Hində yaşayan adamdan nicat uman milyonçu

hinde-yasayan-adamdan-nicat-uman-milyoncu
Oxunma sayı: 2673

Seymur Verdizadə

Tale bizi 1993-cü ildə qum kimi dörd bir tərəfə səpələdi. Rayonumuz işğal olunandan sonra qohumlarımızın yarısı Muğanda, yarısı Şirvanda, yarısı da Bakıda məskunlaşdı. Fələyin kələyindən hələ də baş açmayan bu adamlar mənim bir nömrəli mövzu mənbəyimdir...

Vidadi müəllim 24 ildi paytaxtın Nərimanov rayonunda köhnə bir yataqxananın günəş üzünə həsrət qalan darısqal otağında yaşayır. Biz köçkün düşəndə balaca oyuncaqlarını da özləri ilə Bakıya gətirən qara qızlarını boya-başa çatdırıb, ərə verəndən sonra qayğıları xeyli azalıb. Özü kimi gözü-könlü tox olan arvadı ilə damın altında sadə ömür keçirən qohumum tez-tez məni yaşadığı yataqxanaya çay içməyə dəvət edir. Samovar çayının həvəskarı olduğum üçün həftədə iki dəfə beş-altı manatlıq ucuz konfet alıb, qohumumun başının üstünü kəsdirirəm.

Qohumlarım kimi, mənim üçün də doğma olan həmin yataqxana indi xeyli dəyişib. Əvvəllər cəmi 16 ailənin məskunlaşdığı bu ünvanda hazırda 300-dən çox adam yaşayır. Biz uzun illər əvvəl ermənilərin zülmündən baş götürüb Bakıya sığındığımız kimi, onlar da rayonlardakı rüşvətxor məmurların zülmündən xilas olmaq üçün paytaxta üz tutublar. Hətat bəziləri o qədər sadəlövhdürlər ki, Hacıbala Abutalıbovun bir gün onları “xoşbəxt” edəcəyinə inanırlar...

Vidadi müəllimin yataqxananın birinci mərtəbəsində yerləşən evinin qabağında ən azı 200 min manat qiyməti olan bahalı maşın dayanmışdı. Buna görə də hal-əhval tutandan sonra dərhal mətləbə keçdim: “Deyəsən, qonağınız var...”

Kişi əl-ayağa düşdü: “Yox, narahat olmayın. Qonşu arvadın müştərisidir”.

Qohumum 60-ı haqlasa da, heç vaxt mənimlə bu cür zarafat etməyib. Odur ki, çaşıb qaldım. Kişi özü köməyimə çatdı: “Qonşuya təzə ailə köçüb. Bir kişi, bir arvaddır. Qadın görücüdür. Tez-tez onun yanına gələnlər olur”.

Sanki üstümdən ağır bir yük götürüldü. Dərindən nəfəs alıb, özümə gələndən sonra Vidadi müəllimdən soruşdum: “Sizin yataqxanada boş otaq yox idi. Bəs, bu adamlar harda yaşayırlar?”

Qohumumun cavabı özünü çox gözlətmədi: “Hini onlara satmışam”.

Qeyri-ixtiyari soruşdum: “Bəs, toyuqları nə etdin? Maşallah, böyük təsərrüfatın var idi...”

Kişinin çöhrəsinə kədər çokdü: “Toyuqların hamısı bir gecədə qırıldı. Mən də acığa düşüb, hini 500 manata bu adamlara satdım”.

Biz söhbəti tamamlamağa macal tapmamış görücü arvadın kosmetik dəyişikliklər sayəsində evə oxşatdığı hindən hələ bığ yeri tərləməmiş cavan bir oğlan və üzərində ən azı yarım kiloqram qızıl olan orta yaşlı qadın çıxdı. Oğlan ədəblə salam verib, yanımızdan keçmək istəyəndə işarə etdim ki, ayaq saxlasın. O, bizimlə üzbəüz dayanıb, nəzakətlə “Buyurun” dedi.

Birbaşa mətləbə keçdim: “Dostum, başqasının işinə qarışmaq yaxşı hal deyil. Amma maraq məni öldürür. De görüm, sənin bu adamın yanında nə işin var?”

Oğlan azca qızarsa da, özünü tox tutmağı bacardı: “Əmi, mən orta məktəbi iki il əvvəl qurtarmışam. Amma nə qədər çalışıram, universitetə qəbul ola bilmirəm. Oxuduqlarım yadımda qalmır...”

Məsələ aydın idi. Odur ki, oğlana sözünü tamamlamağa imkan vermədim: “Bu arvad sənin əvəzindən kitab oxuyacaq?”

Oğlan bir qədər çaşsa da, özünü ələ almağı bacardı: “Yox e, əmi. Anam deyir ki, bu xala sənin üstündən pis adamların nəfsini götürəcək. Xala özü də mənə dedi ki, bir həftə sonra müəllimlərin qabağında bülbül kimi ötəcəksən”.

Bu cavan oğlana doğru yol göstərməyi özümə borc bildim: “Ay oğul, sən belə cəfəng söhbətlərə inanma. Ali məktəbə qəbul olmaq üçün yaxşı-yaxşı oxumaq, müəllimlərin verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək lazımdır”.

Oğlan razılıq əlaməti olaraq başını tərpətdi. Fürsəti əldən vermədim: “Əgər bu qadın hər şeyə qadirdirsə, niyə toyuq hinində yaşayır? Bacarıqlı adam əvvəlcə özünə gün ağlayar”.

Bir andaca həmsöhbətimin çöhrəsi işıqlandı, dodaqlarına təbəssüm qondu. Bu dəfə daha inamla danışmağa başladı: “Düz deyirsən, əmi! Onun yazdığı duanı zibil qabına atıb, dərslərə girişəcəm. Sizə söz verirəm ki, bir də heç vaxt belə cəfəng söhbətlərə inanmayacam”.

Oğlan ədəb-ərkanla sağollaşıb, maşına oturdu. Elə bildim ki, üstümdən ağır yük götürüldü...

Başımız söhbətə qarışdığı üçün çay tədarükü görməmişdik. Vidadi müəllimdən xahiş etdim ki, samovara od salsın. Bu vaxt görücü qadının yaşadığı hinin qarşısında başqa bir maşın dayandı. Samovardan əvvəl mənim təpəmdən tüstü çıxdı...