Hesablama Palatasının hesabatı müzakirə olundu

hesablama-palatasinin-hesabati-muzakire-olundu
Oxunma sayı: 1053

Milli Məclisdə Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti barədə hesabatı müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, hesabat məruzəsini təqdim edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, Palata tərəfindən 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 milyon manat vəsait əhatə olunub ki, bunun 22,9 faizi dövlət büdcəsinin xərcləri, 4,4 faizi büdcədənkənar fondların vəsaitləri, 0,09 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4 faizi beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2 faizi isə digər mənbələrdən ayrılan vəsaitlərdir:

“Hesabat ilində aparılmış auditlərlə yanaşı, müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər nəzərə alınmaqla, nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə iki dəfə çox olub. Palatanın 2016-cı ilin dövlət büdcəsinin icrası üzrə tərtib edilən rəyində büdcənin icrası ilə bağlı hesabat məlumatlarının və qurumların vəsaitlərin istifadəsinə dair təqdim etdikləri məlumatların müqayisəsini təmin etmək məqsədilə həyata keçirilən 117 qurum üzrə hesabat məlumatların təhlili 10,5 milyard manata yaxın məbləği və ya 2016-cı il dövlət büdcəsi xərclərinin 59,0 faizini əhatə edir. 

2017-ci ildə palataya poçt, elektron poçt, teleqram və faks vasitəsilə 288 vətəndaş müraciəti - 47 ərizə, 82 şikayət, 159 təklif daxil olub. Bu da  ötən dövrlə müqayisədə 14,3 faiz azdır. 

Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 faiz artıb. Sosial məsələlər ilə bağlı 62 (2016-cı il illə müqayisədə 10,7 faiz çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əməkhaqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün kömək göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilib”.

 Günel Türksoy