Hökumətə təkliflər var – Dəyirmi masa

hokumete-teklifler-var-deyirmi-masa-
Oxunma sayı: 1174

“Qafqazinfo” “Gənclərin problemlərinin mediada müzakirəsi-ictimai debatlar” adlı layihə çərçivəsində növbəti debatı oxuculara təqdim edir. Bu dəfəki debatın mövzusu gənclərin işsizlik problemi ilə bağlıdır. Debat iştirakçıları Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslı, iqtisadçı ekspert Qadir ibrahimli və jurnalist Seymur Verdizadədir.

Əvvəli BURADA



Qadir İbrahimli:
Bu bir fəsaddır. Sahibkara sərf eləmir ki, 2 adama maaş versin. Sürücü də məcbur ona gedir. Çünki başqa alternativ olan iş yeri yoxdur. Ailəsini dolandırmalıdır. Nəqliyyat sistemində 5000 adam işləyirsə, əgər normal əmək məcəlləsi olsa, başlarına sabah bir iş gəlsə ,ona təzminat verilməlidir. Belə olanda daha çox işçi cəlb etmək olar. Bu çox vacib məsələdir. İstənilən istehsal müəssisələrində bu məsələ var. Biz tələbə olanda Azərbaycandakı hərəkat təzə başlamışdı. Gördüm ki, hamı, orta nəsil o dövrə bir nostalji hislərlə baxır. Bizdə belə sual yaranırdı ki, niyə bunlar diktatura rejimi axtarırlar? Mən o sualın cavabını çox-çox sonralar tapa bildim. Sadəcə, həmin dövrdə sərt repressiv qanunlar var idi. Amma qanunlar bütün cəmiyyət üçün eyni idi. İstisnalar yox idi. Hamısı sərt, amansız qaydalar idi. Cəmiyyət o zaman inkişaf edir ki, hamı üçün eyni qaydalar olur. Dövlət qanun qəbul edir ki, 65 yaşdan yuxarı olan təhsil, səhiyyə işçiləri təqaüdə göndərilsin. Ancaq burada xeyli dərəcədə ciddi məsələlər var. Qanunda istisnalar olmamalıdır. Qanun hamı üçün qanundur. Necə olur baş nazir yetmiş neçəsə yaşında oturur vəzifə başında, təhsil naziri 65 yaşdan yuxarı, amma təhsil işçilərini işdən çıxarırlar. Bu gün bakı universitetlərini qurtaran insanlar var, amma onlar iş tapa bilmirlər. İstisnalar həmişə cəmiyyəti dinamik inkişafdan saxlayır. Mən demirəm ki, bütün idarəetmə gənclərə verilməlidir. Yaşlı nəsil içərisində də istedadı olan insanlar var. Mənim indi 44 yaşım var. Hesab edirəm ki bu yaşla dövlət qulluğuna yararsız bir adamam.

Günel Türksoy:
Bir milyon iş yerinin açıldığı bəyan edilir...

Rauf Mərdiyev:
Bəzən mən dostlarımıza qulaq asanda onların fikirlərinin aşırı solçu olduğunu qənaətinə gəlirəm.

Tural Abbaslı:
Yox, mən sağçıyam.

Rauf Mərdiyev:
Dövlətin yaratdığı bərabər imkanlardır. Bu imkanlardan kimin nə dərəcədə faydalanacağı, hansı nöqtəyə gəlib çıxacağı haqqında bayaq danışdıq. Fərdlərin bu imkanlardan nə dərəcədə istifadə etməsi isə artıq bir növ onların həyat fəaliyyətlərinin nəticəsi olacaq. Qayıdaq məsələlərə, bir az kənardan deyil, sadə bir vətəndaş kimi buna yanaşaq. Mən gənclər təşkilatının rəhbəriyəm və gənclərlə işləyirəm. Hər həftə yüzlərlə gənclərlə görüşüb danışaram. Mən sizə gənclər sferasında olan bir tendesiyanı deyim. Biz çox çətinlik çəkirik. Zaman keçdikcə yeni gənc işçi tapmaqda. Gənclik işçilərinin sayı azalır. Biz 2008-dən bu araşdırmanı aparırıq. Hər il vəziyyət daha da çətinləşir. Yeni açılan iş yerləri bir növ gəncləri gənclər sferasından aparır. Biz işləyən yeni gənc işçi tapmaqda çətinlik çəkirik. Gənclər tələbə vaxtından hansısa şirkətlərə işləməyə gedir. Bu onun nəticəsidir ki, iş yerləri var. Qalır insanlara verilən bərabər imkanlardan istifadə edə bilmək.

