Hərdən uşaqlar ana yerinə ayını seçirlər…

herden-usaqlar-ana-yerine-ayini-secirler
Oxunma sayı: 1963

Nərmin Dadaşova

“Uşaqdan çox şey öyrənirik. Məsələn nə qədər səbirsiz olduğumuzu…” (Franklin)

Bir gün qızım öz oğlan dostu ilə eyni vaxtda ayaqyoluna getdiyi üçün müəlliməsi onu danlayıb. “Oğlanlar ayaqyolunda olanda qızlar gərək gözləsin” deyib. Onun tərbiyəsinə görə bu ayıb idi, mənə görə isə 4 yaşlı uşağın üstünə qadınlıq yükləmək, vaxtından əvvəl uşağın gözlərini açmağa çalışmaq ayıb idi.

Bir neçə gündür gündəmi Moskvada dayəlik etdiyi uşağın başını kəsən qadınla bağlı xəbərlər zəbt edib. 38 yaşlı qadın, 17 il imiş ki, şizofreniya xəstəsi imiş və əri bu səbəbdən onunla ayrılıb, 3 uşağı qohumları tərəfindən əlindən alınıbmış. Təbii ki, bunlar heç biri 4 yaşlı uşağın başının kəsilməsi üçün nə səbəb, nə də bəhanə ola bilər. İnsanların bu xəbərə reaksiyası demək olar ki, eyni idi. Hamı qadını lənətləyir, uşağın valideynlərinə acıyırdı. Amma valideynləri də günahlandıran az deyildi. “Gərək ana uşağını heç kimə etibar etməsin, özü tərbiyə etsin, gözündən kənara qoymasın” tipli şərhlər də yazılmışdı. Bu hadisənin şokundan bir müddət çıxa bilmədim. Çünki mənim də təxminən eyni yaşlarda qızım var və o, gününün çox hissəsini uşaq bağçasında keçirir. Mən onun orda yaşamaq istəməyib amma yaşadığı hər hadisəyə, yemək istəməyib yediyi hər yeməyə, yatmaq istəməyib yatdığı hər vaxta görə vicdan əzabı çəkirəm. Əminəm ki, vəhşicəsinə öldürülən uşağın anası, ömrünün sonuna qədər körpəsinin axıtdığı hər damcı qana görə əzab çəkəcək.

Təxminən altı ay bundan əvvəl uşaqlarımı bağçaya qoymaq qərarı verəndə çox tərəddüd edirdim. Çünki bu, mənim tək verməli olduğum qərar deyildi. Bağçaya getməyi onlar özləri də istəməli idilər. Oranı, oradakı tərbiyəçiləri və uşaqları sevmələri əsas şərt idi. Ancaq bir şeydən əmin idim ki, uşaqların bir-birindən aldıqları enerjini, xoşbəxliyi valideyn nə qədər çalışsa da onlara verə bilməz. Bağça uşaqların ilk sosiallaşdıqları yerdir, həmyaşıdları ilə birlikdə böyüyür, oyunlar oynayır, mübahisə edir, küsür - barışır və hər gün bir-birilərindən yeni nələrsə öyrənirlər. Bağça ilə bağlı ən çox narahat olduğum məqam isə oradakı müəllimlərə verilən ad idi - “Tərbiyəçi”. Bəs kim zəmanət verir ki, bu tərbiyəçi 20 evdən gəlmiş, 20 müxtəlif həyat tərzi olan uşağa fərdi yanaşmağı bacaracaq? Mənim özümə məxsus tərbiyə prinsiplərim var. Kimin üçünsə bu doğru olmaya bilər. Məsələn, bir ana altı aylıq qızının qulağına sırğa taxmağı doğru hesab edir. Fikirləşir ki, bu proses nə qədər tez olsa, uşaq üçün o qədər rahat olacaq. Ancaq mən heç bir halda qızlarımın qulaqlarını deşdirib sırğa taxmağın tərəftarı deyiləm, çünki mənə görə bu onların verməli olduğu qərardı, yəni onların bədəninin qərarıdır. Mənim bunu etməyə haqqım çatmır. Və yaxud, mənə görə üstünə yemək dağıtmış uşağa cəza vermək doğru deyil. Balaca qızım özü yemək yeməyi öyrənənə qədər hər yeməkdən sonra çimizdirmək məcburiyyətində qalsam da, heç vaxt qaşığı əlindən almaq haqqında düşünmədim. İlk gün bağçadan evə tərtəmiz köynəklə gələndə narahat olmuşdum. Deyirlər uşaq beyni ağ kağızdı. Ora nə yazsan o da qalacaq. Ona görə narahat olmuşdum ki, o ağ kağıza iki müxtəlif adam eyni vaxtda özlərinin doğru bildikləri şeyləri yazırdı. Bu məsələləri öz-özlüyümdə həll edə bilmək üçün psixoloq yardımı belə aldım. Və belə bir nəticəyə gəldim: Hər ikimiz – mən və tərbiyəçi uşağa düzgün bildiyimiz şeyləri öyrədəcəyik. Uşaq isə hansını seçəcəyini özü müəyyənləşdirəck. Yəni, son qərar onun olacaq.

***

Dünən iki yaşlı qızımın bağçada 8 Mart tədbiri idi. Məni təbrik etmək üçün müəllimələri ona bir neçə şeir öyrətmişdi. Qızımsa söz ona veriləndə çox fikirləşmədən ana şeirini yox, “Мишка косолапый” şeirini deyib.