SalamNews-un məlumatına görə, o jurnalistlərə deyib ki, kimlərsə Ramil Səfərov məsələsi ilə bağlı müxtəlif bəhanə axtarırlar. Ramil Səfərov azadlığa buraxılmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dəyişiklik yox idi.
A.Əzimov ATƏT-in Minsk Qrupu həmsədrlərini bu məsələdə tutduğu mövqeyə görə tənqid edib: “Bəlkə də həmsədrlər bu vəziyyətdən sui-istifadə edirlər. Çünki həm Ermənistan, həm də Minsk qrupunun həmsədrləri Ramil Səfərov məsələsini çox mənfi dəyərləndiriblər. Həmsədrlər yaydıqları bəyanatda belə bir ifadə işlədiblər ki, bu məsələdən sonra münaqişənin sülh yolu ilə nizamlanması prosesi çətinləşəcək. Amma sizə deyirəm, bu prosesdə Ramil Səfərov məsələsindən də əvvəl heç bir inkişaf olmayıb, ermənilər həmişə danışıqlar prosesində mənfi mövqe tutublar. Həmsədrlər isə yalnız vaxt qazanıblar, ora gedib, bura gəliblər, amma, sözün düzü ciddi iş aparmayıblar”.