Humay Qədimova “Səndən nigaranam”a “Ramanı qalası”nda klip çəkdirdi...

humay-qedimova-senden-nigaranama-ramani-qalasinda-klip-cekdirdi
Oxunma sayı: 1108

Azərbaycanın simli alətlər üzrə tanınmış ifaçısı Humay Qədimova növbəti yeniliyə imza atıb. İfaçının mətbuat katibi Ülkər Rəşidqızının “Qafqazinfo”ya verdiyi məlumata görə, milli musiqi alətimiz olan tarın mahir ifaçısı olan Humay yeni klip çəkdirib. Bu dəfə Humay yerli radio dalğalarında səslənən və dinləyicilər tərəfindən bəyənilən bəstəkar Kamalın “Səndən nigaranam” mahnısını ekranlaşdırıb. Qeyd olunan mahnı ilk dəfə olaraq instrumental ifada tamaşaçıların ixtiyarına veriləcək.

Klipin çəkilişləri ötən həftə baş tutub. Hazırda montaj prosesində olan musiqi nömrəsinin çəkilişləri XIV əsrə aid olan Ramanı kəndində yerləşən “Ramanı Qalası”nda və Bayıldakı 16 mərtəbəli binanın çardağında aparılıb.
Klipin rejissoru Rüfət Nəzərli, operatoru Anar Məmmədov, montajçısı isə Namiq Əlioğludur. Klipdə Humay Qədimovanın üslubu ilə stilist Anar Ağakişiyev məşğul olub.
Humayın “Səndən nigaranam” klipində 2D və 3D effektləri də olacaq. Rejissor bildirib ki, bu ekran işi rəng effektlərinə görə digər işlərdən fərqlənəcək. Klipin yerli televiziya kanallarında nümayişi nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, bu Humay Qədimovanın ikinci klipi hesab olunur. İfaçının ilk klipi İbrahim Tatlısəsin “Hadi-hadi” mahnısının instrumental versiyasına çəkilmişdi.

Nigar Məmmədli