Seymur Verdizadə:
Bizim gəncliyimiz zamanla uyğunlaşmalıdır. Biz inkişaf etməsək də, dünya inkişaf edir. Mən öz təcrübəmizdən demək istəyirəm. 2000-ci illərin əvvəllərindən mətbuatda operator peşəsinə çox ehtiyac var idi. Həftədə iki dəfə çıxan qəzetə iki operator lazım idi. Bir-iki il ərzində jurnalistlər özü yazmağı öyrənəndən sonra bu peşə sıradan çıxdı. Bu təhlükəni hiss edən operatorlar qəzeti səhifələməyi öyrəndilər. Bunu öyrənən operatorlar səhifəliyici kimi yüksək maaş alırlar. Bunu bacarmayan operatorlar isə indi maaş axtarırılar. Bu gün jurnalist gedir tədbirə, yazını yazır və sayta yerləşdirir. Mən hiss edirəm ki, admin peşəsi də yavaş-yavaş arxa plana keçəcək. Bəlkə redaktora da ehtiyac qalmayacaq. Mütləq bəzi insanlar öz peşələrinin köhnəldiyinin fərqində olmalıdırlar.

Günel Türksoy:
Gənclərlə bağlı dövlət hansı layihələri həyata keçirir?

Şahin Seyidzadə:
Bizim təşkilat nə iqtisadi nə də siyasi təşkilatdır. Mən gənclərlə işlədiyim üçün daima kifayət qədər tədqiqatlar, müşahidələr aparmışam. Nazirlik, digər qurumlar özləri bu işləri, layihələri həyata keçirir. Mən özüm 14 ildir ki, gənclər təşkilatının rəhbəriyəm. İnsan resurslarının idarəedilməsi sahəsində işləyəndə işəgötürən və işverənlərlə tanış olmuşam. Bu hadisələrin canlı iştirakçısıyam. Bu pisdir, o yaxşıdır. Gənc özü güzgüyə baxsın və desin. “Mən nə bacarıram ki, bu gün sabah uğurlu olum?”. Tənqid elədi 10 dəqiqə və 10 dəqiqə də narazı qaldı. Sonra müşahidələr apardı. Son məqamda öz gələcəyini özü fikirləşir. Harada rəqabət varsa, CV-ni ora verir. Bəzi yerlərdə CV-lər açıq rəqabətdədir. O zaman bir sual meydana çıxır. Gəlin unudaq dövləti, siyasəti. Mən 20 yaşlı gəncəm. Reallıq budur. Pis reallıqdır, yaxşı reallıqdır, onu qoyaq qırağa. Bu reallığı təmin etmək üçün mən kifayət qədər biliklərə, bacarığa malikəmmi? Kimsə ola bilsin ki, ola bilər. Bu da bir şəbəkənin növüdür. Xaricdə buna deyirlər rekomandasiya, bizdə isə deyirlər dayı, dost.

Tural Abbaslı:
Xaricdə o rekomandasiyanın əsasları var

Şahin Seyidzadə:
Məsələ orasındadır ki, bu gün o həmkarımın dediyi dayı məsələsi iki cür olur. Ya aşağı səviyyədə ixtisaslar üçün, ya da rəhbər üçün. Sıravi mütəxəssis mən inanmıram ki, bütün özəl müəssisələrdə dayı rekomandasiyasına düşsün. İndi hamısını götürmürəm. Dövlət müəssisələrində hamı dayı rekomandasiyasına düşür? Deməli şərtlər var.

