Hicab qadağan olunduğu üçün parik taxırlar

hicab-qadagan-olundugu-ucun-parik-taxirlar
Oxunma sayı: 1826

Evdən türbanla çıxır, işə gəldikdən sonra türbanı açır, uzun saçlarını arxadan toplayaraq üstündən parik keçirib dərsə başlayır.

Çünki Türkiyənin dövlət sistemində çalışan qadınlar dini örtükdən istifadə edə bilməzlər.

Dünyəvi siyasi ideologiyaya sahib Türkiyədə qanunlar qadınların işdə başı açıq oturmasını tələb etdiyi üçün ölkənin din xadimləri qadınlara iş yerlərində parik taxmağı tövsiyyə edib.

Türkiyə qanunlarına əsasən, dövlət məktəblərində çalışanlar rəsmi statusa sahibdirlər. Dövlət qurumlarında çalışanların geyim normalarını müəyyənləşdirən Geyim Haqqında Qanuna (Kılık Kiyafet Kanunu) əsasən, qadınlar "baş daim açıq, saçlar düz daranmış və ya toplanmış" halda işə gəlməlidirlər.

Ancaq Serpil Filiz (ad şərtidir) deyir ki, parik taxmaq istəməzdi, hər gün bir neçə dəfə imic dəyişikliyi həm vaxt itkisi, həm də sevmədiyi bir prosesi təkrarlamaqdır.

"Dərs vaxtı türbanı çıxarıb parik taxmaqla, sadəcə, başımdakı örtüyü dəyişmiş oluram. Parik heç nəyi dəyişmir. Sadəcə, mənə və mənim kimilərə sıxıntı çəkdirirlər", deyir Serpil.

Başqasının saçları

Din xadimlərinin tövsiyyə etdiyi pariklə bağlı əsas tələb onun təbii saçdan olmamasıdır. Serpil deyir ki, təbii saçdan olan pariki istifadə etmək başqa adamın saçını istifadə etmək deməkdir. "Bəlkə o adam da sonradan başını qapadıb. Bu durumda onun gunahını öz üstümə almış oluram".

"İnsanlar bilirlər ki, bu mənim öz saçım deyil. Yenə də məni başı örtülu kimi görür və belə qəbul edirlər. Parik taxdığım zaman hər kəs bilir ki, mən saclarımı gizlətmək üçün məcburi pariki başıma örtük kimi istifadə edirəm".

Onun taxdığı parik çox sadə tərzdədir: qısa və qara rəngli. "Parik seçimində modelin dəbdəbəli, uzun olmamasına diqqət etdim. Çünki əsas məqsəd gerçək saçımı örtməkdir, bəzəkli saç göstərmək yox", Serpil izah edir.

Türkiyənin siyasi protokolunda təmsil olunan qadınların - Birinci Ledi Hayrünnisa Gül, Baş Nazir xanımı Emine Erdoğan və iqtidar Ədalət və İnkişaf (AK) partiyası hökumətində təmsil olunan bir çox nazirlərin xanımlarının rəsmi mərasimlərə türbanla qatılmaları dövlət qurumlarında çalışan dindar qadınların baş örtüsündən istifadə etmə istəyinə təkan olub.

"Mənim ən böyük sıxıntım, olduğum kimi görünə bilməməyimdir. Mən qapalıyam, kaş ki bu şəkildə də dərsə girə biləydim. Pariklə rahat deyiləm. Özümü sanki ikili şəxsiyyət sahibi kimi hiss edirəm", Serpil şikayətlənir.

