Hökumət dəyişilməlidir

hokumet-deyisilmelidir
Oxunma sayı: 650

Kapitalist iqtisadiyyatının “pul hakimiyyət hissi yaradır” prinsipi işləməyə başladı. Artıq 90-cı illərin axırında Azərbaycanda əlində ciddi maliyyə imkanları olan və siyasi iddia ilə çıxış edən xeyli adam meydana çıxmışdı. Müxalifətdə E.Məmmədov, İ.Qəmbər, Ə.Əliyev-Ə.Kərimov cütlüyü, iqtidardan R.Quliyev, L.Hacıyeva, Ə.İnsanov, F.Əliyev və başqaları. H.Əliyev ölkəyə nəzarəti hər an itirmək təhlükəsi ilə üz-üzə idi.

Əliyevdən sonra hakimiyyətə gələn İlham Əliyevin ilk bəyanatı “İndiyədək gedilən yol (Ə.Elçibəyin və H.Əliyevin yolu) səhv olub, biz sıfırdan başlamalıyıq” (haşiyə çlxlm ki, bu bəyanatla bağlı İ.Əliyevi açıq dəstəklədiyimə görə müxalifət cəbhəsindən çox böyük təpki aldım) oldu. Əslində bu bəyanat onu hakimiyyətə gətirmiş xarici qüvvələrin tələbi idi.
İ.Əliyev səhv elan etdiyi yolu – H.Əliyev idarəçiliyini dəyişdirmək, ölkədə bazar iqtisadiyyatına keçmək üçün siyasi plüralizmə keçmək əvəzinə, iqtisadi sistemdən hakimiyyətə gələn təhlükəni neytrallaşdırmaq kursu götürdü. Nəticədə ölkədə pul üzərində nəzarət, rəqiblərin sıxışdırılması siyasəti həyata keçirildi. İqtisadi monopoliya yaradıldı və bu, həm leqal, həm də qeyri-leqal iqtisadiyyata şamil olundu. Monopoliya bir tərəfdən hakmiyyətdəkiləri (əlində real hakimiyyət olanları) narazı salırdı, digər tərəfdən konstitusiya və qanunlar buna imkan vermirdi. Yeganə çıxış yolu siyasi monopoliya yaratmaqdan ibarət oldu. Ölkə konstitusiya və qanunlarla yox, sərəncamlarla (başdangələn fərmanlarla) idarə olunmağa başlandı. Nəticədə, Heydər Əliyev idrəçiliyi aradan çıxdı, idarəetmə daha da abstraksiyalaşdırıldı. Konstitusiya və qanunlar arxa plana keçdi və ölkədə avtoritar idarəçilik meydana çıxdı. Hər bir dövlət islahatlardan ibarət canlılığa malikdir. Bir qayda olaraq iki cür islahatlar həyata keçirilir: hakimiyyətin ömrünün uzadılmasına xidmət edən islahatlar və geniş xalq kütlələrinin maraqlarına xidmət edən islahatlar.

Azərbaycanda son iyirmi ildə eyni bir qüvvənin hakimiyyətdə qalması onu göstərir ki, ölkədəki bütün islahatlar hakimiyyətin ömrünün uzadılması nəzərə alınmaqla həyata keçirilib. Əgər bir ölkədəki bu cür islahatlar həyata keçirilir, nəticədə hakimiyyət möhkəmlənirsə, bu, rejimlərin yaranmasına gətirib çıxarır. Azərbaycanda da eyni nəticə alınıb. Avtoritar idarəçilik avtoritar rejimə keçib. Bu o deməkdir ki, ölkədə birinci adamdan sonuncu ən aşağı vəzifəli şəxsə qədər hamı öz şəxsi iradəsi ilə idarə edir və onun idarəçiliyi sistem tərəfindən ümumi şəkildə təminat altına alınıb. Xaricilər bunu çox gözəl anlayırlar. Ona görə də İ.Əliyevə “İnkişafin sürətini azaldin” deyirlər. Əslində bu “Rejimi sərtləşdirməyi dayandırın və siyasi islahatlara keçin” mənasını verir. Hökumət isə inkişafi davam etdirir, indiki iqtisadi siyasət ölkədə orta təbəqəni tam şəkildə sıradan çıxarıb, kəskin qütbləşmə baş verib. Bu da sosial gərginliyi artırır, keçən hər gün bizi bir qədər də sosial kataklizmlərə, ictimai xaosa döğru sürükləyir.