Qadir İbrahimli:
Burada iki cür prinsip var. Rəhbərlər üst qatda olur. Kirli işləri görə biləcək qara adamlara ehtiyac yaranır. Yəni ki, o iş görülməlidir. Amma onu dayı ilə gələnlər görə bilmir.

Şahin Seyidzadə:
Məsələ orasındadır ki, hamımız uğurlu karyera qurmaq istəyirik. Ali savadsız və ya savadlısı fərq etmir. Uğurlu, davamlı olmaq istəyirik. Maslou piramidasına görə ən axırıncı özünü realizədir.

Tural Abbaslı:
Özünü yox, başqasını.

Şahin Seyidzadə:
Yox, özünü realizə Maslou piramidasıdır. Fizioloji tələbatı ödəmirsənsə, sən təhlükəsiz təlabatı ödəmirsən. Təhlükəsiz təlabat sabahkı günə uğurlu əsaslar yaradır. Bir gəncdən soruşursan ki, 5 ildən sonra nə olacaq. Deyir ki, zaman göstərər də. Ya qismətlə sən uğur qazana biləcəksənmi? Bu axın səni aparır. Sonra deyilir ki, niyə zaman məni bu duruma gətirdi?

Tural Abbaslı:
Şahin müəllim, Azərbaycanda camaat qorxusundan 10 manat borc ala bilmir ki, sabah işdən qovarlar məni. Bu dövlətə inamsızlıqdan irəli gəlir.

Şahin Seyidzadə:
Tural bir dəqiqə. Baxın, inamsızlıq var, o var, bu var. Bütün emosiyalar, münasibət var. Mən heç bir siyasi mövqe tutmuram. Mən bir gənc olaraq bu prosesi keçmiş şəxs kimi deyə bilərəm ki, gəncin məsuliyyətini azaltmaq olmaz. Valideyn deyir ki, oxumayan şəxs gəldi vəzifə tutdu. Bu cür fərdlər öz üzərlərində işləməyə başlayıblar. Müxtəlif qabiliyyətlər göstəriblər. Fərd olaraq gənc öz-özünə sual versin ki, uğur qazanmaq üçün kifayət qədər əsasları varmı? Yoxdursa, öz üzərində işləsin.

Tural Abbaslı:
Vallah mən həmyaşıdlarımızın belə yanaşmasını dəhşətə gəlirəm. Biz hüquqi, 21-ci əsrin dövlətində yaşayırıq. Biz vətəndaş hökumət cəmiyyətlərinin pik nöqtəsi sayılan 21-ci əsrdə yaşayırıq. Siz bayaqdan bizə onu izah etməyə çalışırsınız ki, bəli bizdə meşə qanunları var. Biz bu cəngəllik qanunlara uyğun işləyək. Avropada ruh yazıçılar analyışı var. Onlar hansısa bir tanınmışın adından kitab yazırlar. Adları heç harda getmir. İndi bayaq bizim dostumuz deyir ki, olsun qara iş görsün də. O necə karyera quracaq? Əmək kitabçasında yazılacaq ki, daydaylı adamın işgörəni.

Şahin Seyidzadə:
Mən razılaşıram ki, bu problemlər var. Siz siyasətlə məşğul olursunuz, bu problemi həll edin. Biz gənclər təşkilatı bu istiqəmətdə işimizi görürük.

