Hökumətdə dərman problemi ilə bağlı toplantı

hokumetde-derman-problemi-ile-bagli-toplanti
Oxunma sayı: 1324

Nazirlər Kabinetində dərman vasitələrinin qeyri-qanuni dövriyyəsinə, keyfiyyətinə və təyinatı üzrə istifadəsinə nəzarət məsələləri ilə bağlı iclas keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar. 

Ə. Əhmədov dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatların olduğunu deyən Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda saxta dərman satışına qarşı mübarizə qətiyyətlə davam edəcək. 

Əli Əhmədov bildirib ki, dünyada saxta dərman problemi geniş yayılıb və buna qarşı mübarizə aparılır. Eyni zamanda, Azərbaycanda da saxta dərman satışına qarşı ciddi mübarizə tədbirləri görülür. Baş nazirin müavini dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən danışıb və bundan sonra da onlara hər zaman kömək olunacağını diqqətə çatdırıb. 

Tədbirdə ölkəmizin dərman bazarında keyfiyyətsiz və qeydiyyatdan keçməyən preparatların mövcud olduğu bildirilib və bu cür mənfi hallara qarşı ciddi mübarizə tədbirləri görməyin vacibliyi vurğulanıb. 

Sonda aparılan müzakirələrin nəticəsi olaraq dərman bazarında mənfi hallara qarşı ciddi mübarizə tədbirlərinin görülməsi ilə bağlı təkliflərin hazırlanması üçün işçi qrupun yaradılması qərara alınıb.