Hər şeyin təzəsi, nömrənin köhnəsi...

her-seyin-tezesi-nomrenin-kohnesi
Oxunma sayı: 4431


Bildiyimiz kimi, mobil operatorlar artıq nömrə daşınma xidmətini tətbiq etməyə başlayıblar. Bu sistemin  mahiyyəti ondan ibarətdir ki, indi abonent istifadə etdiyi nömrəsini başqa şirkətin abunəçisi kimi də istifadə edə bilər.

Nə zaman nömrə daşınması mümkün deyil?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hələ ötən ildən təsdiq etdiyi qaydalara əsasən, mobil telefon nömrəsinin bir operator şəbəkəsindən digər şəbəkəyə daşınması abunəçinin müraciəti əsasında 6 gün müddətində həyata keçirilir. Abunəçinin hesabında borc varsa, nömrənin daşınması ilə bağlı şəxsi məlumatlar natamamdırsa, daşınması tələb olunan nömrənin abunəçiyə aidliyi sübut edilmirsə, nömrənin bir şəbəkədən digər şəbəkəyə daşınması mümkün olmaya bilər. 

Şərtlər

Daşınması tələb olunan nömrə mövcud olduqda və nömrə daşınması üçün təqdim olunmuş ərizə və sənədlər düzgün olduğu halda abunəçi istifadə etdiyi şəbəkə operatoru ilə müqaviləni dayandırır və şəbəkəsinə keçmək istədiyi operatorla müqavilə bağlayır. Abunəçinin müqaviləsi, başqa sənədləri mərkəzi baza sisteminə daxil edilir. Daşınmış nömrənin digər şəbəkəyə yenidən daşınması, sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər. Buna görə də abunəçilərin şirkətləri dəyişərkən hərtərəfli düşünməsi, mobil operatora qarşı olan tələblərini, almaq istədiyi xidmət səviyyəsini, tarifləri, servis çeşidini özü üçün müəyyən etdikdən sonra qərar verməsi tövsiyə olunur.

Hər şeyin təzəsi, nömrənin köhnəsi...

Mobil Nömrələrin daşıma sistemi abunəçilər üçün çox müsbət şərait yaradır. 

Yuxarıda sadalanan bütün məsələlər aydındır.  Amma eyni zamanda abunəçilərə qaranlıq qalan bir neçə məqam da var. “Qafqazinfo” da oxucular və ictimaiyyət üçün aydın olmayan həmin məqamları araşdırıb.

 Birincisi, nömrə daşınma xidməti o demək deyil ki, sən nömrəni dəyişirsən. Belə ki, sizin nömrəniz 051-lə (070,055,071) başlayırsa, siz bu xidmətdən istifadə edib başqa operatora keçirsiniz. Bu zaman siz yenə də əvvəl istifadə etdiyiniz nömrədə qalırsınız, yəni tutaq ki, Bakcell-dən Azercell-ə, və ya Azercell-dən Bakcell-ə keçirsizsə, nömrənizin əvvəlindəki kod dəyişmir. 

İkincisi, nömrə daşınması həyata keçirildikdən sonra prefikslərlə nömrənin hansı operatora aid olmasını təyin etmək mümkün deyil. (077, 070, 055, 051, 050 ilə başlayan Azercell, Narmobile, Bakcell operatorları ola bilər). Operatorların qarşı tərəfin bunu necə müəyyənləşdirəcəyi ilə bağlı məsələ isə ictimaiyyətə açıqlanmayıb.

Azercell şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Qafqazinfo” ya bildiriblər ki, nömrə daşınması xidmətindən istifadə edən şəxs müvafiq qaydalara əməl edir. Yəni kim nömrəsini məsələn, Azercell ola-ola başqa  tarifə daşıyıbsa, qaydalar yalnız ona aiddir. 

Tutaq ki, nömrəniz 070-lə başlayırsa, yeni xidmətdən istifadə edib Azercell-ə keçmisinizsə, sizə zəng vuran şəxslərin narahatlığına heç bir səbəb yoxdur. Çünki bu yalnız nömrə daşıyan tərəfə aiddir, zəng edən tərəf isə hansı operatora məxsus olan abonentə zəng vurubsa, o miqdarda kontur xərcləyəcək. Yəni abonent digər operatora daşındıqda, onun tarifləri də tamamən yeni operatora aid olur. Ona zəng edən abonentlər isə öz operatorlarının  tariflərinə uyğun olaraq danışırlar. 

Əgər abunəçinin nömrəsi daşınmış olarsa, bu zaman siqnal səsi eşidiləcək. Abunəçiyə aydın olacaq ki, qarşı tərəf də nömrə daşınma xidmətindən istifadə edib.

 Günel