Tural Abbaslı:
Baxın, bu gün biz hakimiyyətin bu siyasətini qınamırıqsa, tənqid etmiriksə, hökumət özünü rahat hiss edəcək. Məsələn, iki nəfər tənqid edir, iki nəfər də tərifləyir. Sabah Avropaya çıxardanda da deyir ki, baxın ikisi tərifləyir, ikisi də tənqid edir. Amma dördü də tənqid edəndə artıq hakimiyyət fikirləşməyə başlayacaq. Yaxşı əgər iş yerləri varsa, bu qədər kasıbçılıq, yoxsulluq hardandır? Rayonlarda bizim yaşlarda gənclər qalmayıb. Ya Bakıda , ya Türkiyədə, ya da Rusiyada fəhlə işləyir. Rauf bəy dediyi kimi, biz könüllü tapa bilmirik işləməyə. Mən də tapa bilmirəm Bilirsiniz niyə? Çünki o bilir ki, işləməsə, ailəsi ac qalacaq. Diplom əlində fəhləlik edir. 100 manat maaş verəsən o adama, yol pulunu və çörək pulunu da verəsən. Həmin adam qərargahda gəlib yatar. O istəyir ki, siyasi fəaliyyətlə məşğul olsun. Bu gün mən Azərbaycanın ən böyük partiyasının divan üzvüyəm. Siyasi partiyalar demokratiyanın dayağıdır. Bu işlə də kimsə məşğul olmalıdır. Siyasi partiyaların fəaliyyətini hakimiyyət dərnək səviyyəsinə gətirib salıb. Sabah mən ailə həyatı qursam, məcbur olacam ki, ailəmə baxım. Mən də məcburən siyasətdən gedəcəm. Və mən getdim , başqaları getdi. Siyasətlə kim məşğul olacaq?

Şahin Seyidzadə:
Siz siyasətlə məşğul olursunuz?

Tural Abbaslı:
Mən fədakar siyasətlə məşğulam.

Şahin Seyidzadə:
Biz də gənclərin maarifləndirilməsi ilə məşğul oluruq. Biz istəyirik ki, gənclər uğurlu olsun.

Tural Abbaslı:
Bəxtiyar Hacıyevi yəqin ki, tanıyırsınız. Sizin xaricdə təhsil almış tələbələrinizdəndir. Onunla eyni həbsxanada idik. Bilirsiniz, o da sizin kimi gözəl danışırdı. Amma o reallıqlar Azərbaycan reallıqları deyil. Burada başqa qanunlar işləyir. Bu çox vəhşi bir sistemdir. Biz deyirik ki, gənclər olaraq bu məsələləri açıq diskussiya edək, qorxmayaq. Mənim qardaşım yeddi il İran səfirliyində işləyib. Amma bu gün ona iş vermirlər. Niyə? Turalın qardaşıdır deyə. Hətta özəl şirkətlər belə. Yaxud bizim müsavatçılar işə qəbul olunanda öz siyasi fəaliyyətlərini gizlədirlər. Biz ümumiyyətlə işsizlərin işsiziyik.

Şahin Seyidzadə:
Siz gəncləri öz ətrafınızda birləşdirə bilirsiniz?

Tural Abbaslı:
Təbii ki.

Şahin Seyidzadə:
Mən çox şadam ki, siz gəncləri birləşdirə bilirsiniz. Sizin o missiyanız var. Bizim isə gənclər təşkilatı olaraq missiyamız onları maarifləndirməkdir. Bizim mövqeyimizdə sizin mövqeyinizə ziddiyyət yoxdur. Siz dövlətdə, iqtisadiyyatda hansı problemlərin olduğu ilə məşğulsunuz. Siz bunu inkar edə bilməzsiniz. Necə ki, mən sizin mövqeyinizi...

Tural Abbaslı:
Bu belə də olmalıdır. Bilirsiniz, dövlət nə deməkdir? Prezident orada and içəndə dedi ki, o hər bir vətəndaşın prezidenti olacaq. Savadlı, tənbəl, axmaq bunların hamısı bizim cəmiyyətdir. Tənbəldir, deyək ki, öl acından. Yaxşı, mənim dediyim solçuluğa yaxındırsa, onda bu günki hakimiyyət nasist ideologiyaya sahibdir. Ayrı irq var.

Şahin Seyidzadə:
Maarifləndirmədə siyasi mövqe varmı?

Tural Abbaslı:
Təbii ki, var.

Şahin Seyidzadə:
Biz elementar hər bir gənci maarifləndiririk ki, get CV yaz . Biz onun partiyasını soruşmuruq. Hansı gənc deyə bilər ki, mən içtimai təşkilata getdim. Hansı partiyaya məxsus olduğumu deyəndən sonra mənə tədris vermədilər.

