Hər gün 7 min körpə ölür

her-gun-7-min-korpe-olur
Oxunma sayı: 1326

Böyük elmi nailiyyətlər əsrində hər il milyonlarla körpə vaxtında qarşısını almaq mümkün olan xəstəliklər ucbatından özünün 5-ci doğum gününədək yaşamır. 2016-cı ildə hər gün 5 yaşınadək 15 min uşaq ölüb. Onların 46 faizi – 7 min uşaq 28 gündən artıq yaşamayıb.

"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, son 7 ildə uşaq ölümünün qlobal göstəriciləri, bütövlükdə azalıb. BMT-nin Uşaq Fondunun (YUNİSEF), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Dünya Bankının, BMT-nin Sosial və İqtisadi Məsələlər üzrə Departamentinin birgə hazırladıqları hesabatda bütün dünyada uşaq ölümü barədə statistik məlumatlar göstərilir. Sənəddə bildirilir ki, 2000-ci ildə 9,9 milyon, 2016-cı ildə isə 5,6 milyon körpə 5 yaşınadək ölüb.

YUNİSEF-in nümayəndəsi Stefan Peterson deyib: “2000-ci ildə 5 yaşınadək olan 50 milyon uşağın həyatını xilas etmək mümkün olub. Bu da uşaq ölümünün qarşısını almaq uğrunda mübarizə aparan tərəfdaşlarla hökumətlərin ciddi bağlı olduğunu sübut edir.

Lakin onun sözlərinə görə, hələ də uşaqların çoxu qarşısını almaq mümkün olan və sağalan xəstəliklərdən ölür, halbuki bu tendensiyanı aradan qaldırmaq üçün lazım olan bütün bilik və texnologiyalar mövcuddur.

Kiçik yaşlı uşaqların əsas ölüm səbəbi sətəlcəm və diareyadır. 5 yaşadək uşaq ölümündən bu iki xəstəliyin payına, müvafiq olaraq, 16 və 8 faiz düşür.

Əgər indiki tendensiya davam edərsə, 2017-ci ildən 2030-cu ilədək olan dövrdə 60 milyon uşaq 5 yaşınadək sağ qalmayacaq. Uşaq ölümünün ən yüksək həddi Cənubi Asiyada və Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində müşahidə olunur. Kiçik yaşlı bütün uşaq ölümlərindən bu iki regionun payına, müvafiq olaraq, 39 və 38 faiz düşür.

Hesabat müəlliflərinin rəyinə görə, uşaq ölümünün əsas səbəbləri, ilk növbədə, yoxsulluq və bərabərsizlikdir. Əgər dünyanın bütün ölkələri yüksək inkişaf etmiş ölkələrin uşaq ölümü göstəriciləri səviyyəsinə çıxsaydı, 5 yaşadək ölüm hallarının 87 faizinin qarşısını almaq mümkün olardı.