Hinduşka oğrusu tutuldu

hinduska-ogrusu-tutuldu
Oxunma sayı: 649

Dekabrın 30-da Qala qəsəbə sakini Anar Xəlilovun həyətindəki hindən 7 ədəd hind toyuğu və dekabrın 31-də Türkiyə vətəndaşı Kırıcı Məhəmmədə məxsus Qala qəsəbəsində yerləşən bağ evindən dəmir barmaqlıqları sındırma yolu ilə 2 ədəd televizor, 2 ədəd çanaq antenası avadanlığı, DVD və stabilizator oğurlanmışdır. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mehman Novruzov və əvvəllər məhkum olunmuş Emin Hənifəyev yanvarın 2-də tutulmuşdur.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, onlar dekabrın 25-dən yanvarın 3-dək olan müddətdə Bakı şəhər sakini Fəridə Şaxtaxtinskaya məxsus Xaşaxuna bağ sahəsindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə çanaq antenası və fotoapparat, Bakı şəhər sakini Zərifə Axundovaya məxsus bağ sahəsindən dəmir barmaqlıqları sındırma yolu ilə ev əşyaları və dekabrın 15-dən 31-dək olan müddətdə həmin bağ massivində yaşayan Mahir Məmmədovun evindən pəncərədən daxil olma yolu ilə çanaq antenası və məişət qabları oğurlayıb.
Saxlanılan şəxslərin yaşadıqları evlərə baxış keçirən Xəzər RPİ NMB və 1-ci PB-nin əməkdaşları M.Novruzovun Xaşaxuna massivindəki evindən 400 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edib.

***

Dekabrın 7-nə keçən gecə Binə qəsəbəsində qəsəbə sakini Taleh Şəfiyevə məxsus «Niva» markalı avtomobildən şüşəni çıxarmaq yolu ilə sənədlər oğurlanıb. Xəzər RPİ CAŞ və 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Hüseynov və Seyran Cahangirov yanvarın 5-də tutulmuşdur. Müəyyən edilmişdir ki, onlar dekabrın 8-nə keçən gecə Buzovna qəsəbəsindən Maştağa qəsəbə sakini Fəxrəddin Şahverdiyevə məxsus «VAZ-2107» markalı avtomobilini qaçırmışlar. Elə həmin gün avtomobil saat 21 radələrində Buzovna qəsəbəsində dəmir yolunun kənarında saz vəziyyətdə tapılmışdır.