Tural Abbaslı:
Kifayət qədər deyə bilərəm. Hətta bu gün Nigar Yaqublu həbs olunub. Onun mətbuat kofransını keçirməyə zal da vermirlər.

Şahin Seyidzadə:
Gənc gəlir təşkilar təlim keçir, sertifikatını alır. Bu pis şeydirmi? O sabah siyasətçi, iqtisadçı ola bilər.

Tural Abbaslı:
Onda sizə sual verim. Maarifləndirəndə hansı meyarları əsas götürürsünüz?

Şahin Seyidzadə:
CV yazmaqda, müsabiqədən keçməkdə, iş axtarmaqda.

Tural Abbaslı:
Hansı kriteriyalar standartlar əsasında bunu edirsiniz? Avropa, ya Amerika?

Şahin Seyidzadə:
Maarifələndirmək üçün müxtəlif ədəbiyyatlar var. Hər bir gəncə təkan vermək ki, gəlsin siyasi mövqeyini göstərsin, bu düzgün deyil. Kimisi iqtisadçı, biznesmen, menecer olmaq istəyir. Mən şadam ki, Tural kimi adam var. Nöqsanları göstərir. Amma Tural da sevinməlidir ki, belə bir təşkilat var, siyasi mövqeyindən asılı olmayaraq gəncləri maarifləndirir. Mən bu gün debat gəlmişəm ki, bir təşkilatın rəhbəri kimi öz mövqeyimi bildirim. Mövzu gənclərin işsizliyidir.

Tural Abbaslı:
İşsizliyin səbəbləri...

Şahin Seyidzadə:
Bəli, səbəbləri. Siz siyasi səbəblərini deyirsiniz. Mən də bir ekspert kimi gənclərin karyera planlaşdırması, karyerasının inkişafı, CV yazmaq, CV-də şəklin düzgün standartlara uyğun yazılması. Nəyə görə iki e.mail, iki nömrə olmamalıdır və.s. Nəyə görə iki mobil olmamalıdır.

Tural Abbaslı:
Düzəlib hər tər yarağımız, qalıb saqqal darağımız.

Şahin Seyidzadə:
CV doldurmaq insanlar üçün vacibdir.

Tural Abbaslı:
Biz sizi tənqid etmirik, hökuməti tənqid edirik.

Şahin Seyidzadə:
Edin, mən sizə nə deyirəm ki?

