay tətilində ona kömək eləməli oldum. O, mətni deyirdi, mən yazırdım. Atam uzun illər, Azərbaycanın Gürcüstandakı səfirliyindən Xarici İşlər Nazirliyinin sərəncamına göndəriləndən sonra Sahil bağının yaxınında, Üzeyir Hacıbəyov küçəsindəki “Qlobal” tərcümə mərkəzində işləyirdi. Gürcü dilindən azərbaycancaya və ya əksinə, yaxud ruscadan gürcücəyə tərcümə edirdi. Mən onda gördüm atam necə əsəb gərginliyilə çalışır, onda bildim işi necə çətindi. Bəzən tərcümə elədiyi sənəddə bir səhv olurdu, sənədin yiyəsi sərhəddən geri qayıdır, pulunu geri istəyir, bəzən artıq pul da tələb edirdi. Atam əsəbiləşirdi, ancaq yenə bu işini xoşlayırdı. Deyirdi, burda başımın üstə müdirim yoxdu. İşə gec gəldin, tez getdin, buna nəzarət eləmirlər. Vaxtilə bilmirəm hardasa işləyəndə onda müdirə söz daşımışdılar, belə şeylər acığına gəlirdi.

Tez-tez təngnəfəs olurdu, susayırdı. Yolda gedəndə birdən nəfəsi tıxanır, dayanıb dururdu. Deyirdi ki, sovetlər dağılandan sonra bircə gün də dincələ bilmədim. Biz hərdən Gürcüstana kəndimizə dincəlməyə gedirdik, atam şəhərdə qalıb işləyirdi. Səfirlikdəki işindən çıxandan sonra daim küçədə ayaq üstə durub müştəri gözləyirdi. Qalan vaxtlarda - evdə və ya işdə əsərlərini yazırdı. Bilirəm ki, bir neçə romanını orda, işdə yazmışdı.

- Deməli, xüsusi yaradıcılıq şəraiti istəmirdi...

- Yox, hər mühitdə yaza bilirdi. Bir qəribəliyi də vardı, bir neçə əsər üzərində paralel işləyirdi. Adətən, yazıçılar bir əsəri qurtarıb sonra başqasına başlayırlar. Atamsa tutalım, 3 əsərə eyni zamanda başlayır, sonra bir gün birini, başqa gün o birini davam elətdirirdi. İşdə evdən daha rahat yazırdı - özü belə deyirdi. Son illər çox yorulmuşdu. Bunu dəqiq bilirəm...

- Bəs niyə 3 ay köməklə kifayətləndin?

- Slavyan Universitetinə qəbul oldum, sentyabrda dərslər başladı. Atam bəzi tərcümələri evə gətirirdi. Birgə işləyirdik. İnternetdə də köməyinə çatırdım. Bizimki tuturdu. Anama demədiklərini mənə danışırdı. İşdə bəzən sənəd çox olurdu, başımızı qaldırmağa vaxt tapmırdıq, bəzənsə saatlarla boş olurduq. Onda yaxındakı çayxanaya gedirdik. Atam şair-yazıçı dostlarıyla orda görüşürdü. Yadımdadı, payız vaxtlarında lap bekarçılıq olurdu, heç kəs heç bir sənədini tərcümə elətdirmirdi. Yayda başqaydı, bolluq olurdu.

- İşin gah olub, gah olmadığı bir şəraitdə dolanışığı necə tənzimləyirdiz?

- Ailədə təkcə atam işləyirdi. Amma ailə büdcəsi anamın ixtiyarındaydı. Çox tutumlu qadınıdı. Bəzən atam evə 200 manat pul gətirirdi, anam onu 2 ay xərcləyə bilirdi. Atam hərdən zarafatla deyirdi ki, bu arvadı bilmək olmur, birdən sandıqdan pul çıxarır. Atamda bədxərclik də vardı, əlinə pul keçəndə dağıdırdı. Bir dəfə işdə 70 manat qazanmışdıq. Mənə dedi, gəl gedək restorana, bu pula yeyib-içək, evdə anana demərik. Razılaşmadım, dedim, yox, pulu evə aparaq. Axırda 20 manat xərclədik. Evə çatanda puldan xərclədiyimizi məndən qabaq özü dedi. Atamın bir xasiyyəti vardı - qazandıqlarını son qəpiyə qədər evə təhvil verirdi.

