Həmsədrlər prezidentləri niyə görüşdürmək istəyir?

hemsedrler-prezidentleri-niye-gorusdurmek-isteyir-
Oxunma sayı: 659

2013-cü ilin birinci yarısı tamamlanmaq üzrə olsa da, Qarabağ danışıqlarında irəliləyiş yoxdur. Danışıqlar əvvəlkitək “Madrid pirsipləri”nin bəndləri ətrafında gedir. Həmsədlərin bu səfərindən də ciddi nəticə gözlənilmir. Tərəflər sülh sazişindən əvvəlkitək uzaqdırlar.

Vasitəçilərin növbəti səfərdən məqsədləri sadəcə bölgədə gərginliyin qarşısını almaq və prezidentlərin uzun müddətdir fasilə verdikləri təmaslara başlamalarını təmin etməkdir. Azərbaycan prezidenti İlham Əliyev bir neçə il öncə verdiyi açıqlamada erməni həmkarı Serj Sarkisyanla imitasiya xatirinə görüşməyəcəyini bildirmişdi. Buna baxmayaraq, bu açıqlamadan keçən müddətdə Rusiya ərazisində bir neçə görüş təşkil olundu. Bu görüşlərə razılıq Moskvanın vasitəçiliyinə “yox” deməyin çətinliyi ilə bağlı idi. Görüşün Avstriyada keçirilməsi təklifinə isə “yox” demək elə də çətin deyil. Çünki, bu görüşün də nəticəsiz qalacağı əvvəlcədən bəllidir.

Azərbaycanda prezident seçkisinə 5 aydan az vaxt qalıb və rəsmi Bakı seçki öncəsində istənilən rislqi addımdan çəkinəcək. Ermənistanda bu ilin başlanğıcında - prezident seçkisi dövründə Serj Sarkisyan da Qarabağ danışıqlarını arxa plana keçirərək, başı daxili siyasi mübarizəyə və xarici amili neyrallaşdırmağa qarışmışdı. İndi İlham Əliyev də eyni durumdadır.

Birincisi, prezident seçkisi bitməyənə qədər Azərbaycan hakimiyyəti Qarabağ probleminin güc yoluyla həlli perspektivindən az danışacaq.

Ikincisi, həmsədrlərin istəyi əsasında Ermənistanla razılaşaraq hər hansı saziş imzalamaq seçki öncəsi Azərbaycan hakimiyyətinə daxildə əlavə problemlər yarada biləcəyindən rəsmi Bakı yaxın aylarda danışıqların aktivləşməsində də maraqlı olmayacaq. Çünki, yaxın tarixdən də bəllidir ki, danışıqları aktivləşdirmək həll prosesinin Azərbaycanın xeyrinə inkişafı mənasına gəlmir.
Ermənistan isə əksinə bu müddətdə danışıqları süni surətdə aktivləşdirməyə və beynəlxalq təzyiqin Azərbaycana yönəlməsini istəyir. Təsadüfi deyil ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan son iki ayda Moskva, Paris və Londonu ziyarət edərək, hər 3 ölkənin siyasi dairələrində Qarabağ mövzusunu aktuallaşdırmağa çalışıb.

Nalbandyanın Parisdə fransalı həmkarı Loran Fabiusla görüşdə Ermənistanın Qarabağ münaqişəsinin həlliylə bağlı 6 prinsipə razılaşdığını söyləməsi Azərbaycanda böyük əks-səda doğurdu. Əslində Nalbandyanın bu açıqlaması seçkiöncəsi Azərbaycan hakimiyyətinə təzyiq əhəmiyyəti daşıyır. Ermənistanın xarici işlər naziri bununla beynəlxalq aləmdə belə bir təəssürat yaratmaq istəyir ki, sanki Yerevan münaqişənin güzəştlər əsasında həllinə tərəfdardır, Bakı isə əks-mövqedən çıxış edərək sülh sazişinin imzalanmasını ləngidir. Halbuki, Nalbandyanın sadaladığı 6 prinsipdən 5-ə Azərbaycan da razıdır. Söhbət yalnız Dağlıq Qarabağda referendum keçirilməsini nəzərdə tutan prinsipdən gedir ki, rəsmi Bakı həmin bəndə etiraz edir. Çünki, bu bənd danışıqları bəri başdan çıxılmaz vəziyyətət sürükləyir. Sazişdə referendum tarixinin dəqiq göstərilməsi Dağlıq Qarabağın müstəqilliyinə yaşıl işıq yansdırmaqdır ki, istənilən Azərbaycan hakimiyyəti bu bəndə razılaşmaz.