Qadir İbrahimli:
Şahin müəllim, siz düz deyirsiniz. Yəni ki siz hansısa istiqamət, komponentlə məşğulsunuz. Bu normaldır. Tural da haqlıdır ki, daha çox məsələyə siyasi yöndən yanaşır. Çünki siyasətlə məşğuldur. Mən istərdim ki ,mövzudan uzaqlaşmayaq. Söz yox ki, bütün işlər sonda siyasətə gedib çıxır. Biz ekspertlər səviyyəsində söhbət edəndə daha çox siyasətdən qaçırıq. Mən təbii ki, siyasi baxımdan məsələyə yanaşa bilərəm. O baxımdan mən müstəqil adamam. Azərbaycanda konseptual baxımından hələ ki, məsələ ortalığa qoyulmayıb. İkincisi, Azərbaycanın biznes mühitində real rəqabətin olmaması işsizlik probleminin bu həddə qədər gəlməsinə gətirib çıxarıb. Normal statistika olmalıdır. Dövlət iş yeri açmır. Bazar iqtisadiyyatı şəraitində iş yerlərini özəl şirkətlər açır. Dövlət həmin iş yerlərinin açılması üçün zəruri şəraiti təmin etməlidir. Vergi faizlərini aşağı salmalıdır, lazım olsa güzəştli şərtlərlə kredit verməlidir. İstənilən ölkədə işsizlik bir mənalı şəkildə tam həll olunan məsələ deyil. Mən Avropa ilə əlaqə saxlayıram. Bir dostumdan xahiş etdim ki, ordakı bomojlar haqqında məlumat toplasın. Mənə qəribə gəlir ki, Avropa dəyərlərinə görə bir insan necə bomoj ola bilər? O mənə dedi ki, Avropada bomojlar ümumiyyətlə işləmək istəmirlər. Hətta orada QHT-lər onlara ev vermək istəyəndə onlar bunu əqidələrinə zidd hesab edirlər. Onlar da işsiz sayılır. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov dedi ki, biz çalışacağıq ki, Azərbaycanda yoxsulluq səviyyəsini sıfıra endirək. Onda başa düşdüm ki, mən ölə bilərəm. Məsələn, Böyük Britaniya kimi dövlətdə yoxsulluq həddi 17 faizdir. Britaniyada yoxsulluq meyarı odur ki, tutaq ki, sən ən bahalı universitetdə təhsil ala bilmirsənsə, sən yoxsul sayılırsan. Biz də deyirlər ki, məsələn, sən adambaşına 100 manat qazanmısansa, artıq yoxsul deyilsən. Orta təbəqəsən. Bizdə yoxsulluq qida rasionunun həcminə görə götürülür. Ancaq Avropada səhiyyə, təhsil xidmətlərinə əl çatanlıqla ölçülür. İşsizliyin də müxtəlif formaları var. Bəzi insanlar işləyir, amma onlar işsiz sayılır. Tutaq ki, mən məcburiyyət qarşısında işləyirəm. 100 manat maaş alıramsa, daim yeni iş yeri axtarışında olacam. İşsizliyin elmi kateqoriyası çox genişdir. Bu geniş şəkildə öyrənilməlidir. Çox təəssüf ki, bu bizdə hələ də öyrənilməyib. Məşğulluq institutu formalaşmayıb. Gənclərin yüksək maaş istəməsi onların hüququdur. Elə bil rəqabət mühiti ola bilər ki, o bir ay işlədikdən sonra öz real dəyərini müəyyənləşdirə bilər. Məsələn, bu gün dövlət müəssisələrində sınaq müddəti deyilən anlayış var. Bu müsbət bir şeydir. Əvvəl sınaq müddətində 300 manat alırsan, sonra 600 manat, daha sonra məvacibin qalxır.

Şahin Seyidzadə:
Bunlar motivasiya sistemləridir. Motivasiya sisteminin tətbiq edilməsi mütəxəssislərin özlərindən də asılıdır. Bunların hər birinin zamanı var. Bu gün Azərbaycanda heç bir institut yoxdur “HR” mütəxəssisi yetişdirsin.

Tural Abbaslı:
Bu gün Azərbaycanda iş yeri yoxdur ki, motivasiya sistemləri də olsun. Xaç atası filmində soruşurlar ki, o necə oldu ki, işi qəbul etdi? Deyir ki, mən ona imtina edə bilməyəcəyi təklif etdim.

Qadir İbrahimli:
Bu motivasiya sistemləri dövlətdən kənar da yarana bilər. Məsələn, bu gün bizdə Araz kursları var. Kifayət qədər yüksək ödəniş var. Yaxşı da təhsil verir. Bunlar özəl şirkətlərdir. QHT-lər də bunları formalaşdıra bilər.

Şahin Seyidzadə:
Özəl şirkətlərdə də bu yaranır. Dövlət buna diqqət yetirməlidir. Hələ ki, bu diqqət yoxdur. QHT sistemində bunun yaradılması avtomatik baş verir. QHT-lərə daim axın var. Hər bir zamanın da özünün məqamı var. Biz heç bir halda bu gün “HR” beynəlxalq standartlarına keçə bilmərik. Mümkün deyil. Buna zaman lazımdır. Proses getdiyi zaman siz qeyd etdiyiniz məqamlar formalaşdığından bunlar yaranacaq. Biz istəyirik ki, hər şey ideal olsun. Amma bu idealın özünün də siyasi mexanizmi işləsə, insani faktoru da var.

