Həyatı tükdən asılı uşaq

heyati-tukden-asili-usaq
Oxunma sayı: 1598

Kənan Hacı

Üzüm ayağınızın altına, bizim evin xanımı həyətdə pişik saxlayır, adını da “dəli qız” qoyub. O gün gülə-gülə deyir feyzbukda mənə Dəli qız adında bir şəxs dostluq yollayıb, dedim yəqin elə sənin bu məstanındır. O gün məhlədə domino oynayanların yanında durub oyunu müşahidə edirdim, qonşunun arvadını əlində qayçı bizim həyətə girdiyini gördüm. Maraq məni bürüdü, dedim birdən bizim arvadın üstünə qayçı-zad çəkib eləyər. Qınamayın məni, nə işdisə, son vaxtlar adamı yortan qadınların sayı da artıb.

Sən demə, başı batmışın uşağı naxoşlayıb, deyirdi uşaq gözə-nəzərə gəlib, gəlib ki, bizim pişiyimizin tükündən kəsib aparsın, evdə tükü yandırıb tüstüsünü uşağa verəcəkmiş. İki zənən xeylağı həyətdə yazıq pişiyi girləyirdilər. Həmişə sahibəsindən nəvaziş görən pişik nə baş verdiyini anlaya bilmirdi, özünü ora-bura vururdu, bilmirdi ki, onu niyə tutmaq istəyirlər. Dedim çörək parçasını yağa batırıb qabağına tutun, özü gələcək. Bu qayda ilə nəhayət ki, “dəli qız”ı ələ keçirdilər və yoldaşım qayçı ilə belinin tükündən azca kəsib götürdü. Qonşunun arvadı pişik tükünü əlində elə möhkəm tutmuşdu ki, elə bil həyatı bircə bu tükdən asılıdır. Sevinə-sevinə, bizdən razılıq edə-edə (nədənsə pişiyimizdən razılıq eləməyi unutdu) getdi ki, pişiyin tükünü yandırsın və tüstüsünü naxoşlamış uşağına versin. Mirzə Cəlilin “Dəllək” hekayəsini xatırladım. Xanımım öz-özümə güldüyümü görüb soruşdu ki, nəyə gülürsən? Qonşunun avamlığına, dedim.

Oxuyanlar bilir, oxumayanlar üçün “Dəllək” hekayəsinin məzmununu yazım. Bir kişinin oğlu burun qanadan otla öz burnunu qanadır ki, gözlərinin ağrısı kəssin. Eşidib ki, belə edəndə adamın gözünün ağrısı kəsir. Tərslikdən uşağın burnunun qanı dayanmır. Kişi işdən evə qayıdanda arvadı üstünə cumur ki, tez qaç Usta Hüseynin üstünə (Usta Hüseyn də dəlləkdir – K.H), onun təbabətdən babat başı çıxır, bizim uşağa bir əncam eləsin, uşaq əldən gedir. Kişi də gəlib görür ki, Usta Hüseyn müştərinin başını qırxıb qurtarıb, qanatdığı yerlərə pambıq düzür. Hal-əhvaldan sonra dəllək onun papağını başından götürür və görür ki, kişinin başını tük basıb. Kişi oğlunun əhvalatını dəlləyə danışsa da Usta Hüseyn heç tövrünü pozmadan ona ərz edir ki, səni Allahın qəzəbi tutub, müsəlmançılıqda başı tüklü saxlamaq bilirsənmi nə boyda günahdır? Başı vaxtlı-vaxtında qırxdırmasan, sənə bundan da betər bədbəxtliklər üz verər. Bir də belə qələt eləmə, yazıqsan, bədbəxt olarsan, peşmançılıq da fayda verməz. Əlqərəz, Usta Hüseyn kişinin başını qırxır, kişi də dinməz evə qayıdır və görür ki, doğrudan da uşağın burnunun qanı kəsilib və uşaq qarğı atını minib şad-şalayın o baş-bu başa çapır.

...Həmin günün səhəri qonşunun arvadı yenə bizim həyətdə göründü, bu dəfə əlində qayçı yox idi, üzü də gülürdü.

-Allah sizdən razı olsun, qonşu! Uşağın qızdırması çəkilib, iştahı açılıb. Dedim də, gözə-nəzərə gətiriblər uşağımı, - deyə razılıq elədi.

-Bizə yox, pişiyə minnətdarlıq eliyin, - dedim.