Beləliklə, danışıqlarda ən azı bu ilin sonuna qədər ciddi irəliləyiş gözlənilmir. Belə isə həmsədlər bölgəyə səfərlərini niyə intenvisləşdirir və prezidentləri görüşdürmək istəyirlər?

Məsələ burasındadır ki, bölgədə atəşkəs kövrəkdir, qarşıduran tərəflərin hər an toqquşma ehtimalı var. Toqquşmada üçüncü qüvvələrin marağı da ola bilər. Bu isə həmsədr dövlətləri, ilk növbədə ABŞ-la Avropa Birliyini ciddi narahat edir. Suriyada vətəndaş müharibəsi davam edərkən və bu problemin həlli haqqında böyük və maraqlı dövlətlərin aydın təsəvvürü olmazkən, İranın nüvə çalışmaları bir başqa münaqişənin alovlanmasını gündəmdə saxlayarkən, üstəgəl də Azərbaycanla Ermənistan arasında savaşın başlaması ehtimalı vasitəçi dövlətləri preventiv addımlar atmağa məcbur edir. Preventiv siyasətin həyata keçirilməsi isə Minsk Qrupu həmsədrlərinə tapşırılıb.

Vasitəçi dövlətlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nəticəsiz qalacağını bilsələr də, diplomatlarını Bakı və Yerevana göndərməklə, bölgədə gərgin atmosferin nisbətən yumşalmasına çalışırlar. Hər halda İlham Əliyevlə Serj Sarkisyanın Avstriyada bir-birlərinin əllərini sıxması, fikir mübadiləsi aparmaları qarşıdurma və bölgədə savaş ehtimalını azaldır. Böyük dövlətlər Azərbaycan və Ermənistan prezidentlərini növbəti dəfə görüşdürməklə onlara “savaşa başlamayacağıq” dedirtmək istəyirlər. Onsuz da rəsmi Bakı qeyd etdiyimiz kimi, bu ilin sonuna qədər danışıqları intensivləşdirərək güzəşt əsasında sülh sazişi imzalamaqda maraqlı olmadığı kimi, Qarabağ probleminin güc yoluyla həllinə də həvəsli deyil.
Buna baxmayaraq, Ermənistan Azərbaycanın iqtisadi, maliyyə və hərbi imkanlarının artmasından ciddi narahatdır. Ermənistanın siyasi və ekspert dairələrində belə bir düşüncə var ki, gələcəkdə Azərbaycanın artan potensialı işğal altındakı torpaqların boşaldılmasına yönələcək. Odur ki, Yerevan imkan daxilində Azərbaycana xaricdən və içəridən əlavə problemlər yaratmaq istəyir. Yerevan Azərbaycanın Rusiya və İranla mövcud gərgin münasibətlərdən yararlanmağa çalışır, paralel olaraq Moskvadan hərbi, İrandan isə tranzit asılılığını artırır və beləcə bölgədə üçlü Ermənistan-Rusiya-İran üçlü ittifaqı güclənir, digər tərəfdən Azərbaycana daxildən müəyyən problemlər yaratmaqa çalışır. Ermənistandakı dairələr Azərbaycanın şimalında və cənubunda milli azlıq nümayəndələrinin etnik zəmində fəallaşmalarını qarşısına məqsəd qoyaraq təxribatçı xəbərlərin miqyasını genişləndiriblər. Həmin xəbərlərdə guya Azərbaycanda milli azlıqların sıxışdırıldığı iddia edilir, bu məqsədlə Ermənistanda keçirilən konfranslara milli azlıqların separatçı təmsilçiləri dəvət olunurlar. Şuşada talış radiosunun yayıma başlaması da bu siyasətin tərkib hissəsidir.

Bakı Yerevanın Dağlıq Qarabağ azmış kimi Azərbaycanın başqa məkanlarında da etnik problem yaratmaq istəyini, o cümlədən işğal altındakı Laçın və Şuşada məskunlaşmanın miqyasının artırması fəaliyyətini beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupu həmsədlərinin diqqətinə daha aktiv şəkildə çatdırmalı, Ermənistanın bu siyasətinin bölgədəki sülhü daha çox çıxılmaz vəziyyətə sürüklədiyini anlatmalıdır.

“Atlas” Araşdırmalar Mərkəzi