Hörmətli nazir, uşaqlar necədir?

hormetli-nazir-usaqlar-necedir
Oxunma sayı: 826

Raminə Eyvazqızı

H. Z. Tağıyev Bakıətrafı ərazilərdə təmiz su olmayanda Şollar suyunu çəkdirdi. Kişi, hərdən sənin o ürəyindəki insan sevgisini qınayıram. İşin-gücün yox idimi?! Pulunu qoymağa  yer tapmayanda düşmüsən məktəb, su borusu, teatr dalınca. Başa düşürük, ölüm düşüncələri səni vadar edib, ad qoyub xidmət göstərmisən ki, unudulmayasan. İndi sənin ruhuna fatihə oxumağa da macal vermirlər. Adınla bağlı yerlərdə şəxsiyyətinə yaraşmayan vəziyyətlər çıxır ortaya. Xaçmazda guya, bilinmədən büstün zibilxanaya atılır, soyadını daşıyan tikiş fabriki (toxuculuq kombinatı) xarabaya çevrilir. Nə isə. 

Dünən zəhərlənən uşaqların yaşadığı yerlərdən biri də Tağıyev qəsəbəsi idi. Həmin təmiz su dərdinə düşmüş Tağıyevin. Xəbəri hər kəs ürəyi istəyən kimi işlədi. Amma burda bir məqam var. Üç gündür ki, ailələr qəsəbələrdən xəstəxanaya uşaq daşıyır, amma biz dünən bilirik bu məsələni. “Vəziyyəti şişirtməyin” deyənlərə, xəstəxanalara baş çəkən həmkarlarım fotoşəkillərlə cavab verdilər. Sudan zəhərlənmə faktı da o qədər qəribə səslənir ki,.. Vəziyyət erməni ilə sərhəd tərəfdə olsaydı, mütləq düşməni təqsirləndirərdik. Baxmayaraq ki, ora camaatımızın nə ilə zəhərlənə biləcəyi faktından belə xəbərimiz yoxdur.  

Bu gün qəsəbələrdə 100-dən çox uşağın həkimə baş çəkməsi zarafat ola bilməz! Baxmayaraq ki, hələ də zarafata salıb məsələnin dərinliyinə gedilməyib. “Azərsu” ötən axşam H. Z.Tağıyev qəsəbəsindəki su nümunələrini yoxladıqdan sonra cavabını verdi. Tağıyevin adına çirkli su yaraşmazdı! “Suda problem yoxdur” bəyanatı bir qədər məntiqlidir, çünki çiy suyu uşaqlardan çox, böyüklər içir. Xəstəxanalıq olan qrup isə 2-7 yaşlı uşaqlardır. İndi əsas məsələ Səhiyyə Nazirliyinin belə kritik vəziyyətdə bazar günü istirahətini yaşamasıdır. İstirahət günü laboratoriyalar işləmir yəqin. Deyəsən, hirsimizdən gülməliyik. Maraqlıdır ki, nazirlik operativ işin əksinə məsələyə “zəhərlənmə” diaqnozunu belə qoymur. Bu boyda uşağın qan nümunələrinin cavabını yoxlamaq, pediatr, infeksionist həkim komandalarını xəstəxanaya gətirib vəziyyəti yerindəcə araşdırıb rəy vermək bu qədər çətindirmi? Bunun üçün bir həftə möhlət nə deməkdir ki? Hanı o mükəmməl tibbi texnikalar, müasir laboratoriyalar? Niyə dinmirsiniz? Gigiyena  və Epidemiologiya Mərkəzləri vəziyyətə epidemioloji qiymət verməlidir axı. Bildiyimə görə, ölkəmizin Sanitarariya- Epidemioloji Salamatlıq haqqında Qanunu var. Salamatlıq ha. Qanun pozanlar, bəlkə ölkəyə türkiyəli, əcnəbi həkimi yığmaqla vəziyyətə elə onların qiymət verməyini gözləyirsiz? Hərə bir söz deyir. Olmaya o uşaqlar yad balasıdır? Biz heç bir fövqəladə hala hazır deyilik! 

Hə, bir də onu xatırladım. Hamı elə bilir zəhərlənmə həmişə özünü dərhal göstərir. Ölkədə insanları yavaş-yavaş zəhərləyən, öldürən o qədər məhsul, qida, içki var ki. Bunun nə hesabını edən var, nə də satdıranın cəzasını. Sağlıq olsun, görərik!