Hər ay bir kisə pul qazanan deputatlar...

her-ay-bir-kise-pul-qazanan-deputatlar
Oxunma sayı: 5571

Seymur Verdizadə

Müşahidələrim onu deməyə əsas verir ki, biz gənclərə ancaq kağız üzərində “qayğı göstəririk”. Təkcə Bakıda deyil, hətta əyalətlərdə də vəzifələrin 98 faizini yaşı əllini ötmüş şəxslər tuturlar. Gəncləri ancaq düşmənlə təmas xəttində, soyuq səngərlərdə irəli veririk...

“Köhnə qvardiya”ya 84 yaşlı Artur müəllim başçılıq edir. Hökumətin yuxarı eşelonunda qocaman kadrlar o qədər çoxdur ki, iqtidar düşərgəsində 70 yaşlı kişiyə “cavan oğlan” kimi baxırlar. Bu adamların sayəsində əcnəbilər Azərbaycanın uzunömürlülər diyarı olduğuna inanmağa başlayıblar.

Rəhmətlik Bəxtiyar Cavadov bir dəfə mənə demişdi ki, övladları hüquq-mühafizə orqanlarında işə düzələndən sonra öhdəsindən ləyaqətlə gəldiyi prokuror postundan könüllü şəkildə istefa verib. Bunda məqsəd oğlanlarının yolunu açmaq, onların hakimiyyət iyerarxiyasında irəliləməsinə şərait yaratmaq olub. Amma indi vəzifədə çalışan ataların uşaqlarına görə kənara çəkilməsinə ehtiyac yoxdur. Çünki onların övladları məhz ataları vəzifədə işlədiyi üçün qabağa gedə bilirlər. Dərd odur ki, bu adamlar öz övladlarının yolunu açsalar da, başqalarının uşaqlarının yolunu bağlayırlar. Hərəsi beş-altı vəzifə tutduğu üçün savadlı gənclərin çoxu işsiz qalıb.

Yaşını yazıb, deputat Ziyad Səmədzadəni gözə gətirmək istəmirəm. Arzum budur ki, Allahın bəxş etdiyi ömrü şad-xürrəm yaşasın, Azərbaycan xalqı kimi çörək dərdi çəkməsin. Və əminəm ki, əlində bu qədər vəzifəsi olan adam heç vaxt beş-on manata möhtac qalmayacaq.

Ondan başlayaq ki, Ziyad müəllim Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Bizim ölkəmizdə başqasının pulunu saymaq eyib iş sayıldığı üçün Azərbaycanda akademiklərin ayda nə qədər məvacib aldığını yazmayacağam. Ziyad Səmədzadə həm də Milli Məclisin deputatıdır. Üstəlik, neçə ildir parlamentin İqtisadi Siyasət Komitəsinə rəhbərlik edir. Bu isə o deməkdir ki, həm deputat həmkarlarından çox maaş alır, həm də xidməti maşınla təmin olunub.

Ziyad müəllim bu qədər işin arasında vaxt tapıb, pedaqoq kimi də fəaliyyət göstərir. O, uzun illərdir saat hesabı ilə Bakı Biznes Universitetində dərs deyir. Hələ bu hamısı deyil. Ziyad müəllim həm də Azərbaycan İqtisadçılar Birliyinin sədri, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü, Bakı Dövlət Universitetinin Dissertasiya Şurasının üzvüdür. Elə bilməyin ki, hörmətli akademikimiz bu qurumlarda ictimai əsaslarla təmsil olunur. Əvvəllər mən də elə bilirdim. Sonra öyrəndim ki, Ziyad müəllim dissertasiya işlərinə yazdığı hər rəy üçün yüksək məbləğdə qonorar alır.

Bu yaxınlarda bilmişəm ki, Ziyad Səmədzadə həm də bizim həmkarımızdır. Hazırda o, “İqtisadiyyat” qəzetinin baş redaktoru, bir neçə elmi jurnalın redaksiya şurasının üzvüdür. Səmədzadə yoldaşın baş redaktoru olduğu “İqtisadiyyat” qəzeti hər ay dövlət büdcəsindən maliyyə yardımı alır. Söz verirəm, jurnalistlərin növbəti qurultayında Ziyad müəllimin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə namizdəliyini şəxsən özüm irəli sürəcəm. Ziyad Səmədzadənin Hacı Sabir Həsənlidən nəyi əskikdir ki?

Bu siyahını istədiyimiz qədər uzada bilərik. Məsələn, deputat Eldar Quliyev, həm də “Azərittifaq”ın sədri və Azərbaycan Kooperasiya Universitetinin rektorudur.

Uzun illər Bakı Qaz Emalı Zavoduna rəhbərlik etmiş deputat Hüseynbala Mirələmov, həm də YAP-ın Xətai rayon təşkilatının sədridir. Hüseynbala müəllim bununla paralel olaraq, ARDNŞ prezidentinin müşaviri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri vəzifələrində də çalışır.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, həm də Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsini tutur. İnanın, Hacıbala müəllimin hansı laboratoriyaya rəhbərlik etdiyini araşdırıb üzə çıxarmağa həvəsim olmadı. Əminəm ki, hansı laboratoriyanın müdiri olduğu Hacıbala Abutalıbovun özünün də yadından çıxıb. Onsuz da Hacıbala müəllimin pulu başından aşır. Həmin laboratoriyaya akademik karyerasını davam etdirməkdə israrlı olan gənc fiziklərdən biri rəhbərlik etsə, dünya dağılmaz...

Bəzi məmurlar, ayrı-ayrı deputatlar dövlət qurumlarında tutduqları vəzifələrin hesabına hər ay evlərinə bir kisə pul aparırlar. Buna görə də zavallı gənclər qəpiyə güllə atırlar.