Atam mənə danışırdı ki, Gürcüstandan Bakıya böyük ümidlərlə gəlibmiş. Fikirləşirmiş ki, əsərlər yazacaq, kitabları çap olunacaq, yazıçı kimi cəmiyyətdə tanınacaq, dövlətin qayğısını hiss edəcək. Ancaq çox məhrumiyyətlərlə qarşılaşdı, ümidləri boşa çıxdı. Baxdı ki, yazdıqlarının heç kəsə dəxli yoxdu, yazıçı kimi ciddi diqqət görmür. Deyirdi, kaş gəlməyəydim.

Geriyə yol olmayanda...

- Gürcüstana qayıtmaq istəyirdi?


- Geriyə yol yox idi. Atam Yer üzündə yalnız yazmaq hesabına ailənin-özünün dolanışığını təmin eləyə, yaşaya bilərdi. Əlindən başqa iş gəlmirdi. Atamın doğulduğu Muğanlı kəndində təhsildən, kitabdan çox uzaq insanlar yaşayır. Alverlə, ticarətlə məşğul olurlar - bir ucu Türkiyə, o biri ucu Rusiyaya mal aparıb-gətirirlər. Daha bir məşğuliyyətləri qız qaçırmaqdı, orda bu üsulla evlənirlər. O kənddən atam kimi kitaba, yazıya bağlı insanın çıxması həmişə mənə qəribə gəlir. Bu barədə atama da həmişə suallar verirdim.

Atamgilin nəslində də oxuyan olmayıb. Babam Əlləz tikintidə fəhlə işləyib. Amma bibim danışırdı ki, zəngin yaşayıblar, korluq çəkməyiblər. Atam deyəsən, bir az da ərköyün və tənbəl böyüyüb. Cavanlığı rahat və xoşbəxt keçib, ailə qurana qədər...

1988-ci ildə evlənəndə anamın 26, atamın 32 yaşı varmış. Atamı güclə evləndiriblər. Atam əvvəl nişanlı olub, sonra qızın başqasını sevdiyini biləndə ondan ayrılıb... Qəribədi ki, atamla uzaq qohum olan anam Yessuntikidən atamın əvvəlki nişanlısıyla toyuna tələsib, ancaq gələndə məlum olub ki, toy olmayacaq, nişan qaytarılıb. Nəhayət, nənəm Gülbəs deyib, Eyvaza Ceyranı alacam. Anama da çoxlu elçilər gəlirmiş, hətta bir dəfə qaçırmaq istəyiblər, gecə kisəyə qoyub apardıqları təsadüfən xalamın əri olub. Anam deyirdi, Eyvazı kənddə heç bəyənmirdim, yekəxana, özündənrazı oğlan kimi tanıyırdım. Kitab oxuyan atamın yerişini-duruşunu xoşlamırmış. Başqa birisinə meyli varmış. Ancaq anamın atası Namaz babam Əlləz babamla vədələşibmiş.

- Birgə necə yaşayırdılar?

- Mübahisələri olurdu, təbii. Ancaq heç vaxt ayrılmaq həddinə çatmadılar. Atamın qısqanclığı da vardı. Hərdən dolanışıq üstə söz-söhbət, narazılıq da düşürdü.

Oğuz müdaxilə edir:

- Atamla anam bir-birini sevməmişdilər, başqa-başqa dünyanın adamlarıydılar. Ailə qurandan sonra isə sevgi yaranmışdı, anam dəhşət bağlanmışdı... Ölümü də bunu sübut edir, heç uşaqları da gözünə durmadı. Ancaq qəribə də olsa evdə anam atamdan çox dözümlüydü. Hərdən anam atama tənə vururdu ki, Prezident Aparatında da işlədin, səfirlikdə də, amma bircə dəfə yuxarıya bir ərizə yazıb ev istəmədin.

- Heç vaxt yazmadı. Niyə?

- Nə bilim, xasiyyəti beləydi. İstəyirdi özü ayaqda dursun.

Zarafatla başlayıb, "zarafat"la bitən gecə

- Uşaqlar, ürəyinizə gəlirdi belə bir hadisə olar? Evdə ölüm mövzusu gəzirdi?


Hər üçü:

- Yox!