Beləliklə, indi dövlət quruluşu demokratik, idarəçiliyi avtoritar rejim olan fiktiv Azərbaycan dövləti mövcuddur. Fiktiv Azərbaycan dövlətçiliyi quruluşla idarəetmənin əksiliyini meydana çıxarıb. Əksiliklərin mübarizəsi qanununa görə, bu dövlət uzun illər bu formada yaşaya bilməz. Buradan iki yol var: ya dövlətin quruluşu dəyişməlidir, ya da hökumət. Dövlətin quruluşunu əvvəlki vəziyyətə keçirmək – SSRİ yaratmaq reallıq deyil. Düzdür, Putin bu yolu tutub. Avrasiya İttifaqı ideyası, “Milyarderlər ittifaqı” buna xidmət edir. Müstəqil Azərbaycan Dövlətini yenidən hansısa bir ad altında rus dövlətinə tabe etdirmək! Amma hökumətdəkilərin qrup maraqları bunun əleyhinədir. Burada xalqla hökumət bir nöqtəyə vurur. Onda quruluşu Qərb quruluşuna keçirmək lazım gəlir, bu da xalqın marağına uyğun olsa da, hökumətdəkilərin marağına ziddir. Ona görə, Azərbaycan nə Rusiyaya, nə Qərbə üz tutur. Alternativ olaraq bu gün bitərəf dövlətlər itifaqında yer alıb.

Bu, ziddiyyəti həll etmir. Hökumət dəyişilməlidir. Hökumətin iki cür dəyişilmə imkanı var. Birincisi, öz iradəsi ilə, ikincisi xalqın iradəsi ilə. Xalqın iradəsinin də iki forması var, seçki və inqilab. Seçkilər Azərbaycanda formal olduğundan, yalnız inqilab yolu qalır. İnqilab insanların zorakılığının ağılla qaydalaşdırılmamasından ibarətdir, hansı ki, total ədalətsizlikdir və inqilablarla ədalətli dövlət yaratmaq mümkün deyil. Hökumət öz iradəsi ilə dəyişilmək üçün demokratik islahatlar (xalqın istədiklərini) həyata keçirməlidir. Demokratik islahatlar fəlsəfəsini bir cümlə ilə ifadə etmək olar – “Sənin islahatın başqasını hakimiyyətə gətirməlidir”. Qorbaçov keçmiş SSRİ-də, Polşada Lev Valensiya, Ukraynada Yuşenko, Gürcüstanda Saakaşvilinin həqiqətən demokratik islahatlar tərəfdarı olduqlarını onların keçirdikləri seçkilərdə özlərinin uduzmaqları sübut edir. Əgər islahatı həyata keçirən qüvvə özü ondan süərətlə mənəvi keyfiyyət dəyişilmələrinə məruz qalırsa, yəni özü də sürətlə demokratikləşirsə, onda hökumətdə qalmaq şansı saxlanır.

İndi Azərbaycanda hökumət öz iradəsi ilə islahat keçirmək istəsə dövlətçilik tariximizin hansı nümunəsinə söykənməlidir? Cavab birdir. Mircəfər Pişəvəri demokratik hökumətinin fəaliyyət fəlsəfəsinə yiyələnmək lazımdır.

Beləliklə, çağdaş dövlətçiliyimiz Rəsulzadə-Pişəvəri ruhuna hakim olmadıqca, faktiki Azərbaycan dövləti olmayacaq. Belə bir dövlət olmayana kimi, Azərbaycan türkləri birləşməyəcək. Bu həqiqət Azərbaycanın dövlətçilik fəlsəfəsindən çıxan yeganə düz nəticədir.
Məmməd Əmin Azərbaycan türkünün dövlət mədəniyyətinin, Mircəfər Pişəvəri idarəetmə mədəniyyətinin klassik nümayəndələridir. Hansı ki, onları vəhdətdə götürsək demokratik dövlət və milli hökümətin fəlsəfəsini anlamış olarıq.

