Həsənquliyev İvanişviliyə şillə vursaydı

hesenquliyev-ivanisviliye-sille-vursaydi
Oxunma sayı: 638

Q.Həsənquliyevin bəyanatını “Yeni Müsavat”a şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, B.İvanişlinin hərəkətləri normal qonşuluq münasibətləri sərhədlərini çoxdan aşıb. Politoloqun fikrincə, Gürcüstanın baş naziri Azərbaycanı təhdid, şantaj edir: “Onun Bakı-Tiflis-Qars dəmiryolu layihəsini perspektivsiz hesab etməsi, qaz tariflərini aşağı salması həddi aşmaqdır. Azərbaycan qazı ən ucuz qiymətə Gürcüstana satır. Bu ölkəyə hər il 400 milyon dollar xeyir veririk. Gürcüstanın dövlət büdcəsinin 30-35 faizi Azərbaycandan gələn pullar hesabına formalaşır. Azərbaycan Bakı-Tiflis-Qars layihəsinə 1,5 milyard dollar sərmayə qoyub. Batumidəki neft terminallarına 800 milyon dollar xərclənib. Ümumən Gürcüstanda Azərbaycanın 5 milyard dollara yaxın investisiyası var”.

Q.Hüseynli deyir ki, İvanişvilinin son bəyanatları bu xoşməramlı siyasəti heçə endirməyə xidmət edir: “Son bəyanatlar, hakimiyyət dəyişikliklərindən sonra azərbaycanlı kəndlərinə basqınlar onu deməyə əsas verir ki, Gürcüstanda yeni Qamsaxurdiya yaranır”.

Amma politoloq B.İvanişvili hakimiyyətini uzunömürlü saymır və düşünür ki, Gürcüstanda siyasi vəziyyət tezliklə dəyişəcək: “O, müstəqil dövlət rəhbərindən daha çox əlaltıya bənzəyir. Azərbaycan həmişə Gürcüstan üçün nəfəslik rolunu oynayıb. Rəsmi Bakı Gürcüstanla bağlı siyasətini sərtləşdirməlidir. ”Qulağının dibinə sillə vurulmaq" siyasətdə qəbul edilməyən ifadədir. Lakin siyasət elə qurulmalıdır ki, onun effekti sillədən ağır olsun. Gürcüstanla strateji müttəfiqlik münasibətlərinin zəiflədilməsini istəmirəm. Amma İvanişvili anlamalıdır ki, Gürcüstan Azərbaycan olmadan yaşaya bilməz. Gürcüstana verilən qaz ya kəsilməli, azaldılmalıdır. Bu, İvanişvili hökuməti üçün dərs olar".

Maraqlıdır, BAXCP liderinin sözləri doğrudan da fiziki hərəkətə keçsə, onu nə gözləyir? Yəni bir sillənin Azərbaycan qanunvericiliyində və beynəlxalq hüquqda məsuliyyəti nədir?

Qeyd edək ki, Milli Məclis bu il iyunun 29-da Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Adam döyməklə bağlı maddə (132-ci maddə) CM-dən çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə əlavə edilib. Yəni bundan sonra adam döymüş şəxs inzibati həbs alacaq və ya cərimə ödəyəcək. Məcəlləyə əlavə edilmiş 38-1 maddəsi “Döymə” adlanır. Döyməyə görə İnzibati Xətalar Məcəlləsində 500 manatdan 1000 manatadək cərimə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbsin tətbiqi müəyyənləşdirilib. Ağırlaşdırıcı hallarda bu cinayətə görə əvvəllər 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulurdusa, hazırda bu müddət 2 ildən 5 ilədək müəyyən olunub.

Vəkil Aslan İsmayılov deyir ki, şəxsi döymə ilə bağlı məsuliyyət hər dövlətin öz qanunvericiliyində ayrıca əks olunub: “Hər dövlət bunu özü müəyyənləşdirir ki, hansı əməl ictimai təhlükə daşıyır. Buna görə də məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinə edilən dəyişiklik beynəlxalq konvensiyalara uyğundur. Əvvəllər adam döymə maddəsi ilə xeyli insan məhkum edilirdi. Ancaq indiki halda bir sillə vuran adamı inzibati həbs və ya cərimə gözləyir”.