"İşə gələndə məktəbin bağçasında oynayan uşaqlar mənim türbanla içəri girdiyimi görürlər. İçəridə türbanı çıxarıb saçımı toparlayıb pariki taxır, dərsim bitdikdən sonra yuyunma otağına gedirəm. Parikimi çıxarıb, eşarpımı örtüb bu şəkildə məktəbdən çıxıram", o deyir.
Onun sözlərinə görə, məktəbdə işə başlamazdan əvvəl müdürlə görüşüb fərdi münasibət göstərilməsinə çalışıb. "Bilirəm ki, bəzi məktəblərdə müdirlərin belə durumlara fərdi yanaşmaları olub. Yəni onlar görməməzlik göstərirlər. Mən çalışdığım məktəbi müdürü "Yox, icazə verə bilmərik. Məktəbə qədər necə istəyirsiniz gəlin, amma sinifə girəndə başınızı açmalısınız" xəbərdarlığını etdi. Mən də nə edə bilərdim ki?! Məcburən parikdən istifadə etdim".

Geyim seçimi

Türkiyədə 1934-cü ilin noyabrında parlament tərəfindən Geyim Haqqında qanun (Kılık kiyafet kanunu) qəbul olunub, 1982-ci ildə isə Nazirlər Kabineti dövlət təşkilatlarında çalışan şəxslər üçün geyim qaydalarını təsdiqləyib. Sözügedən sənədlərə 1989, 1991 və 2002-ci illərdə əlavə və dəyişikliklər edilib.

Bu sənədlərə əsasən, dövlət qurumlarında çalışanlara iş zamanı çağdaş geyim üslubundan istifadə etmək tələbi qoyur.

Lakin son illərdə dini kəsimin fəallaşdığı Türkiyədə, dövlət qurumlarında çalışan dindar qadınların türban taxmaq istəyi qanunların tələbləri ilə toqquşur.

Ölkənin bir sıra hüquq müdafiəçiləri hesab edirlər ki, hər bir insan kimi inanclı qadınlara da azad geyim seçimi verilməlidir.

Liberal Düşüncə Topluluğunun Din və Azadlıq Araşdırmaları Mərkəzinin direktoru Bilal Sambur BBC Azərbaycancaya müsahibəsində deyib ki, dindar qadınların işə gələrkən geyimlərinə görə məhdudiyyətlə üzləşmələri insanların yaşam tərzinə basqıdır.

"Dövlətin vəzifəsi başın örtülməsi və ya açıq olmasına qarışmaq deyil. Əgər dindar qadının geyimi gördüyü işə əngəl deyisə, qadın iş yerində də, çöldə də istədiyi şəkildə geyinmək haqqına sahib olmalıdır" deyir Bilal Sambur.

Hüquq müdafiəçilərindən fərqli olaraq ölkənin bir sıra hüquqşünasları məsələnin yalnız geyim və ya insan azadlığı prizmasından təqdim olunmasına qarşı çıxırlar.

Türkiyənin nüfuzlu hüquqşünaslarından İbrahim Özden Kabaoğlu BBC Azərbaycancaya müsahibəsində deyib ki, məsələyə insan haqları çərçivəsində yanaşmaqla problemi tam şəkildə ortaya qoymaq olmaz.
"Düzdür, qadınların istədiklərini geyinmək azadlığı var. Lakin məsələnin digər tərəfi də var ki, bəzi dövlət vəzifəli şəxslər müəyyən intizam qaydalarının daşıyıcısıdırlar. Dövlətdə çalışan insan cinsi simvolları qəbul etməməlidir. Baş örtüsü isə elmdə və Avropanın bəzi dövlətlərində cinsi simvol olaraq qəbul edilir", hüquq professoru deyir.
Siyasi şərhçi Toğrul İsmayıl BBC Azərbaycanaya deyib ki, istər siyasi, istərsə dini bir fərqliliyin önə çıxarılması dünyəvi və demokratik cəmiyyətlərdə xoşagəlməz tendensiyadır.

"O zaman müxtəlif siyasi baxışlara sahib və ya müxtəlif dini inanclara sahib insanlar oz fərlqərini göstərməyə çalışacaqlar. Normal həyatda bu problem olmasa da, bir hakim və ya prokurorun dini baxışlarını bəlli edərək önə çəkməsi onun tərəfsiliyini şübhə altina qoyar".

Bununla yanaşı, T.İsmayıl hesab edir ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Türkiyədə baş örtüsünün sərbəst olması tələblərinə normal baxılmalıdır.