“Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı oldu - Britaniyada

“Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı oldu
Oxunma sayı: 538

Oktyabrın 31-də Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-təqdiqatın beynəlxalq təqdimatı keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat “TEAS Press” Nəşriyyatında işıq üzü görüb. Üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi və Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin London ofisinin rəhbəri Cek Peqoraro tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü parlament üzvü Bob Bləkmana verib. Milli vəkili bildirdi ki, Azərbaycanın yüksəlişi və dinamik inkişafının böyük hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, Sovet İttifaqının adi respublikası olan bir ölkəni tamamilə müstəqil bir dövlətə çevirməyə nail oldu. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. 

Bob Bləkman vurğulayıb ki, Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Böyük Britaniya – Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələrək və bu dostluq əlaqələri gündən-günə dərinləşməkdə davam edir. Heydər Əliyev Britaniyanın yaxın dostu olmuşdur. Azərbaycandakı xarici investorlar arasında Böyük Britaniya şirkətləri liderlik edir. BP şirkəti tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AIOC) bağladığı “Əsrin Müqaviləsi” kontraktı məhz Heydər Əliyevin titanik əməyinin məhsuludur. 

Üçcildliyin müəllifi Elmira Axundova qeyd edib ki, dünyanın heç bir yerində güclü Sovet İttifaqının liderlərindən olan Azərbaycanın keçmiş kommunist lideri, Simurq quşu tək küldən yüksələrək, tezliklə bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcəyini heç kəs təsəvvür edə bilməzdi. 

“Bu insanın sirri nə idi ? Necə qəbul edilmiş hikmətə zidd olaraq, o, eyni çaya iki dəfə ayaq basmağa qadir oldu ? Hesab edirəm ki, cavab Böyük Britaniyanın sabiq Baş naziri Ser Uinston Çörçilin sözlərindəndir. O demişdir: “İnsan üçün dəyişən şəraitdə ardıcıl olaraq qalmağın yeganə yolu eyni üstünlük təşkil edən məqsədi qoruyarkən onlarla birlikdə dəyişməkdir.” Heydər Əliyev zaman və vəziyyətə görə dəyişə bilirdi və bunu təbii olaraq edirdi. Onun fədakarlığı Vətəninin – sevimli Azərbaycanının - milli maraqlarına həsr olunmuşdu.

Heydər Əliyev çox ağır bir həyat yaşayıb. O, ehtirasla inandığı idealların çökdüyünü görmüş və sədaqətlə xidmət etdiyi bir ölkənin parçalanmasının şahidi olmuşdu. O, yeni bir dövrə qədəm qoydu və həyatını sıfırdan başlayaraq, ikinci dəfə siyasi Olimp zirvəsinə yüksəldi. Ancaq bu fərqli bir ölkədə və fərqli bir dövrdə baş verəcəkdi, ”- deyə E.Axundova vurğulayıb. 

Tədbirin sonunda Londonda yaşayan tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlarımız səsləndirilib.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi