Heyvərə, qatil, zırrama...

heyvere-qatil-zirrama
Oxunma sayı: 3037

Seymur Verdizadə

Qoqol rus kəndlisini heyvərə adlandırırdı. Çexov da, Saltıkov-Şedrin də öz müasirlərinə qarşı amansız idilər. Bu, həmin vaxt idi ki, Qoqolun təbirincə desək, rus “mujik”i səhərdən-axşama qədər donuz kimi ora-bura vurnuxur, axşam isə araq içib sərxoş olandan sonra arvadını qəddarcasına döyürdü. Axşamlar “xutor”dan asimana günahsız rus qadınlarının çığırtısı yüksəlirdi...

Şəxsən mən rus ədəbiyyatı olmadan 19-cu əsr dünya ədəbiyyatını təsəvvürümə gətirə bilmirəm. Söhbət böyük Dostoyevski ilə dahi Tolstoyun eyni dövrdə yaşamasından getmir. Rus xalqı 19-cu əsrdə dünya ədəbiyyatına Puşkin, Lermontov, Qoqol, Çexov, Turgenev, Leskov və başqa ölməz sənətkarlar bəxş edib. Amma rus kəndlisinin bu cür dahilərlə eyni dövrdə yaşadığından xəbəri olmayıb. Onun sevimli məşğuliyyəti araq içmək və heç də deyingən olmayan gözəl arvadını döyməkdən ibarət idi. Buna görə də əksər rus klassikləri öz müasirlərini yerdən-yerə vurublar.

Böyük Sabir öz həmvətənlərinə qarşı Qoqol qədər amansız olmayıb. Sabir öz xalqını sevə-sevə tənqid edib. Sabirin şeirlərindən işıq süzülür. Bu, işıq onun qəlbinin aynasıdır...

Sözsüz ki, Mirzə Cəlil Azərbaycan xalqının yetişdirdiyi ən nəhəng yazıçılardan biridir. Amma o da öz müasirləri ilə həmişə ədəb çərçivəsində danışıb, ən acı həqiqəti belə şirin dillə deməyə çalışıb. Demək istədiyim odur ki, vicdanlı qələm adamı öz dövrünün eybəcərliklərinə göz yummamalıdır. Necə ki, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə məhz bu cür davranıb...

Mirzə Cəlilin müasiri olsaydım, yəqin ki, mən də onun kimi yazardım. Böyük Cəlil kimi tənqid edirdi? 12-13 yaşlı qızlarını Şeyx Nəsrullah kimi dələduzlara siğə edən avam kəndliləri... Sabirin satirasına kimlər tuş gəlirdi? Uşaqlarını məktəbə buraxmayan geridəqalmış müasirləri... Əsl ziyalının öz müasirlərindən fərqi odur ki, o, həqiqətin gözünə dik baxa bilir. Ernest Heminquey, Con Steynbek, Folkner kimi böyük ABŞ yazıçıları Amerikada ağdərililərin qaradərililərlə qul kimi davrandıqlarını hələ 100 il əvvəl yüksək səslə hayqırıblar. Zəncilərlə kölə kimi davranan, onları qarışqa kimi əzib keçən soydaşlarını qatil adlandırdığı üçün biz bu gün də Folkner haqqında hörmət və ehtiramla danışırıq. Zamanında vicdanlarının ağzına daş basmadıqları, həqiqəti çılpaqlığı ilə öz müasirlərinin üzünə çırpdıqları üçün Axundov da, Seyid Əzim Şirvani də, Sabir də, Mirzə Cəlil də bu cür hörmət və ehtirama layiqdirlər.

Xalqı tənqid etmək üçün həmişə səbəb var. Yəni, bəhanə axtarmağa ehtiyac yoxdur. Biz də Allahın bəxş etdiyi cıqqılı istedadımıza güvənib, arabir buna cəhd edirik. Bir müddət əvvəl də yazmışdım: Bakıda 3-4 yaşlı bir uşağın qəfildən hərarəti qalxıb. Valideynləri iki gün ərzində nə qədər çalışsalar da, uşağın qızdırmasını aşağı sala bilməyiblər. Axırda qonşulardan birinin məsləhəti ilə körpəni Binəqədidə yaşayan bir “görücünün” yanına aparıblar. Qadın uşaqdan ağzını açmağı tələb edib. Zavallı körpə çənələrini bir-birindən aralayanda, “görücü” qadın “lomba” ilə onun ağzına tüpürüb. Bir-iki iynə ilə uşağın hərarətini əvvəlki temperatura qaytarmağa nail olan həkimlər neçə vaxtdı tüpürcəkdən keçən infeksiyanı müalicə edə bilmirlər...

Bu cür zırramaları tənqid etdiyimiz üçün gələcək nəsillər bizi söyməlidir?..

Əlinə qılınc alıb, xalqın bütün dəyərlərini kəsib-doğramaq əbləhlikdir. “Yer üzündə mənim xalqımın tayı-bərabəri yoxdur” demək isə primitivlik əlamətidir. Üzeyir Mehdizadəni Üzeyir Hacıbəylidən daha yaxşı tanıyan cəmiyyəti arabir sancmaqda fayda var. Amma çalışmaq lazımdır ki, neştərin ucu zəhərli olmasın...