Eyni zamanda bir neçə sivil qəhrəmanımız olmuşdur, hansı ki, dövlətçilik ruhunun tərbiyəsində müstəsna rol oynayırlar. Səttarxan – Azadlıq Hərakatını (Parlamentarizm uğrunda mübarizə) qələbəyə çatdırmış lider, Cavadxan – xarici işğalçılara qarşı (Rus-erməni ittifaqının Azərbaycanı işğalına qarşı) qəhrəmancasına müqavimət göstərən lider, Xiyabani – azadlıq ideyası uğrunda (Azad dövlət amalı uğrunda) mübarizə aparan və sonda şəhid olmuş qəhrəmanlarımızdır. Əgər bu gün kimsə Azərbaycan dövləti uğrunda mübarizə apardığını iddia edirsə, amma onda bu səkkiz böyük Azərbaycan türkünə qarşı məhəbbət hissi yoxsa, onların gördükləri işlərdən, onların uğrunda öldükləri amaldan xəbəri yoxsa, o, dövlətçilik şüuruna malik ola bilməz.
Əgər müasir Azərbaycan Dövləti Səfəvilərin, Əfşarların, Qacarların və Şimalda Demokratik Cümhuryyətlə, Cənubda Demokratik Hökumətin siyasi irsini öyrənməyəcəksə, ona sahib çıxmayacaqsa, ondan bəhrələnməyəcəksə, onların dövlət idraəçiliyinin əsas prinsiplərini mənimsəməyəcəksə, bu sivilizasiyaların başında duran dahi Azərbaycan Türklərinin xatirəsini əbədiləşdirib, onlara hər cür ehtiram göstərməyəcəksə, heç vaxt həqiqi dövlət ola bilməyəcək və Azərbaycan türkləri bütünləşə bilməyəcək.

Haşiyə: Dədə Qorqud dastanının ekzistensial (exsistensial) fəlsəfəsi təəssüf ki, şərh olunmayıb. Mən bu mövzü ilə əlaqədər Dədə Qorqudun ekzistensial şərhi ilə bağlı qısa fikirlərimi bildirmək istiyirəm. Dədə Qorqur Azərbaycan Türklərinin qəbilə dövləti haqqında dastandır. Qəbilə dövlətin başçısı Qazan xan oğluna toy edərkən üç çadır qurdurur. Ağ çadıra oğlu, qırmızı çadıra qızı olanları, qara çadıra sonsuz olanları qoyur. Buradan da, bu hadisəyə ekzistensiya göstərir ki, əslində Qazan xanın qəbilə dövləti ulus dövlətinə keçid mərhələsində olub. Ogul – gücün, arxanın və icranın simvoludur. Beləliklə, ag çadır İcra Hakimiyyətini simvolizə edir. Qiz – məhsuldarlığın, evdarlığın, nizamlaşdırmanın simvoludur. Süd verən, ovladına qan verən kimi qanunvericini simvollaşdırır. Qara çadır sonsuzluğu, nə oğlu, nə qızı olanı, yəni hər ikisinə kənardan baxanı – nəzarət edəni simvollaşdırır.

Mən Russonun “Dədə Qorqud” dastanını oxuyub-oxumadığını dəqiq bilmirəm. Amma tam idda edirəm ki, Russonun ictima saziş fikri Dədə Qorquddakı Qazan xanın müxtəlif çadırlar qurmasının mənasını özündə ifadə edir. Hətta Russo öz “Traktat”ında qanunverici orqanı – qadına, icra hakimiyyətini -kişiyə oxşadır, hansı ki, Dədə Qorqudda bu oğlu olan, qızı olan və sonsuz olan kimi ayrılır.

Bütün bu ekzistensial təhlilimizdən yuxarıdakı iki sualın bir cavabını alırıq:
Azərbaycan Türklərinin bütünləşməməsinin və dövlət qura bilməməsinin səbəbi ictimai tərbiyə sistemində istifadə edlən emprik və klassik simvolların düşünülmüş şəkildə yanlış seçilməsi ilə bağlıdır.

Mən Azərbaycan Dövləti və Xalqımızın bütünlüyü haqqında düşünən və mübarizə aparan hər kəsi bu problemlə bağlı düşünməyə çağırıram.

Son