Tural Abbaslı:
Onda sizə ehtiyac olacaq. Məncə, Şahin bəy diskussiyaların növbəti mərhələsində dəvət olunmalı idi. Çünki o iş yerləri artıq var. Qalır, o iş yerlərinə müraciət problemi, motivasiya problemləri. Ona görə də bizim onunla sözümüz tutmur. Çünki onun işi iş yerlərini, CV təqdim etmək, iş axtarma texnologiyalarını öyrətmək və.s CV doldura bilmirsən deyə, Azərbaycanda iş yeri yoxdur?

Şahin Seyidzadə:
Tural, mən sizinlə razı deyiləm. İnsanın karyerasını düşünməsi, özünü işsizlik statusundan artıq işləyən şəxs statusuna keçirməsi də bir mexanizmdir. Hər hansı bir inkişaf aşağıdan yuxarı və ya tərsinə olur. Sizin mövqeyinizdə yuxarıdan aşağıya sistemin işləməsi göstərilir. Mən də demirəm ki, o olmamalıdır. Mən deyirəm ki, aşağıdan yuxarıya sistem işləməlidir əlavə olaraq. İdeal vəziyyət o zaman olacaq ki, bu aşağıdan kifayət qədər yetişib, öyrənib, tətbiq edib və aşağıdakılar da buna kifayət qədər hazırdır.

Tural Abbaslı:
Bir çox dövlətlərdə beyin axını deyilən anlayış var. Yəni orada artıq sizin dediyiniz mütəxəssislər yetişib. Məsələn, Türkiyənin özündə də belələri var. Amma onlar Türkiyədə işləmirlər. Amerikada işləyirlər. Çünki sizin o dediyiniz yuxarıdan olan sistemə hazır deyil. Deməli, burada əsas məsələ mənim dediyim kimidir. Yəni iş yeri olmalıdır. Azərbaycanda diplomu ona görə alırlar stolun altına qoyasan, ya da qızına cehiz verəsən.

Şahin Seyidzadə:
Diplomla bağlı qısa remarka verim. Valideynlər ali təhsildən narazıdırlar. Amma buna baxmayaraq arzu edir ki, onun övladı ali məktəbə daxil olsun. Paradoksa baxın. O aşağıdan yuxarıya işləyir yuxarıdan aşağıya deyil.

Qadir İbrahimli :
4 ildə hər il 2000 manat ödəyir ki, uşağı keyfiyyətsiz təhsil alsın.

Şahin Seyidzadə:
Bəli,məsələ orasındadır ki, mən demirəm ki, yuxarıdan aşağıya inkişaf olmasın. Sizin funksiyanız dəyişikilyi yuxarıdan aşağıya etməkdir. Bu da qəbul olunandır. Alqışlayıram. Gənclərin maarifləndirilməsi ilə məşğul olan şirkətlərin funksiyası isə aşağıdan yuxarıya maarifləndirməkdir. Sizin tətbiq etdiyiniz sistemlə bizim toqquşanda ideal vəziyyət yarana bilər.

Qadir İbrahimli:
Əslində Şahin bəyin dediyində bir həqiqət var. Bu gün Azərbaycanın iqtisadi sektorunda kifayət qədər özünü təsdiqləmiş kadrlar var. Bunlar artıq kadrdır. Gələcəkdə hansısa proseslər nəticəsində onlar da dövlət idarə etməsinə cəlb oluna bilər. Kifayət qədər savadlı insanlar var. Sadəcə olaraq onlar cəmiyyətə kadr kimi təqdim olunmayıblar. QHT-lərin imkanları var ki, həmin insanları cəmiyyətə kadr kimi təqdim etsin.

Günel Türksoy:
Son olaraq işsizlik problemindən çıxış yolları haqda fikirlərinizi bildirin:

