“Heydər Əliyev Azərbaycanın tərəqqisini təhsildə görürdü” - Prorektor

heyder-eliyev-azerbaycanin-tereqqisini-tehsilde-gorurdu
Oxunma sayı: 3444

“Ulu öndər milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli Azərtac-a müsahibəsində deyib.

O qeyd edib ki, Heydər Əliyev müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutub:

“Ulu öndər bütün fəaliyyəti dövründə xüsusilə elm və təhsilin inkişafına xüsusi qayğı göstərib. Bu da təsadüfi deyildi. Çünki yaxşı bilirdi ki, müasir dövrdə elm və texnika, təhsil olmadan heç bir irəliləyiş əldə etmək mümkün deyil və eyni zamnda dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Buna görə də Azərbaycanın tərəqqisinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində görüb”.

Prorektor bildirib ki, Ulu öndər çıxışlarında təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərəfli inkişafında həlledici rol oynadığını dəfələrlə vurğulayıb, müəllim əməyinə yüksək dəyər verib, şagirdlərin və tələbələrin əsl vətəndaş və savadlı olmaları üçün bu sahədə böyük inkişafa aparan sistemli tədbirlər həyata keçirib:

"Heydər Əliyevin gənc nəslin təlim-tərbiyəsi ilə əlaqədar ideyalarında təhsilin məzmununun milli ruhlu, vətənsevərlik istiqamətində olması xüsusilə diqqəti cəlb edir. O, şagird və tələbələrin müasir tələblər səviyyəsində təlim, savad, dərin bilik alması ilə kifayətlənməyib, təhsil alanların mənəvi kamilliyinə, əqidə saflığına xüsusi diqqət yetirib, tədris və təlim prosesində bu amili son dərəcə mühüm prinsip sayıb.

Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində mərhum prezidentin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, keyfiyyətli orta təhsili, yəni baza təhsilinə malik olmayan insanların ciddi elmi araşdırmalar aparmaları qeyri-mümkündür. Bu baxımdan da elmin və elmi tədqiqatların inkişafından söhbət gedirsə, ilk növbədə, orta ümumtəhsil sisteminə diqqət yetirilməsi zəruridir”.

G.Hüseynli sözlərinə əlavə edib ki, elm və təhsilə göstərilən diqqətin nəticəsi olaraq, mərhum prezident özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkib:

"Heydər Əliyevin təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalayıb. Bunlar da birbaşa elmdə və təhsildə problemlərin həllinə yönəlib”.