“Hər dəfə bizə 4-5 qol vururdular” - “Sumqayıt”ın hücumçusu

her-defe-bize-4-5-qol-vururdular
Oxunma sayı: 1737

“Sumqayıt”ın hücumçusu Amil Yunanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"a qalib gələrək (2:0) yarımfinala yüksəldikləri matçdan sonra brifinq keçirib. Matçda vurduğu baxımlı qolla son nöqtəni qoyan gənc hücumçu “Qafqazinfo”nun suallarını cavablandırıb. 

- “Sumqayıt” tarixi qələbə qazandı. Buna nəyin hesabına nail oldunuz?

- Əlbəttə, bu, tarixi nəticədi. Əsas səbəbi səfərdən yaxşı nəticəylə qayıtmağımız oldu. Bilirdik ki, yrımfinala çıxmaq üçün evdə 1:0 hesablı qələbə də bizə sərf edir. Azarkeşlərimizin də dəstəyini qeyd edərdim. Sağ olsunlar, sona qədər bizi tək buraxmadılar. Komandada hamı bir nəfər kimi sonadək mübarizə apardı. Son illərdə “Sumqayıt” kubokda “Qarabağ”la düşürdü.

- Son 3 mövsümdə ardıcıl olaraq yollarınız məhz 1/4 finalda kəsişirdi..

- Bəli, Hər dəfə bizə 4-5 top vururdular, keçə bilmirdik. Amma bu dəfə qarşımıza məqsəd qoymuşduq ki, növbəti mərhələyə keçməliyik. İnanıram ki, növbəti rəqibimiz olan “Keşlə”ni də keçib, final oynayarıq.

- Qolun sevincini çılğınlıqla qeyd etdin. Bu, neçə vaxtdır fərqlənə bilməməyinlə bağlı idi, yoxsa?

- Topu boş qapıya vursaydım da, qolu eyni cür qeyd edərdim. Həqiqətən neçə vaxtdır fərqlənə bilmirdim, Hərdən məndə belə hallar olur. Bilirdim ki, 2:0 yaxşı nəticədi və artıq yarımfinala çıxçağımız deməkdi. Buna görə də sevinirdim. Rəqib “Qarabağ” olduğundan qolumuz daha çox çılğın şəkildə qeyd etdim. Bəlkə də düz etmədim. Amma özümü saxlaya bilmədim.

- Formanı çıxardığın üçün sarı vərəqə aldın. Bu vərəqə sənə, komandana qarşıdakı və ya final oyununda çətinlik yarada bilər...

- Bilirəm. Çalışacam, növbəti kubok oyunlarında sarı vərəqə almayıb.

- “Qarabağ” səddini keçdikdən sonra finala yolunuzun açıldığını demək olarmı?

- “Keşlə” də yaxşı komandadı. Ümid edirəm ki, onları da keçib finala çıxarıq. Bu, bizim üçün böyük uğur olar.

- Bu oyunda heyəti kim müəyyənləşdirmişdi: Hazırda İspaniyada olan baş məşqçiniz Samir Abasov, yoxsa komandanı oyuna çıxaran köməkçisi Semur Rəhimov?

- İlk oyunda da bu heyətlə oynamışdıq və onda pis təsir bağışlamamışdıq. Yəqin, heyətdən Samir müəllimin xəbəri var idi. Dəqiq bilmirəm, bunu məqşçilərdən soruşmaq lazımdı.

- Oyundan sonra klub prezidenti Kamran Quliyevlə uzun müddət söhbət etdiniz. Maraqlıdır, nə danışırdınız?

- Heç nə. Sadəcə, təbrik etdi, sevincini bizimlə bölüşürdü.

- Bu oyunda millinin yeni baş məşqçisi Qurban Qurbanovun komandasına qarşı oynadın. O da artıq səni diqqətdə saxlayacaq. Bu amil sənin milliyə düşmək perspektivini artıracaqmı?

- Milli komandada oynamaq ən böyük arzularımdan biridi. O formanı geyinmək üçün çox çalışmaq lazımdı. Artıq böyük turnirlərdə oynamağın vaxtıdı. Baş məşqçi dəvət göndərsə, canla-başla oynamağa hazıram.

- Səncə, milli komandaya yolun “Qarabağ”dan keçir, yoxsa “Sumqayıt”dan da ora düşə bilərsən?

- Komandamız çempionatda 4-cü pillədədi. Kubokda da mərhələ keçmişik. Elə “Sumqayıt”da özümü yaxşı tərəfdən göstərsəm, düşünürəm ki, milliyə dəvət ala bilərəm.