Oğuz:

- Hərdən zarafatla danışırdılar. Atam bir az ölümdən qorxanıdı, anam yox. Hərdən anam şikayətlənəndə biz zarafata salırdıq. Həmin axşam da Şabana baxırdıq, Kamal Sunalın “Hababam sinfi” filminə. Deyib-gülürdük. Yatdıq, gecə səsə ayıldım. Saat 3-4 olardı. Birinci Ayxanı çağırmışdılar. Gördüm zalda işıq yanır, dərman iyi gəlir. Atam ayaq üstə dura bilmirdi, dili pəltəkləyirdi. Elə hey: “Başıma, başıma vurdular” deyirdi. Anam kömək eləyəndə başı divara dəymişdi. Nə qədər çalışdıq, ayağa qaldıra bilmədik. 2011-ci il fevralın 26-na keçən gecəydi. Axşamdan televizorda Misir hadisələrini göstərirdilər. Yuxuda Misir hadisələrini görübmüş. Üzünü Gülbəsə tutdu, zarafatyana: “Məni Misirə aparırlar, Misirə gedirəm” dedi.

Ayxan:

- Mənə yazmağı tapşırdı. Sonra yenə nəyisə demək istədi, deyə bilmədi. Həkim gələndə səsi öləzimişdi. Xəstəxanaya apardıq, reanimasiyaya yerləşdirdilər. Səhər həkim dedi ki, bir-iki saat ömrü qalıb. Beyni tamam qanla dolub. Adətən, evdə axşamlar başına papaq qoyurdu, deyirdi, başım üşüyür.

Geniş və soyuq kirayə otaqları

Ailə Əhmədlidə yataqxanada olan bir otaqlı mənzili kirayəyə verib, özləri 5 otaqlı başqa bir mənzildə qalırmış.

Oğuz:

- Bəlkə də, kirayədə qaldığımız otaqların genişliyi və soyuqluğu da onun ölümünü tezləşdirdi. Həkimə getməyi də xoşlamırdı.

- Uşaqlar, ananızın intiharı barədə nə düşünürsüz, niyə elə elədi?

Gülbəs:

- Əvvəllər də deyirdi ki, Eyvaza bir şey olsa yaşamayacam.

Ayxan:

- İntihar eləyən gecədən əvvəlki gün anama atasızlığın çətinliyindən danışdım, mənə təskinlik verdi, məsləhətləri də oldu...

- Bəlkə, özü hazırlaşırmış?

- Bəlkə də.

Öğuz:

- Atamın ölümündən 6 gün sonra, martın 4-nə keçən gecə bibilərim də evdə yatıblarmış. Heç kəsin xəbəri olmayıb. Heç kəs səsə oyanmayıb. Səhərə yaxın özünü balkonda “kastinka”sıyla asıb. Yaxında şüşə olub, ayağı ona toxunsaydı, bəlkə, səsə oyanan olardı. Sonradan ekspertizada həkimlər dedi, boğulanda peşmanıymış, xilas olmaq istəyib, bacarmayıb - ayaqlarında iz qalmışdı.

Çox dəhşətli dövr idi, atamdan-anamdan sonra dayım da rəhmətə getdi, xərçəngi vardı. Təhsil haqqı ödəyə bilmədiyimə görə məni Xəzər Universitetindən çıxardılar. Sonra Allaha şükür, bir xeyirxah insanın köməyilə bərpa olundum. Elə bil, hər şey bir anda sürətlə baş verdi, başımızın üstünü qara buludlar keçdi...

- İndi necə yaşayırsız? Ananızın ən çox qorxduğu gün bu idi...

- İnanmıram ki, anamı maddi durum qorxudub. O, çox çətinliklərdən keçmişdi. Onu atamın yoxluğu apardı, məncə. Zəif yeri o imiş - atam. Onsuz da həmişə bizə deyirdi ki, sizdən çox Eyvazı istəyirəm.

İndi dolanışığa gəldikdə, mən yay aylarında işləyirəm. Ayxan da işləyir, “Publika” saytına yazır. Pulu isə Gülbəs idarə eləyir. Anamız odu... Yayda Yessuntikiyə, qohumların yanına yolladıq, dedik, bir az stressdən çıxsın. Onsuz bilsəniz necə çətin oldu!

Bu üç uşaqda valideynlərdən nələr qalıb - bunu dəqiq demək çətin olsa da, bəlkə, məhz son ilyarımın hadisələri Oğuza təmkinli, Ayxana şairanə, Gülbəsə qayğılı görkəm verib. Bunlar hamısı qarşıdakı illəri yaşamaq üçün görülən tədarükdü, həyat necə deyərlər, davam edir, bu davamiyyət o qədər aşkar və elə qətidi ki, heç inanmırsan ölümlü-itimli günlər də olub... /teleqraf.com/