Rauf Mərdiyev:
İşsizlik hər dövrlərdə olub. Bu gün də olacaq. Əsas bunun qızıl ortasını tapmaqdır. İnsanlar özlərini rellaşdıra bilsinlər. Bu ikitərəfli prosedir. Həm iş axtaranlar, həm də işverənlər tələblərə uyğun olmalıdır. Son illərdə baş verənləri nəzərdən keçirtdikdə görürük ki, dövlət tərəfindən bu istəklər var. Həyata keçirilən layihələr var. Dövlət proqramları, açlan iş yerləri var. Eyni zamanda biz gənclərin də inkişaf etdiyini görürük. Onlar sərbəst şəkildə dil kurslarına gedirlər. İnsanlar özlərinə investisiya qoyur. Sadəcə, bizim üzərində çalışacağımız məsələ bu inkişafın daha sürətli templə getməsidir. Burada bütün tərəflər məsələyə eyni şəkildə yanaşmalıdırlar. Zaman ötdükcə biz nəyisə əldə edə bilmiriksə, o bizim itirdiklərimizin sırasına yazılır. Və cəmiyyətdə gənclərin fikirlərinin dəyişdiyinin şahidi oluram.

Şahin Seyidzadə:
Mənim fərdə çox böyük inamım var. Hər bir şəxs öz üzərində kifayət qədər işləməlidir ki, ondan nə asılı olduğunu bilsin. Əgər Tural siyasətə təsir edə bilirsə, bu onun seçimidir. Əgər kimsə prosesə təsir edə bilmirsə, onun iştirakçısıdırsa, ona qalır öz üzərində işləmək. Gənclərin işsizliyi onların özlərindən də asılı olduğu üçün hər bir fərdin burda öz rolu var.

Tural Abbaslı:
Rauf və Şahin bəyin dedikləri ilə qisməın razıyam. Təbii ki, o templər olmalıdır. Fərdlər öz üzərlərində işləməlidir. Burda hərənin öz üzərinə düşən faiz dərəcələrinə baxaq. Tutaq ki, bir insan acdırsa, birinci ona yemək vermək lazımdır. Nəinki ona Nokia telefonu almaq. Burada daha çox vətəndaşınmı, dövlətinmi, QHT-lərinmi üzərinə vəzifə düşür? Monopoliyanın əsas yaradıcısı hökumətdir. Deməli, hökumətin dəyişdirilməsi bu məsələdə həlledici rol oynayacaq. 5000 mütəxəssis özünə investisiya qoyub yetişdi. Sabah onun 1000-ni iş tapacaq. Bəs 4000-nü necə olacaq? Bir çox holdinqlərin özlərinin kursları var. Bizim insanların adaptasiya olmaq problemləri yoxdur. Tutaq ki, Azərbaycanda 100 adamdan 1-nə kompyuter düşürsə, bu insan necə özünü yetişdirməlidir? Bu işləri dövlət həyata keçirməlidir. Bunun üçün də mübarizə lazımdır. Napalyon soruşur ki, toplar niyə atmır? Deyirlər, min səbəbi var. Biri barıtın olmamasıdır. Napalyon cavab verir. Başqa səbəbə artıq ehtiyac yoxdur. Əgər bu gün bizdə Əliyevlər rejimidirsə,maraqlı deyil kadr var ya yox. Yəni iş yeri olmayacaq. Bu qədər bəsit.

Qadir İbrahimli:
Sağlam və işlək rəqabət mühiti, dəqiq statistika və bu statistikadan çıxış edərək dövlətin məşğulluq siyasətini yönləndirməsi. Bu halda problemin elmi şəkildə əsaslandırılnası və onu sistemli şəkildə həlli edilməsi. Yekunu optimist notlarla bitirmək istəyirəm. Azərbaycanda kifayət qədər peşəsini bilən kadrlar var. Azərbaycanın sərvəti neft deyil. Alim potensialıdır.İnsan resursuna kapital qoyulanda daha çox effekt verir. Heç bir dünya ölkəsində Azərbaycan alimlərinin əsərlərinə istinad olunmur. İstinad olunmursa, demək elm yoxdur. Hökumətə təklif edirəm ki, neft pullarını insan amilinə yatırsın. Azərbaycan hələ ki, o baxımdan Şərq yolunu tutub. Bu məsələlər həll olunsa, debatın mövzusu olan gənclərin işsizlik problemi də öz həllini tapacaq.

Günel Türksoy
Debat “Qızılbaş” GMİB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar” layihəsi çərçivəsində hazırlanıb.