Hicran Şərifov gənclərin önünü kəsir - Hakimlər narazıdır

Hicran Şərifov gənclərin önünü kəsir
Oxunma sayı: 1746

Tokio Yay Olimpiya Oyunlarına artıq 1 il vaxt qalır. İdmançılarımızla yanaşı olimpiadaya hakimlərimiz də yollanacaq. Ən çox müzakirə olunan məsələ isə güləşdən olan ədalət təmsilçilərimizlə bağlıdır.

 İllərdir dünya arenalarında fit çalan Hicran Şərifovun yenidən Olimpiya Oyunlarında iştirak edəcəyi deyilir. Lakin onun Yaponiyaya yollanması digər güləş hakimlərində narazılıq yaradıb. Gənc referilərin narazılığı isə Şərifovun onların qarşısını kəsməsi ilə bağlıdır.
 “Cəngi” idman klubunun sahibi olan referi 2012-ci ildə “mən fəaliyyətimi bu il başa vururam və sonuncu ilimdir” desə də, hələ də güləş xalçalarına çıxmağa davam edir. Güləş qaydalarına əsasən, 60 yaşdan sonra hakimliyə icazə verilmir. 

Belədə, müfafiq olaraq, AGF-in keçmiş və hazırkı hakimlər kollegiyalarının sədrləri Xanmirzə Məlikəliyevlə (1954) Qərib Əliyev (1957) kimi, 1-ci dərəcəli Natiq Hacıyev (1965), Elman İsmayılov (1968) və Abdul Nuriyev (1972) heç vaxt olimpiya oyunlarında iştirak edə bilməyəcklər. Belə getsə, İ-S kateqoriyalıları gənc hakimlərimiz İntiqam Alıyev (1980), Asif Şirəliyev (1981) və Sədi Quliyev(1982) də qarşıdakı olimpiadaya yollana bilməyəcəklər. 

Əldə etdiyimiz məlumata görə, hakimlərimiz arasında gərginlik Dünya Güləş Birliyi tərəfindən xoş qarşılanmayıb və bunu Azərbaycan Güləş Federasiyasına çatdırıb. Gənclər və İdman Nazirliyi də ədalət tərəfdarıdır. Hakim Tural Əliyev (1986)1-ci kateqoriyaya imtahan verib. 
2-ci olan Zaur Şərifov (1982) da bu dərəcəyə, sonra olimpiadaya iddialıdır. Gənc referilər Şərifovun öz maddi imkanlarına və şəxsi əlaqələrinə görə hələ də ən yaxşı yarışlara təyinat almasına da etirazlarını dəfələrlə bildiriblər. Lakin Azərbaycan Güləş Federasiyası hələ də bu məsələni yoluna qoya bilməyib. 

Maraqlısı odur ki, federasiya hakimlərin dərəcə almasına kömək etsə də, onların Olimpiya Oyunları kimi yarışlarda fit çalmasında maraqlı deyil. Məhz bu məsələ də Hicran Şərifovun işinə yarayır. 

Qeyd edək ki, Hicran Şərifov Azərbaycan idmanında rekordlarına imza atıb. Buna görə o, Dünya Güləş Birliyi tərəfindən “Qızıl fit” (2012) mükafatına layiq görülüb. “Tərəqqi” medalı, “Şöhrət” və “Olimpiya” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını alıb. 1999-cu ildən “Neftçi İdman Klubu” ictimai birliyində müəllim vəzifəsində işləyir. Eyni zamanda “Cəngi” güləş klubunun sahibidir. 1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin polis akademiyasında idman-sağlamlıq kompleksinin rəisi, eyni zamanda, həmin akademiyada “Fiziki hazırlıq” kafedrasının müəllimi kimi fəaliyyət göstərir. 

Şərifov “Qafqazinfo”ya açıqlamasında hələ məsələnin dəqiqləşmədiyini bildirib: “Hələ ki, bu dəqiqləşməyib. Hamı imtahan verməlidir. Hər kəs istəyər ki, ölkəsindən çox hakim getsin. Narazılıq ola bilər, amma heç kim 100 faiz zəmanət verə bilməz ki, mən gedəcəm. Hələ indi dünya çempionatının seçimlərinə gəlmişik. Bundan başqa reytinq turnirləri var. DÇ-dən sonra bilinəcək ki, kim gedəcək. Təxmini bilinən siyahıdakılar Avropa çempionatı və təsnifat turnirlərində yoxlamadan keçəcəklər.  Elə ola bilər ki, heç bir hakim getməsin. Belə hallar da baş verir. Ancaq daxil yarışlarda nüfuzu olan, imtahanlardan keçə bilənlər gedəcəklər.  Bunun üçün üstəlik xarici arenalarda da diqqət çəkməlisən. Heç kimi istəklə seçmirlər”.

Referi beynəlxalq federasiyanın Gənclər və İdman Nazirliyinə Azərbaycan güləşindəki hakimlər arasında narazılıq olmasına da münasibət bildirib: “Bunlar mənasız söhbətlərdir. Narazılıq ola da bilər, olmaya da bilər. İndi idmanda o qədər şeylər baş verir. Bundan xəbərim yoxdur. Artıq söhbətlər yaradılır. Niyə belə şeylə yaradırlar anlamıram. Səviyyəsiz adamlar tərəfindən belə söhbətlər ortaya atılır”.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı da məsələyə münasibət bildirib: “Əvvəlcə onu qeyd edim ki, ilk dəfə Azərbaycan hakimliyi tarixində 1-S kateqoriyasına çatan 4 hakimimiz oldu. Buna biz bu il nail olmuşuq. Bunlar Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev, Sədi Quliyevdir. Dünya Güləş Birliyinin qaydalarına əsasən 1-S kateqoriyalı hakimlər yalnız Tokio Yay Olimpiya oyunlarında iştirak edəcək. Hicran Şərifovun federasiyada heç bir vəzifəsi yoxdur və kiminsə qarşısını ala bilməz. Federasiya da maraqlıdır ki, çox hakim göndərilsin”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi