Hicablı qız axtarışı

hicabli-qiz-axtarisi
Oxunma sayı: 6759

Raminə Eyvazqızı

Əhmədli metrostansiyasına yaxın bir mağaza var. Bir aydan çoxdur, mağazanın qapısına “hicablı satıcı xanım tələb olunur” yazılıb. Mağaza hicablı xanımlar üçün geyimlər satır. Belə profilli mağazaların olması məqsədəuyğundur. Amma əsas məqam həmin mağazaya məhz hicablı xanımın satıcı kimi işə götürülməsidir. Bu tələbin yalnış tərəfi çoxdur.

Ən əvvəl bu tələbi qoyan, onlarla hicab taxmayan xanımın iş istəyini ürəyində qoyur. Və “bunun harası insafa yaraşır” da deməyəcəyəm. Sadəcə mağaza müdiri tək bir geyimlə həmin xanım haqqında yüksək fikirdə olacaqsa, bu başdan ayağa absurddur. Məgər belə şərti qoyan, başını işləmək üçün məcburən bağlayan qondarma hicablı yaratmayacaqmı? Hicab bir nümunə, yüksəklik olmalıydı. Sizə onlarla hicaba bürünmüş amma heç əməlində, davranışında doğru olmayan insan sayaram.

Misal üçün, hicablı xanım sevmədiyi qaynanasının pay gətirdiyi plovu zibil vedrəsinə boşaldıb. Başqa bir hicablı xanımın küçədəki qarğışının sayını hesablaya bilməmişəm. Mağaza kassasında oturan hicablı qız arada alıcıya kələk gəlir. Bütün uşaqların içində övladına yeməli nə isə verən, o biri uşaqların nəfsini vecinə də almayan ana tanıyıram. Dərin əxlaq məqamlarını demirəm hələ. Bədəni qapatmaqla içindəki pis niyyətləri ört-basdır eləmək olmaz axı. Əsl dini əqidəsinə hörmət etdiyim layiqli insanımız var və onlar inciməsin. Təəssüf ki, bu gün “Allahla aldadan”(türkiyəli ilahiyyatçı Yaşar Nuri Öztürkün “Allah ilə aldatmaq”kitabı var) insanlar çoxalıb, fırıldaq içində üzürlər, ətrafın etibarı ilə oynayırlar.

Son illər dünya insanı(özlərini müsəlman sayanlar) bizimkilər də qarışıq nə üçün “dinlə yaşamağı” insan kimi yaşamaqdan fərqləndirirlər, anlamaq çətindir. Məgər bunlar fərqli anlayışdırmı? Yəni dindar olduğunu dilinə gətirmədən sən insan ola bilməzsənmi? Bəziləri dini ibadətini başqasının gözünə soxmaqla, özü namaz qılır deyə başqasına yüksəkdən baxmaqla nə istəyir? Adamlar var ki, illərdir dini rituallarını yerinə yetirir, təsadüf nəticəsində bunu öyrənirik. Belə də olmalıdır. Bildiyimə görə, ibadətin gizliliyinin də savabı var. Yaradan qarşısında şərt qoyanlar bunu anlamaz. Biz Allaha “siz” yox, “sən” deyə müraciət ediriksə, bu onunla aramızdakı səmimiyyətdəndir. O bizi bizdən yaxşı tanıyır. İbadətini reklam edən, məclisdə ucadan “gedim namazımı qılım” deyən özünü kimə göstərir? Bəlkə düşünür ki, nümayişyanə davranışı ilə hamı ona “yaxşı insan” statusunu verəcək. Həmin “yaxşı insan”lardan çıxan söhbətlərlə də az şok olmamışıq.

Biz müsəlmanıq, olduğumuz üçün də çox tənələr gördük. Bu elə həmin layiqsiz “dindar”ların ucbatından baş verib. Çox uzağa getməyək. Türkiyədə baş verən son hadisələrdə qəribə, ağlasığmaz fikirlər eşitdik. Misal üçün, orada “Xainlər məzarlığı” adlı yerdə çevrilişə cəhd edən ölmüşlərin qəbri var. Öz insanına güllə atanı lənətləyik. Amma həqiqi islamda ölən insanlar belə ayrı-seçkiliyə məruz qalmır axı. Yaxud o boyda Ankara meri çıxıb deyir ki, Türkiyədə baş verənləri cinlər törədib. Uşaqlar düşmən hesab edilən F.Gülənin rəsmi olan boks yastıqlarını dümsükləməklə intiqam aldıqlarını zənn edirlər. Yaxud bir qrup müsəlman 2 gün əvvəl Polşada ibadət zamanı yıxılan Roma papasını lağa qoyur. Müsəlmana bu rəvadırmı?

İslam dininin bir müddət rahatlığa ehtiyacı var. Onun üstünə çox gedirlər,hər kəs onu istədiyi kimi təqdim edir. İndi də Bakıya bir tərəfdən Cənubi Azərbaycandan –İrandan, bir tərəfdən də ərəb ölkələrindən turist axışır. Kənardan dinimizə şərik olanların bura gəlməsinə sevinişirik. İnanın ki, onların çoxu ibadətini çoxdan unudub. Dini belə bezdirməzlər, belə azdırmazlar. İslamı bu qədər ləkələməzlər. Din elə dinclik, hüzur deməkdir. Dincliyimizi oyunlarla pozmayın!